Qurudulmuş meyvələrlə bağlı təhlükə: Diqqətli olun!
Özbəkistandan Azərbaycana idxal edilən qurudulmuş yemiş və halva məhsullarında göbələk kifinin aşkarlanması qida təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. İlk baxışda sağlam və təbii təsiri bağışlayan bu məhsulların əslində insan sağlamlığı üçün ciddi risklər daşıya bilməsi istehlakçıların seçim zamanı daha diqqətli olmasını zəruri edir. Belə hallarda hansı məqamlara diqqət yetirilməlidir? Ümumiyyətlə, qurudulmuş halva və meyvələrdən istifadə edərkən insanlar nəyə və necə üstünlük verməlidir? Bu suallar qida təhlükəsizliyi baxımından hər kəsi düşündürməlidir.
Məsələ ilə bağlı qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlama verib: "Ölkə xaricindən qurudulmuş meyvələr, halvalar və digər qida məhsulları idxal edilərkən diqqət yetirilməli olan əsas məqamlardan biri həmin məhsulların idxala icazə sənədlərinin mövcudluğudur. Əgər məhsulun idxal üçün müvafiq icazə və müşayiətedici sənədləri yoxdursa, ondan istifadə edilməməlidir. Bu sənədlər məhsulun təhlükəsizlik baxımından nəzarətdən keçib-keçmədiyini göstərir. Eyni zamanda, məhsulun üzərindəki etiket məlumatları ilə diqqətlə tanış olunmalıdır. “Qida Təhlükəsizliyi haqqında” 523 saylı Qanunun 17.2-ci maddəsinə uyğun olaraq etiketlərdə məlumatlar düzgün və tam şəkildə göstərilməlidir. Buraya istehsalçı barədə məlumatlar, istehsal və son istifadə tarixləri, 100 qram məhsul üzrə qida və enerji dəyərləri, həmçinin tərkibində istifadə olunan qatqı maddələrinin olub-olmaması daxildir".

O söyləyib ki, qurudulmuş meyvələr və oxşar məhsullar yüksək həssaslığa malik olduğundan onların saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir: "Bu məhsullar günəş işığı ilə birbaşa təmasda olmamalı, uyğun temperatur və rütubət şəraitində saxlanmalıdır. Qurudulmuş yemişlər, çivələr və digər quru meyvələr mümkün qədər təbii üsullarla qurudulmuş olmalıdır. Süni rəngləndiricilərlə rənglənmiş, qeyri-təbii və sintetik üsullarla hazırlanmış qurudulmuş meyvələrdən uzaq durmaq tövsiyə olunur. Belə məlumatlar adətən məhsulun etiketində qeyd edilir. Əgər etiket məlumatları natamamdırsa və ya istehlakçıda şübhə yaradan hallar mövcuddursa, bu barədə mütləq dövlət qurumlarının müvafiq qaynar xətlərinə müraciət edilməlidir".
Ayhan
18:50 29.01.2026
Oxunuş sayı: 595