"Qaş düzəldərkən göz çıxara bilərik" - Ev şəraitində iynə vurulması ölümlə nəticələnə bilər
Yevlax rayonunda baş verən faciəvi hadisə səhiyyə təhlükəsizliyi və ev şəraitində tibbi müdaxilələrin riskləri ilə bağlı ciddi suallar doğurub. Rayon sakini, 54 yaşlı Z.Quliyevin evində vurulan antibiotik iynədən sonra halının kəskin pisləşməsi və sonradan həyatını itirməsi cəmiyyətdə geniş narahatlıq yaradıb.
Hadisədən sonra zərərçəkən təcili şəkildə Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Baş verənlər tibbi xidmətlərin təhlükəsizliyi, dərmanlara fərdi reaksiyalar və ilkin tibbi yardım qaydalarına ciddi riayət olunmasının vacibliyini bir daha gündəmə gətirir.
Faciəvi hadisə barədə Crossmedia.az-a danışan həkim-onkoloq Fərid Museyibov söyləyib ki, ev şəraitində iynə vurulması məsləhət görülmür: "Aparılan araşdırmalar göstərir ki, adi iynə tətbiqi belə müəyyən risklər daşıyır və buna görə evdə hər hansı tibbi müdaxilə tövsiyə olunmur. Həyatda ən çox rast gəlinən problemlər evdə icra edilən iynə prosedurlarından yaranır. Bu səbəbdən həmişə tövsiyə olunur ki, proba testi aparılsın, sonra isə iynə tətbiq edilsin. Probadan sonra 15–20 dəqiqə gözləmək vacibdir. Müdaxilə yalnız təcrübəli tibbi personal həkim və ya digər ixtisaslı işçi tərəfindən həyata keçirilməlidir. Özbaşına və əsaslı səbəbi olmayan müdaxilələr təhlükəli ola bilər. Əgər hər hansı tibbi prosedur icra olunacaqsa, ən doğru yol təhlükəsizlik tədbirlərinə əməl etmək və ehtiyac yaranarsa, dərhal təcili tibbi yardıma müraciət etməkdir. Müdaxilənin düzgün və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şəxsi tibbi qrup tərəfindən və ya yaxınlıqda yerləşən xəstəxanada aparılması tövsiyə olunur".
Elmir Heydərli
11:50 09.02.2026
Oxunuş sayı: 602