Ətir alarkən diqqətli olun: Sonunda ölüm də ola bilər!
Son illərdə kosmetik məhsullara, xüsusilə də ətirlərə marağın artması onların insan sağlamlığına təsiri ilə bağlı narahatlıqları da gündəmə gətirib. Xüsusilə saxta və keyfiyyətsiz ətirlərin tərkibində olan kimyəvi maddələrin dəriyə zərər verməsi, allergiya və digər dermatoloji problemlər yaratması ilə yanaşı, daha ciddi risklərə səbəb ola biləcəyi bildirilir.
Dəri xərçəngi isə xərçəng növləri arasında ən təhlükəlilərindən biri hesab olunur və melanoma kimi formaları xüsusilə ağır fəsadlarla nəticələnə bilər. Bu baxımdan ətirlərin dəriyə təsiri ilə bağlı mütəxəssis rəyləri diqqət çəkir.

Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, xərçəngin ən öldürücü növlərindən biri də dəri xərçəngidir və bu xəstəlik "melanoma" adlanır: “Odur ki, insanlar bu xərçəngə qarşı ehtiyatlı olmalıdırlar. Bunun yaranmasının bir çox səbəbi vardır. Əsasən ultrabənövşəyi şüaların günün müəyyən vaxtlarında dəriyə düşməsinə diqqət yetirmək lazımdır. Əgər qorunma olmazsa, bu, dəri xərçəngi riskinin artmasına gətirib çıxarır”.
Həkim qeyd edib ki, ətirlərin tərkib hissələrinə görə onların dəriyə təsiri ciddi nəticələr doğura bilər: “Ətirlərin tərkib hissələrinə görə onların fotohəssaslığı dəri zədələnməsi riskinin artmasına, nəticədə isə dəri xərçənginin artması ilə əlaqələndirilə biləcək ən əhəmiyyətli amildir. Ətirlərin tərkibində həm təbii, həm də sintetik komponentlər olur. Onun sözlərinə görə, xüsusilə bəzi təbii efir yağları risk yarada bilər. Ümumiyyətlə, ətir komponentləri həm təbii, həm də sintetik olur. Təbii komponentlərə berqamot, limon, laym kimi sitrus efir yağları aiddir. Buna görə də ətir seçərkən insanların diqqətli olması lazımdır”.
Mütəxəssis bildirib ki, bu maddələr düzgün seçilmədikdə və uzunmüddətli təmas olduqda dəridə travma yarada bilər: “Bu o deməkdir ki, tərkibində olan bu maddələr diqqətlə seçilməzsə, daim təmasda olduğuna görə travma yarada bilər və travma nəticəsində təbii ki, dəri xərçəngindən olan melanomaya qədər gətirib çıxara bilər. Xüsusilə saxta və keyfiyyətsiz ətirlərdən istifadə zamanı risk daha da arta bilər. Buna görə də vətəndaşlar ətir alarkən məhsulun tərkibinə və keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər. Ona görə də ətir seçdikdə bunlara xüsusi əhəmiyyət verilməsi nəzərə alınmalıdır”.
Mehriban Yariyeva
11:20 10.02.2026
Oxunuş sayı: 671