Nəsirəddin Tusinin anadan olmasının 825 illiyi münasibətilə
Nəsirəddin Tusi bəşər elminə misilsiz töhfələr vermiş dahi şəxsiyyətdir. Onun ensiklopedik yaradıcılığı yaşadığı dövrün elm aləmini zənginləşdirməklə yanaşı, zamanın sərhədlərini aşaraq elmin və hikmətin parlaq siması, günəşi kimi tarixdə əzəmətli bir mövqe tutmuşdur.
Mötəbər mənbələrdə böyük Azərbaycan filosofunun, ensiklopedik alimin künyəsi, ləqəbi, adı, atasının adı, babasının adı və nisbəsi belə verilir: Əbu Cəfər Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi. Əbu Cəfərlə yanaşı Əbu Abdulla künyəsinə də rast gəlinir. Bu künyələr ya müstəqim mənada Cəfər və Abdullanın atası olmağı göstərir, ya da Məhəmməd adının əvəzedicisidir.
Nəsirəddin Məhəmməd Tusi Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda təvəllüd tapdığı üçün Tusi (ət-Tusi) nisbəsi ilə tanınmışdır.
Filosofun doğum tarixinə gəldikdə, bu barədə müxtəlif məlumatlar mövcuddur. Lakin mənbələri və tədqiqat əsərlərini tutuşdurub bu qənaətə gəlmək olur ki, Nəsirəddin Tusi şənbə günü 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə anadan olmuşdur.
Alim ziyalı mühitində böyümüş, atasından və dayısından təhsil almış, sonra Xorasana getmiş və orada dövrün məşhur alimlərinin mühazirələrini dinləmişdir.
Nəsirəddin Tusinin milli mənşəyindən bəhs edərkən İbn əl-Füvətinin mütəfəkkirdən danışarkən qeyd etdiyi bir fakt xüsusi əhəmiyyət daşıyır. O yazır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Azərbaycan alimi Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir.
Nəsirəddin Tusi nüfuzlu şəxs, böyük alim, müdrik ictimai-siyasi xadim, möhtərəm vəzir olduğu üçün Xacə titulu ilə məşhurdur. Ona həmin mənada Mövla deyənlər də olmuşdur.
Nəsirəddin Tusi görkəmli alim kimi tanındığı bir vaxtda XIII əsrin iyirminci illərində Nasirəddin Möhtəşəmin dəvəti ilə Kuhistana getmiş, İsfahanda olmuşdur. Tarixçi Qiyasəddin Xandəmir bu barədə yazır: “Həmin ərazinin hakimi Nasirəddin Möhtəşəm lütf və kərəm qapılarını həmin əllamənin üzünə açdı”.
Türkiyəli alim Hilmi Ziya Ülkən ismaili məzhəbinin XIII əsrdə ən parlaq bir dövrü olduğunu xatırladarkən Xorasanda bu məzhəbə mənsub alimlərin toplandığını qeyd edir: “İsmaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi ətrafına da zamanın tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı alimlərini toplayırdı. Xoca Nəsir Tusi prinsip baxımından İsmailliliklə eyni əsldən olan İmami məzhəbindən olduğu üçün Nasirəddinin məclisinə qatılmaqda gecikmədi və orada çox yaxşı qarşılandı”.
Nəsirəddin Tusi sonra müəyyən narazılıq üzündən İsmaililər hökmranlığının iqamətgahı olan Ələmut qalasına salınmışdı. Əbdürrəşid Bakuvi Ələmut qalasının “Qəzvinlə Xəzər dənizinin arasında Rudbar nahiyəsində, dağ başında möhkəm bir qala” olduğunu yazmışdı. Tarixi mənbələrdə bu narazılığın səbəbini filosofun Abbasi xəlifəsi Müstəsimə qəsidə yazması ilə əlaqələndirirlər. Tarixçi Qiyasəddin Xandəmir bu barədə yazır: Nəsirəddin Tusi “Müstəsim xəlifənin mədhində ərəbcə qəsidə nəzmə çəkib Bağdada göndərdi. İbn Əlqəminin ovqatı təlx oldu. Həmin qəsidəni Nasirəddin Möhtəşəmə qaytardı. Yazdı ki, Mövlanə Nəsirəddin yer üzünün xəlifəsi ilə məktublaşmağa və yazışmağa başlayıb. Sən bu təhlükədən qafil olma. Bu böyük işi hesaba al. Nasirəddinə bu xəbər çatanda Xacəni həbs etdirdi. O, Əlaəddin Məhəmmədin (1221-1255) yanına Ələmut qalasına – Xoşbəxt qalaya gedən vaxt həmin cənabı da apardı”.
Nəsirəddin Tusi Ələmut qalasında olan zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olur. Lakin filosofa qaladan kənara çıxmaq qadağan edilir və o burada bir növ sürgün həyatı keçirir. Alim qalada olarkən İbn Sinanın “İşarələr və qeydlər” kitabına şərh yazmışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov qeyd etmişdir ki, Nəsirəddin Tusi İbn Sinanın “İşarələr və qeydlər” kitabına yazdığı şərh üzərində iyirmi ilə yaxın işləmiş və onu 1246-cı ildə tamamlamışdır. Müəllif bu şərhi ağır şəraitdə Ələmut qalasında bir növ həbsdə olarkən qələmə almışdır. Mütəfəkkir kitabın sonunda göstərmişdir: “Onun hissələrinin çoxunu ən çətin vəziyyətdə yazmışam, əksəriyyətini ürəkbulandırıcı bir müddətdə tərtib etmişəm. O zamanların hər çağı qüssə, üzücü əzab, təəssüf və böyük həsrətlə dolu idi. O yerlərdə hər an cəhənnəm odu yanır, üstündən qaynar su tökülürdü. Heç vaxt gözlərim yaşsız, ürəyim kədərsiz olmurdu. Dərdim dəmbədəm çoxalır, qayğı və qəmim artırdı”.
Rüknəddin Xurşah 31 dekabr 1255-ci ildə atası Əlaəddini öldürdükdən sonra onun yerinə keçir. Bu ərəfədə monqollar Hülakü xanın başçılığı ilə yeni torpaqlar zəbt etmək üçün İsmaililər dövlətinin yerləşdiyi Şimali İranı mühasirəyə alırlar. Monqol xaqanı Hülakü xan 1256-cı ildə Ələmut qalasını tutub İsmaililər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Nəsirəddin Tusi azad olur. Hülakü xan bu qələbəsindən sonra Bağdada yürüş etməyə qərar verdi və 1258-ci ildə (hicri 656) şəhəri fəth edərək xəlifə Müstəsimi (1242–1258) öldürdü. Bu hadisə ilə Abbasilər sülaləsinin 500 ildən artıq davam edən hakimiyyətinə son qoyuldu.
Monqol hökmdarları alimlərə böyük rəğbət bəsləmiş, elm və mədəniyyətin inkişafına xüsusi diqqət yetirmişlər. Nəsirəddin Məhəmməd Tusinin başçılığı ilə Marağa şəhərində inşa edilmiş rəsədxana buna parlaq misaldır. Belə ki, Marağa rəsədxanası təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrində böyük elmi-mədəni hadisə idi. Bununla da Nəsirəddin Tusi 1259-cu ildə təsis etdiyi Marağa rəsədxanasına görə bəşər elminin inkişafında misilsiz xidmət göstərmişdir.
Marağa rəsədxanasında aparılan elmi tədqiqatların sonrakı əsrlərdə elmin inkişafına böyük təkan verdiyini bildirən professor Həbibulla Məmmədbəyli rəsədxanada görülən çox dəyərli elmi işlərdən birinin coğrafi koordinatlar cədvəlinin tərtib edilməsi olduğunu qeyd etmişdir: “Zic Elxani”də 256 şəhərin coğrafi enlik və uzunluq koordinatları verilmişdir. Bu cədvəl XIII əsrdə Azərbaycan alimlərinin coğrafi biliklərinin yüksək səviyyədə olduğunu göstərir. Cədvəlin coğrafiya elminin inkişafında böyük və Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyəti olmuşdur.
Rəsədxanada çalışan alimlər astronomik müşahidələr aparmaqla, rəsədxana işlərində çalışmaqla yanaşı bütün elm sahələrində dərin tədqiqatlarla da məşğul idilər. Zakir Məmmədov bu barədə yazmışdır ki, 1266-cı ildə Nəsirəddin Tusinin yanına gəlib, Marağa rəsədxanasında işləyən azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Salmasi kağızı həll edib alınan xəmirdən alətlər və cihazlar düzəldirmiş.
Zakir Məmmədov mənbələr əsasında sübut etmişdir ki, Kəriməddin Salmasi rəsədxanada içiboş Yer kürəsi modelini hazırlamış, onun üzərində iqlimlərin təsvirini vermişdir. Əlbəttə, bu coğrafi qlobus idi. Halbuki elm aləmində elə hesab edirlər ki, ilk coğrafi qlobus alman coğrafiyaçısı və səyyahı Martin Böhaym (1459-1507) hazırlamışdır.
Nəsirəddin Tusi insanlara əlindən gələn yaxşılıqları etməklə onları hökmdarın qəzəbindən qorumuşdur. Humanist filosof həmişə günahsız dustaqların azad edilməsinə çalışmışdır. Bir mənbədə deyilir ki, tarixçi Əlaəddin Cüveyni Hülakü xan tərəfindən məhkum edildiyi ölüm cəzasından məhz onun sayəsində xilas ola bilmişdir. Bağdadda monqolların əsir götürdüyü İbn əl-Füvətinin və onun qardaşı Bədrəddin Əbdülvəhhabın xilası da bu qəbildəndir. Bütün bunlar filosofun xeyirxahlığından xəbər verir. Nəsirəddin Tusi “Nasir etikası” (“Əxlaqi Nasiri”) və b. əsərlərində təbliğ etdiyi yüksək insani xasiyyətlərə ilk növbədə özü əməl etmişdir.
Nəsirəddin Tusi 25 iyun 1274-cü (18 zülhiccə 672) ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissəlamın türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazımeyndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazımeyn (İki Kazım) adlanmışdır.
Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).
Nəsirəddin Tusinin vəfatı ağır itki kimi elmi ictimaiyyəti sarsıtmışdır. Bundan təsirlənmiş Fəzlüllah Rəşidəddin yazırdı:
Onun ölümü ilə fəzilətlər və elmlər öldü,
Qoy fəzilətlər və elmlərdə salamatlıq olsun!
“Fəzilətlər və elmlərin salamatlığında” Nəsirəddin Tusinin xidməti misilsizdir. Onun yaratdığı Marağa rəsədxanasının alimlərinin sorağı zaman keçdikcə Təbriz rəsədxanasından, Səmərqənd rəsədxanasından, Pekin rəsədxanasından gəlməyə başladı. Elmi-fəlsəfi əsərləri isə sonrakı alimlər, filosoflar üçün örnək oldu.
Nəsirəddin Tusi dini və dünyəvi elmlərə dair qiymətli traktatlar yazmış, peripatetik elmləri ardıcıl müdafiə etmiş, elmlərin təsnifatını öz təbiətşünas, məntiqçi sələflərinin təliminə uyğun olaraq vermiş, onların sistemlərini əsaslandırmışdır. Bununla yanaşı, Azərbaycan filosofu dünyəvi elmləri fanatik, ortodoksal islam ideoloqlarının yersiz hücumlarından qorumuş, elmlərin təsnifatında mühüm yer tutan hər bir sahəyə öz töhfəsini bəxş etmişdir.
Qeyd etmək lazımdır ki, görkəmli filosofların məşhur traktatları əsasında yaradılmış şərh ədəbiyyatı XIII əsrdən başlayaraq daha artıq dərəcədə genişləndirilmişdir. İbn Sinanın “İşarələr və qeydlər” (“əl-İşarat va-t-tənbihat”) kitabı şərh ədəbiyyatının bariz nümunələrindəndir. Böyük alim bu əsəri ömrünün son çağlarında qələmə almışdır.
İbn Sinanın “İşarələr və qeydlər” kitabı müxtəlif dövrlərdə filosof və mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Şərhçilərin bu kitaba münasibəti müəyyən mənada onların fəlsəfə tarxində tutduqları mövqeyi ifadə edirdi. Mütəkəllimlər (sxolastlar) bu qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə tərəfində durur, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin Razinin və filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqamətlərini təmsil edirdi.
Fəxrəddin Razinin yaradıcılığında hüquq və sxolastik ilahiyyat aparıcı mövzu olmuş, fəlsəfi məsələlər məhz həmin mövqedən nəzərdən keçirilmişdir. Bu baxımdan onun İbn Sinanın irsinə münasibəti səciyyəvidir. Fəxrəddin Razinin şərhində fəlsəfi müddəalar araşdırılıb aydınlaşdırılması əvəzinə dolaşdırılıb təkzib edilmişdir.
Maraqlıdır ki, Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda və ildə, yəni fevral 1201-ci (cümad əl-ula 597) ildə qələmə almışdır. Azərbaycan filosofu sonralar həmin şərhə qarşı özünün şərhini yazmışdır. Səlahəddin Səfədinin verdiyi xəbərə görə Nəsirəddin Tusi “İşarələr və qeydlər” kitabını İbn Sina məktəbinin davamçısı Əsirəddin Əbhəridən öyrənmişdir.
Nəsirəddin Tusi İbn Sinanın “İşarələr və qeydlər” kitabına həsr etdiyi şərhi “Problemlərin həlli” (“Həll əl-müşkilat”) adlandırmış və burada “İşarələr və qeydlər” əsərini yüksək qiymətləndirərək yazırdı: “İbn Sinanın əsərlərindən və kitablarından onun özünün adlandırdığı kimi “İşarələr və qeydlər” kitabı mətləblərə işarələri əhatə edir, mühüm məsələlərdən ibarət bəhslər üzərində qeydlərlə doludur, qiymətli daşlar kimi bütün gövhərlərə bərabər tutulur, əksəri dəqiq mənalar məcrasında axan kəlmələri əhatə edir, yığcam ibarələrə dair ecazkar bəyanatları, maraqlı sözlərlə gözəl olan xülasələri özündə toplayır”. Nəsirəddin Tusi Fəxrəddin Razinin “İşarələr və qeydlər” kitabına yazdığı şərhə öz münasibətini belə bildirmişdir: “Şərhi xeyirli olmuş böyük alim, dinin fəxri, nəzər əhlinin padşahı Məhəmməd ibn Ömər ibn Hüseyn Xətib Razi (Allah onun xeyir əvəzini versin!) onu şərh etmişdir,… əmanət qoyulanın axtarılıb tapılmasına araşdırmanın ən uzaq yolları ilə gəlib çatmışdır”.
Nəsirəddin Tusinin “İşarələr və qeydlər” kitabına yazdığı şərhdə İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri təəssübkeş islam ideoloqlarının hücumlarından cəsarətlə qorunmuş, inkişaf etdirilmişdir. Bu şərh sonrakı filosofların ciddi marağına səbəb olmuşdur.
Azərbaycan mütəfəkkiri elmi-fəlsəfi təlimlərdən panteizmə və işraqiliyə ciddi maraq göstərmiş, onların nəşət edib yayılmasına şərait yaratmışdır. Belə ki, peripatetik filosof sufizmin fəlsəfəsi ilə dərindən maraqlanmışdır. Azərbaycanda Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədovun bildirdiyi kimi, Nəsirəddin Tusi sufizmin panteist fəlsəfəsinin əsaslarını ifadə edən, sufi-fəlsəfi ədəbiyyatın şah əsərini – Eynəlqüzat Abdulla Miyanəcinin (1131-ci ildə 32 yaşında edam edilib) “Həqiqətlərin məğzi” (“Zübdət əl-həqaiq”) traktatını ərəb dilindən fars dilinə tərcümə etmişdir.
Zakir Məmmədov XII əsrdə dünyaşöhrətli Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdinin yaratdığı işraqilik fəlsəfi təliminin Nəsirəddin Tusiyə və onun şagirdlərinin yaradıcılığına böyük təsir göstərdiyini qeyd edərkən yazır ki, Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ etməklə kifayətlənməmiş, onlara dəyərli şərhlər qələmə almışlar.
Zakir Məmmədov Şihabəddin Sührəvərdinin əsərlərinin, xüsusən onun işraqilik fəlsəfəsinin Nəsirəddin Tusinin digər istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatın şah əsəri “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”) kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir.
Nəsirəddin Tusinin təbiətşünaslıq, astronomiya, riyaziyyat və s. dəqiq elmlərə dair traktatları bütün dünyada məşhurdur. Azərbaycan filosofunun fəlsəfə, məntiq, siyasət və etikaya dair traktatlarına gəldikdə, onlar lazımi səviyyədə yayılmış olmasa da, orta əsr fəlsəfə tarixinin qiymətli inciləridir.
Azərbaycan filosofu Nəsirəddin Tusi elmin müxtəlif sahələrinə dair qiymətli əsərləri ilə bəşər elmini zənginləşdirmiş dahi şəxsiyyətdir. Onun dünyagörüşü – fəlsəfəsi və etik, ictimai-siyasi görüşləri öz dəyərinə görə bütün dövrlərdə aktuallıq kəsb etmişdir. Alimin varlıq təlimi, idrak nəzəriyyəsi və məntiqi qədim və orta əsr filosoflarının, xüsusən Farabi, İbn Sina, Bəhmənyar və başqa Şərq peripatetiklərinin ideyaları zəminində yaranıb formalaşmışdır.
Ensiklopedik alim elmi fəaliyyəti ilə böyük nüfuz qazanmaqla yanaşı, dərs dediyi şagirdlərlə də tanınmışdır. Belə ki, onun Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə təhsil alan şagirdləri elmin müxtəlif sahələrində qiymətli əsərlər yazmaqla müəllimlərinin elmi yolunu davam etdirmişlər. Bu mənada Nəsirəddin Tusinin şagirdi və davamçısı, Marağa rəsədxanası nəzdindəki kitabxananın mühafizi İbn əl-Füvətinin (1244-1326) yaradıcılığı böyük maraq doğurur. 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır.
İbn əl-Füvəti Nəsirəddin Tusinin alimlərin elmi yaradıcılığına istiqamət verdiyini qeyd etmişdir. O yazır ki, Nəsirəddin Tusi 1262-ci ildə Təbrizdə olanda Əbdülvəhhab İbrahim oğlundan onun üçün astronomiyaya dair bir əsər yazmasını xahiş etmişdi. Əbdülvəhhab “Təzkirə” traktatını bu münasibətlə qələmə almışdır.
Nəsirəddin Tusinin yaradıcılıq yolu həm şagirdləri, həm də övladları – Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd tərəfindən də davam etdirilmişdir. Sədrəddin Əli atasının ölümündən sonra Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi.
Əsiləddin Həsən riyaziyatçı və şair kimi tanınırdı. H.Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan “Zic-i İlxani”nin bir nüxsəsi Əsiləddin Həsənin əlyazmasıdır. Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur.
Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasım Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir. İbn əl-Füvətidən tərcümədə o, səhvən Nəsirəddin Tusinin kiçik qardaşı kimi verilmiş, həmin səhv tədqiqatlardan bəzisində təkrarlanmışdır. Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci ildə Sivasda öldürülmüşdür. Cənazə Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur.
Mənbələrdə qeyd edilir ki, Əvhədi Marağayi “Dəhnamə” məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı ildə nəzmə çəkmişdir. Lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir.
Marağa rəsədxanasında çalışanlar və onun nəzdindəki məktəbdə təhsil alanlar Nəsirəddin Tusinin yaradıcılıq yolunu davam və inkişaf etdirmişlər. Onlar da Azərbaycan alimi kimi dünya elm və mədəniyyəti tarixində özünəməxsus yer tutmuşlar.
Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Zakir Məmmədov “Bəhmənyar istisna sayılmaqla orta əsrlərdə Azərbaycanda, ümumiyyətlə müsəlman Şərqində peşəkar filosoflar yaşamamışlar” kimi yanlış bir müddəanı mənbələr əsasında apardığı araşdırmaları nəticəsində təkzib etmış, ilk dəfə olaraq milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb araşdırmışdır. Alim Əbülhəsən Bəhmənyarın İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürdüyünü yazmışdır. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi bilavasitə Azərbaycan filosofunun adı ilə bağlıdır.
Zakir Məmmədov bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyardan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir.
Elmi fəlsəfi təlimlər, xüsusilə Şərq peripatetizmi və işraqilik Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam və inkişaf etdirilmişdir. Zakir Məmmədov Azərbaycan filosofu Rəcəbəli Təbrizini (...-1669) Şərq peripatetizminin son böyük nümayəndəsi kimi təqdim edərkən yazmışdır ki, onun yaradıcılığında işraqiliyin və sufiliyin də müəyyən təsiri duyulur.
Şərq filosoflarının yaratdıqları fəlsəfi təlimlər onların şagirdləri tərəfindən inkişaf etdirilərək məktəblərə çevrilirdi. Azərbaycan filosofları arasında Bəhmənyardan başlanan müəllim-şagird ardıcıllığı, yəni onun məktəbinin ənənələri də Nəsirəddin Tusi tərəfindən davam etdirilmişdir. Beləcə, Nəsirəddin Tusi tərəfindən yaradılan fəlsəfi məktəb də öz ardıcıllarını hazırlamışdı.
Çoxcəhətli yaradıcılıq irsinə malik Nəsirəddin Tusinin fəlsəfi təlimi, ümumiyyətlə, dünyagörüşü bəşər elmi-fəlsəfi fikrinin zənginləşdirilməsində mühüm əhəmiyyət daşımışdır. Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Hilli və başqaları öz məktəblərini yaradaraq bu ənənələri yaradıcılıqla davam etdirərək, öz şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilərək Rəcəbəli Təbrizidə sona çatmışdır. Beləliklə, Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri fəaliyyətləri ilə nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində şöhrət qazanmış, dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişlər.
Müasirləri, şagirdləri, davamçıları, ümumiyyətlə haqqında söhbət açan mütərəqqi ziyalılar Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına görə “on birinci əql” demişlər. Belə ki, Şərq peripatetizminin sistemini yaratmış Əbunəsr Farabi özünün emanasiya nəzəriyyəsində “on əql” doktrinasını vermişdir. Onuncu və sonuncu fəal əql Ay göyünə mənsub edilir. Nəsirəddin Tusiyə “on birinci əql” deməklə onun misilsiz idrak sahibi olmasına işarə edirdilər. “Haqlı filosof”, “mütləq müdrik”, “ən böyük ağa”, “həqiqətlərin təzahür yeri”, “incəliklərin yaradıcısı”, “bəşər ustadı” fəxri adlarını daşıyan Nəsirəddin Tusinin irsi yaradıcı ziyalılar üçün örnək olmuşdur. Həmin dəyərli irsin əsasında qələmə alınmış dolğun şərhlər, haşiyələr və izahatlarla birlikdə əsrlər boyu mədrəsələrdə tədris edilərək geniş yayılmışdır.
Azərbaycan filosofu, ensiklopedik alim Nəsirəddin Tusi yaradıcılıq irsi ilə elm və mədəniyyət tarixində əzəmətli yer tutaraq əbədi həyat qazanmışdır. Bu mənada 2026-cı ildə bəşər elminin hikmət günəşi – Nəsirəddin Tusinin anadan olmasının 825 illiyidir.
Aytək Zakirqızı Məmmədova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
(Azərbaycanın əməkdar incəsənət xadimi Nəcəfqulunun yaratdığı Nəsirəddin Tusi portreti)