"Səssiz ölüm": İnsan təhlükəni hiss etmir, amma...
Gədəbəydə 12 yaşlı uşağın dəm qazından boğularaq həyatını itirməsi bir daha göstərdi ki, səssiz ölüm adlandırılan bu təhlükə hələ də evlərimizin içindədir. Son dövrlər ölkənin müxtəlif bölgələrində dəm qazından zəhərlənmə hallarının artması ciddi narahatlıq doğurur. Xüsusilə qapalı məkanlarda istifadə olunan köhnə və təhlükəli istilik sistemləri, düzgün qurulmayan havalandırma və təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır faciələrə yol açır. Bəs bu cür halların artmasının əsas səbəbləri nələrdir və insanlar özlərini və ailə üzvlərini qorumaq üçün nələrə diqqət etməlidirlər?
Dəm qazından zəhərlənmələrin intensivləşməsi halları barədə həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib: "Əvvəllər, xüsusilə Bakı kəndlərində və Azərbaycanın imkansız bölgələrində yaşayan əhali arasında İran sobalarından geniş istifadə olunurdu. Bu sobalar əsasən qızdırıcı kimi tətbiq edilirdi və olduqca təhlükəli hesab olunur. Dəm qazı ilə zəhərlənmə hallarının böyük əksəriyyəti məhz bu tip sobalarla bağlı olub.

Bununla yanaşı, bəzi hamamlar da ciddi nəzarət tələb edir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin nəzarət mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Bir çox halda hamamlarda havalandırma sistemi olmadığından, qapının yuxarı və aşağı hissələrində mütləq hava dövranını təmin edən dəliklər olmalıdır. Təəssüf ki, bu gün də bəzi evlərdə qısa müddətli istifadə üçün nəzərdə tutulmuş, təhlükəli qızdırıcılardan istifadə edilir.
Dəm qazı ilə zəhərlənmənin təhlükəsi ondadır ki, bu proses çox vaxt “səssiz ölüm” kimi baş verir. Məsələn, insan çimərkən və ya qapalı məkanda olarkən təhlükəni hiss etmir. Qısa zaman ərzində – cəmi 5–15 dəqiqə içində karbonmonoksid orqanizmə daxil olaraq ölümə səbəb ola bilir. Əvvəlcə huşun itməsi baş verir, daha sonra tənəffüs mərkəzi zədələnir və tənəffüs dayanır. Bütün bunlar sakit və hiss edilmədən baş verir".
O söyləyib ki, yüngül zəhərlənmə hallarında isə insanın huşu aydın olur, təhlükəni tez anlayır və vaxtında müdaxilə edərək özünü xilas edə bilir: "Lakin ağır hallarda bu imkan olmur, proses çox sürətlə inkişaf edir. Bu səbəbdən insanlar xüsusilə diqqətli olmalıdırlar. Qazla işləyən qızdırıcıların və digər avadanlıqların istifadə edildiyi hamam otaqlarında mütləq şəkildə qazın çıxışı üçün havalandırma təmin olunmalıdır. Fövqəladə Hallar Nazirliyi dəfələrlə xəbərdarlıq edib ki, hamamların qapısının yuxarı və aşağı hissəsində hava çıxış dəlikləri olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir".
Ayhan
10:38 04.02.2026
Oxunuş sayı: 537