Anar AYB-nin sədrliyindən gedir - Tarixi açıqladı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı ödəməyənlərə verilən vaxt başa çatır. Elan olunub ki, nizamnaməyə əməl etməyən yazarlar qurumdan xaric olunacaq.
Crossmedia.az xəbər verir ki, xalq yazıçısı, AYB sədri Anar Musavat.com-un suallarını cavablandırarkən əvvəlcə bu barədə danışıb.
- Anar müəllim, üzvlükhaqqı ödəməyənlərin AYB-dən xaric edilməsi ilə bağlı qoyulan vaxt başa çatır. Birliyin neçə üzvünün xaric edilməsi gözlənilir?
- Bilmirəm. Adları A hərfi ilə başlayanlara baxdıq və onları ictimailəşdirdik ki, o birilərə də xəbərdarlıq olsun və üzvlük haqqını versinlər. Bundan sonra siyahını verməyəcəyik. Amma deyəcəyik ki, bu qədər adam çıxardılıb. Çünki bəziləri deyib ki, “mən vermirəm, çıxarırsınız, çıxarın”. Bəzisi deyib ki, “nə vermisiz mənə?” Ayda 15 manat verməyə qıymır, amma deyir ki, “nə vermisiniz?” Nə verməliyik? Görünür, özləri də bilirlər ki, Yazıçılar Birliyinə layiq deyillər. Onları çıxarırıq.
- Xaric olunacaq şəxslərin içərisində parlaq imzalar varmı?
- Yox. Çıxarılacaq insanların siyahısını verdilər, mən onların nə imzasını görmüşəm, nə də yadımda qalıb. İndi deyə bilmərəm ki, oxumamışamsa, demək bu, yazıçı deyil. Bəlkə də yaxşı yazıçıdır. Amma yaxşı yazıçı 5 il ərzində 15 manatlıq üzvlük haqqını vermirsə, demək Yazıçılar Birliyini saymır, nizamnaməyə görə xaric edilməlidir.
-Zamanında yəqin ki, həmin üzvlərə görə zəmanət verən tanınmış simalar da olub. Onların da burada məsuliyyəti varmı?
- Ona qalsa, bilirsən, tutalım ki, orda 30 adamı çıxartmışıq, 3 nəfər zəmanət veribsə, gərək 90 nəfəri zəmanət verdiyinə görə qınayaq. Asan məsələ deyil. Bizim də ağlımıza gəlmirdi ki, onları çıxardq. Amma fikirləşdik ki, nizamnaməyə riayət etmək lazımdır. Yaxşı, üzvlük haqqını bir il vermədi, başa düşdük, amma beş, yeddi, səkkiz il verməyən var. Amma hamısı da gəlir ki, mənə ad verin, ev verin, nə verin... Sən ildə 15 manat verməyə qıymırsan, gəlib burdan hər şey istəyirsən.
- Yazıçılar Birliyinin nə qədər üzvü var?
- Demişəm, onu da hazırlayırlar. Gələn il qurultay olacaq. Nə bilim, vallah. Biri deyir 3 mindir, biri deyir yox, 2500-dür. Gərək hazırlasınlar. Çünki rayonlarda olanlar da var, ölənlər də olur, xəbərimiz olmur. Məsələn, biri Almaniyada dünyasını dəyişib, biz nə bilək ölüb? Onun da adı səhvən düşmüşdü. Ona görə də dedim yekun siyahını hazırlasınlar, görək nə qədər üzvümüz var. Gələn qurultaya nümayəndə o saya uyğun olaraq seçməliyik.
- Qurultay həm də sədr seçəcək?
- Hə, qurultayda təzə sədr seçəcəklər.
- Namizədliyinizi irəli sürəcəksiniz?
- Yox. Mən demişəm, daha namizədliyimi verməyəcəyəm.
- İsrarlı təşəbbüslər olsa necə?
- Yox, daha bəsdir. 39 ildir burdayam. Gələn il 40 il olacaq. Mən ömrümün ən gözəl günlərini, ən gözəl aylarını bura verdim.
- Peşmansız?
- Yox, peşmançılıq deyəndə ki, həyatdır da, taledir... Taleyim belə gətirdi ki, gəldim, nə bacardımsa, Yazıçılar Biriliyi üçün elədim. Yazıçılar Birliyində mənə qədər... pisləmək istəmirəm, amma elə bir dövr idi ki, yerçilik var idi, adamlar bir – biri ilə mübarizə edirdilər, onlar yığışdırıldı. Sonra bu, müxalifətdi, söhbətini yığışdırdıq, yaradıcılığa görə qiymət verdik. Məsələn, Ramiz Rövşəni Yazıçılar Birliyindən uzaqlaşmağa qoymadıq. Musa Yaqub idi, başqası idi...Bundan başqa, “Ədəbiyyat” qəzeti Mədəniyyət Nazirliyi ilə bir yerdə idi, biz onu Yazıçılar Birliyinin mətbu orqanı elədik, “Qobustan” jurnalını da. Aylıq “Mir literaturı”- “Dünya ədəbiyyatı” jurnalını rusca buraxırıq. Yazıçılar Birliyinin 4 filialı var idi, indi 13 filialı var, regionları əhatə edir. Yəni bu işləri görə bildik.
- Yazıçılar Birliyinin ən çox tənqid olunan sədri də siz olmusunuz, eləmi?
- O heç də. Mən həmişə deyirəm: Nizami Gəncəvidən Nizami Cəfərova qədər heç bir Azərbaycan yazıçısı mənim qədər tənqid olunmayıb.
- Keçmiş dostunuz Əkrəm Əylisli bu günlərdə Musavat.com-a müsahibəsində sizdən də bəhs etmişdi. “Anarla görüşümün heç bir əhəmiyyəti ola bilməz”, deyib. Yəni hər ikinizin ixtiyar çağında da umu-küsünü ortadan qaldırmağın mənası yoxdur?
- Mən də vallah, heç nə onunla görüşməyə can atıram, nə də... Yaşayır, yazır. Allah ömür versin. Bildiyimə görə münasibətləriniz olmasa da, Əkrəm Əylislinin kitabları indiyədək kitab rəfinizdədir, eləmi?
- Kitabları kitab rəfimdədir, əlbəttə. Mən faşist deyiləm ki, kitablar yandırım. Kitab rəfimdə də var, mənim hər yazımda da. 60-cı illər yazıçılarından danışanda onun adını çəkirəm, qiymətli əsərlərindən bəhs edirəm. Türkiyədə təklif elədim ki, Azərbaycan povestlərini buraxsınlar, o cümlədən Əkrəmin povestini ora daxil elədim. Akademiyada, Azərbaycan ədəbiyyatı tarixi zalında İsa müəllimdən (Həbibbədyli-E.P.) xahiş elədim ki, mütləq Əkrəmin də adı olmalıdır. Çünki 60-cı illər ədəbiyyatından danışanda onun adını çəkməmək, ya ilk əsərlərinin qiymətini verməmək ağılsızlıq olar. O başqa, sonra nə yazdı, əlbəttə, onları qəbul eləmirik.
- Anar müəllim, sədrlikdən gethaget vaxtınızda sərt qərarların verilməsi, həmçinin tənqidçi yazarların məhkəməyə verilməsi bir az qəribə qarşılanır... Əleyhdarlarınızda belə qənaət yarana bilər ki, haqq-hesab çəkib, getmək istəyirsiniz?
- Yox, gethaget deyəndə, hələ bir il var. 2027-ci il yanvarın 1-də ərizə verib, getməyi düşünürəm. Bəlkə bu, gələn ilin ortalarında oldu, yəqin ki, elə də olacaq. İndi o vaxta qalsam hələ... Çünki mənim səhhətim də o qədər yaxşı deyil...İyul ayında mənim qırx ilim tamam olacaq. Onu da qeyd etmək istəyirəm, çünki mənim 40 illik zəhmətimdir. Necə qeyd etmək istəyirəm? Mən 40 ildir bu işləri görmüşəm, bir yazı yazım bu barədə. Ondan sonra gələn ilin yay aylarında, ya payızda qurultay keçirərik. Amma o ki qaldı məhkəmələrə, bu məsələlərə dəxli yoxdur. Böhtan ki, əvvəllər də bizə atmışdılar, onlar da məhkəməyə verildi. Hər dəfə məhkəməyə verəndə biz qazanırıq. Hər dəfə deyəndə, cəmisi iki dəfə vermişik, bu, üçüncüdür. Hər iki halda məhkəmə bizim xeyrimizə qərar çıxarıb, həmin qərarlara əsasən, o adamlar yazılı şəkildə üzr istəyiblər. İndi bir nəfər də yazıb, özü də iki dəfə yazıb, özü də yalan yazıb. Biz də məhkəməyə vermişik. Məhkəmə qərar çıxarıb ki, üzr istəsin. Üzr istəmək əvəzinə, yenə yalan deyir. İttifaqdan özü çıxıb, üzr istəsin, biz də əl çəkək.
- İlham Qəhrəmanı deyirsiniz?
- Hə, deyəsən, odur.
- Bu yaxınlarda “Azəri” ifadəsi geniş müzakirələrə səbəb oldu. Yazıların birində oxudum ki, vaxtilə Rəsul Rza “Azəri Ensklopediyası” hazırlayırmış, amma iş yarımçıq saxlanılıb. Bu mənada mübahisə doğuran “Azəri” ifadəsi də Rəsul Rzanın adı ilə əlaqələndirildi...Sizin bu ifadəyə münasibətiniz necədir?
- Məncə, bu ifadə yaşamalıdır. Kim istəyir, işlətsin, kim istəmir, işlətməsin. Məsələn, mən işlədirəm, bundan sonra da işlədəcəm.
-Anar müəllim, İranda, Cənubi Azərbaycanda baş verənləri izləyirsiniz?
- Mətbuatdan izləyirəm. Mətbuat da yoxdur ki, qəzetlər həftədə bir dəfə çıxır…(Masasının üstündəki azsaylı qəzetləri göstərir-E.P) Kanallara baxıram, acıyıram. İrana hücum olsa, nə qədər insan qırılacaq...
- Cənubdakı yazarlarla əlaqə varmı?
- Biz Cənubi Azərbaycan komissiyasının sədrini dəyişdik, indi Sabir Rüstəmxanlıdır. Onun vasitəsilə əlaqə olur.
- Anar müəllim, mart ayında 88 yaşınız tamam olacaq. Öz ad gününüzə hansı hədiyyəniz olacaq?
- (Ani olaraq fikrə gedir) 88-dir? Hə, 88-dir. (Gülümsəyir) Mənim kitablarım çıxdı da. İki kitab çıxıb, üçüncüsü də çıxacaq.
Bundan sonra hər iki kitabını – “Qatardan qalan adam” və yenidən nəşr olunmuş “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni imzalayaraq hədiyyə edir. 653 səhifəlik, povest, hekayə, pyes, esse, şeir, müsahibə, söhbət, çıxış, rəy, tərcümələrinin toplandığı kitabı imzalayarkən xüsusi qeydini də edir: “Bəzən yazırlar ki, Anar tükənib. Bu, mənim ancaq 21-ci əsrdə yazdıqlarımdır. Əvvəlkilərdən bura heç nə salmamışam”.
Biz də nəfis şəkildə çap olunmuş yeni kitablara, qiymətli hədiyyələrə görə ömrünün 90-nı haqlayan çağında da yazıb-yaratmaq eşqi tükənməyən görkəmli yazıçımıza təşəkkürümüzü bildirərək, ona bundan sonra da sağlam ömür, yaradıcılıq uğurları arzulayıb, söhbəti yekunlaşdırırıq.(Musavat.com)
18:50 31.01.2026
Oxunuş sayı: 1260