Dünyanı cənginə alan Nipah virusunun vaksini tapıldı, amma... - BƏDBİN PROQNOZ
Tokio Universitetinin alimləri Nipah virusuna qarşı perspektivli peyvənd hazırlayıblar ki, onun insanlarda infeksiyaya qarşı effektivliyi yüksək gözlənilir. Bu yenilik tibb sahəsində əhəmiyyətli addım sayılır. Çünki Nipah virusu ciddi sağlamlıq riskləri yaradan, hələ spesifik müalicəsi olmayan infeksiyalardan biridir.
Alimlərin məlumatına görə, peyvənd qızılca virusu əsasında hazırlanıb və orqanizmə daxil edildikdə Nipah virusunun zülallarına bənzər zülalların istehsalına kömək edərək immuniteti gücləndirir. Bu isə yoluxma zamanı infeksiyanın inkişafını əngəlləməyə imkan verir. Peyvəndin effektivliyi və təhlükəsizliyi artıq heyvanlar üzərində aparılan sınaqlarda təsdiqlənib, insanlar üzərində sınaqların birinci mərhələsi isə aprel ayında Belçikada başlayacaq.
Uğurlu nəticələr əldə olunacağı təqdirdə, peyvəndin təhlükəsizliyi və effektivliyi böyüklər və uşaqlar arasında növbəti mərhələlərdə yoxlanacaq, 2027-ci ilin ikinci yarısında isə Banqladeşdə tətbiqi planlaşdırılır. Peyvəndin hazırlanması və sınaqlarının maliyyələşdirilməsini Yaponiyanın dövlət qabaqcıl tədqiqat və inkişaf mərkəzi SCARDA təmin edir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Crossmedia.az-a açıqlama verib: "Peyvənd xəstəliyin tam qarşısını almaq üçün nəzərdə tutulmayıb. Necə ki, qrip və koronavirus peyvəndlərində olduğu kimi, əsas məqsəd immun sistemini aktiv vəziyyətə gətirmək, ağırlaşmaların və ölüm hallarının qarşısını almaq, eyni zamanda infeksiyanın yayılma riskini azaltmaqdır. Xüsusilə ensefalit və digər ağır fəsadlarla nəticələnə bilən hallarda peyvəndlənmə xəstəlikdən qorunmaq baxımından daha məqsədəuyğun hesab olunur. İnsanlar bu reallığı dərk etməlidirlər. Bu səbəbdən vaksin əleyhinə aparılan təbliğat düzgün yanaşma deyil və ciddi zərər yaradır".
Onun fikrincə, bəzi hallarda yanlış məlumatlar cəmiyyətdə qorxu yaradaraq peyvəndlənmə prosesinə mane olur. Halbuki infeksiyanın geniş yayılması ciddi təhlükələrə yol aça bilər: "Məhz buna görə profilaktik tədbirlər həyata keçirilir və həmin viruslara qarşı müasir elmi metodlarla vaksinlər hazırlanır. Bu vaksinlər molekulyar biologiyanın ən müasir üsulları əsasında hazırlanır. Belə ki, başqa bir virusun üzərində hədəf virusun antigenləri yerləşdirilir və orqanizm bunu tanıyaraq ona qarşı anticisimlər formalaşdırır. Koronavirus pandemiyası dövründə bu mexanizmin effektivliyi açıq şəkildə müşahidə olundu və infeksiya zəncirinin qırılmasında vaksinlərin mühüm rolu oldu. Eyni yanaşmanın bu infeksiyanın lokallaşdırılması və yayılmasının qarşısının alınmasında da vacib rol oynayacağı şübhəsizdir".
Ayhan
11:30 03.02.2026
Oxunuş sayı: 492