Fahişəliyə çağırış edənlər SƏRT CƏZALANDIRILACAQ: qanunda dəyişiklik olundu
Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliyinə əsasən, internet üzərindən fahişəliyə açıq çağırış edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə fahişəliklə məşğul olmağa çağırışların edilməsi və ya bu məqsədlə sövdələşmələrin kütləvi şəkildə nümayiş etdirilməsi hallarında 500 manat məbləğində cərimə tətbiq ediləcək.
Belə ki, cəmiyyətdə narahatlıq doğuran mövzulardan biri də məhz əxlaqa zidd davranışların və fahişəliyin getdikcə daha açıq şəkildə yayılmasıdır. Xüsusilə sosial şəbəkələrdə bu tip halların adi bir şey kimi təqdim olunması, bəzi insanların bunu qazanc vasitəsinə çevirməyə çalışması ictimai mühitdə ciddi suallar yaradır. Cəmiyyətin əsrlərlə formalaşmış mənəvi dəyərlərinə uyğun olmayan bu cür çağırışlar təkcə fərdi məsələ deyil, eyni zamanda sosial təhlükə kimi də qiymətləndirilir. Belə halların artması gənclərin yanlış təsirlərə düşməsi, ailə institutunun zəifləməsi və ümumi mənəvi mühitin zədələnməsi kimi riskləri də özü ilə gətirir. İctimaiyyət arasında bu kimi davranışların - fahişəlik, əxlaqsızlıq, qumarla məşğul olmaq və digər halların qarşısının alınması, mənəvi sağlamlığın qorunması və sosial şəbəkələrdə nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr də məhz bu səbəbdən yenidən aktuallaşıb. Mövzu həm hüquqi, həm də mənəvi baxımdan cəmiyyətin diqqətində qalmaqda davam edir.
Məsələ ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.
Vəkil Anar Ramazanov bildirib ki, hüquq tarixinə baxdıqda şahidi ola bilərik ki, bəzi əməllər var ki, bunlar minilliklər ərzində bütün cəmiyyətlərdə, xalqlarda və dinlərdə qadağan olmuşdur və ya cəzalandırılmışdır: "Bu əməllərdən biri də fahişəliklə məşğul olmadır. Fahişəlik qədim zamanlardan dinlərdə, milli-mənəvi dəyərlərdə, əxlaq qaydalarında daim qınanılan və cəzalandırılmalı olan bir əməl hesab olunur. Bu məsələlərlə bağlı Azərbaycan qanunvericiliyi də istisna təşkil etmir. Bizim qanunvericiliyimizdə də bu kimi əməllər daim cəzalandırılmalı olan əməllərdən hesab olunmuşdur. Azərbaycan qanunvericiliyində fahişəliklə məşğul olmaq, eyni zamanda bu məqsədlə əxlaqsızlıq yuvaları təşkil etmək, insan alveri ilə məşğul olmaq və digər bununla əlaqəli əməllər müvafiq olaraq inzibati xətalar və Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olunur və müvafiq cəzalar təyin olunur. Lakin fahişəliklə məşğul olmaq, fahişəliyə açıq çağırış kimi məsələlərin qanunvericilikdə açıq tərifi verilmir. Ümumiyyətlə qanunvericilik o məsələyə aydınlıq gətirir və tərif anlayışı verir ki, onun izaha ehtiyacı var. Əgər bir məsələ cəmiyyətə kifayət qədər aydındırsa həmin sözün mənası və əməlin ictimai təhlükəsi açıq-aşkar görünürsə buna xüsusi olaraq anlayış verilməsinə lüzum olmur".

A.Ramazanovun sözlərinə görə, fahişəliyə çağırışın və bununla məşğul olmanın leksik mənasına baxdıqda görə bilərik ki, bu pul və digər maddi və qeyri-maddi mükafat qarşılığında müəyyən xidmətlərin göstərilməsidir: "Bu leksik anlayışdan çıxış edərək deyə bilərik ki, qanunvericikdə edilən son dəyişikliklərdən sonra hər hansı bir şəxs tərəfindən - kişi və ya qadın olmasından asılı olmayaraq pul yaxud maddi və qeyri-maddi mükafat müqabilində əlaqədə olmaq, bununla bağlı çağırış etmək, qeyri-məhdud şəxsləri yaxud müəyyən şəxsləri bu əməllərə çağırmaq, həvəsləndirmək, sosial şəbəkələrdə təkliflər vermək - ünvanlar, nömrələr yazmaq, göstəriləcək xidmətlərin siyahısını vermək, həmçinin, bununla bağlı canlı yayım açmaq və başqa hərəkətlər fahişəliyə açıq çağırış hesab oluna bilər. Bu əməllərin müəyyən olunması o qədər də çətin deyil. Belə ki, sosial şəbəkə hesabları bir qayda olaraq hər hansı bir şəxsə, elektron poçta, xüsusilə mobil telefonlara bağlı olur və səlahiyyətli dövlət orqanları həmin şəxslərin müəyyən olunması üçün xüsusi əməliyyat, istintaq tədbirləri həyata keçirərək onların həm şəxsiyyətini, həm ünvanını müəyyən edə bilərlər. Bu əməllərin protokollaşması o qədər də çətin deyil".
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Prezident İlham Əliyevin 2024-ci il 17 fevralda məhkəmə hakimlərinin qarşısında Milli Məclisdə andiçmə mərasimində söylədiyi fikri hələdə xatırladığını bildirib: "O, Qurani-Kərimə əlini basaraq and içdi ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərə sadiq qalacaq, onun adət-ənənələrini daim uca tutacaq. Bu sıradan bir ifadə, bir and mətni deyildir və bu, mətn də deyildi. Prezident əvvəlcə Konstitusiyaya əlini qoyaraq and içir. Bu andın mətni ölkənin Konstitusiyasında var. Amma sonra əlini müqəddəs kitaba qoyaraq and içir. Bax, bu and içməkdir. Yəni, əgər xalqın, millətin milli-mənəvi dəyərləri aşılanırsa və bir növ deqradasiyaya uğrayırsa, bunu qorumuruqsa, buna hörmətlə, izzətlə, iffətlə yanaşmırıqsa, vay bizim gələcəyimizin halına".

Ş.Əliyev bu baxımdan qeyd edib ki, fahişəliklə məşhur olmaq, əxlaqsız yuvalar saxlamaq ümumiyyətlə bir sıra cinayətlərin baş verməsi üçün baza rolunu oynayır: "Bu bizim milli-mənəvi dəyərlərimizə tamamilə ziddir. Sovet dönəmində ümumiyyətlə əxlaqsızlıq yuvaları saxlamaq, fahişəliklə məşğul olmaq kommunist ideologiyası ilə tam zidd idi. Partiya məmurları kifayət qədər bu dəyərləri qoruyurdular. Əgər kiminsə tərcümeyi-halında bu məsələlərə zərrə qədər meyli vardisa, onun xidmətdə yüksəlişi bloklanırdı. Bu, hakimlərə də, məmurlara da aid idi.
Bizim Cinayət Məcəlləsində ictimai mənəviyyat əleyhinə olan cinayətlər fəsli var. Orada əxlaqsız yuvalar saxlamaq, yetkinlik yaşına çatmamışlara qarşı və bu kimi hallar qadağan olunur. Fahişəliylə cəlb etmə cinayət qadağan olunur. Amma fahişəliklə məşğul olmaq cinayət deyil. Cinayət Məcəlləsində 242-dən 246-cı maddəyə qədər 6 maddə var: fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlamaq, qumarxana təşkil etmək və ya saxlamaq, qəbir üzərində təhqiredici hərəkətlər, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmək və ya korlamaq- bunlar cinayətlərdir. Fahişəliyə cəlb etmə 243-cü maddə ilə cinayət məsuliyyəti yaradır. Amma fahişəliklə məşğul olmaq qadağan olunmur. Fahişəliyə cəlb etmə əslində elə fahişəliklə məşğul olmaqdır. Cəlb edən olmasa belə, insan özü fahişəliklə məşğul ola bilər. Ona görə də düşünürəm ki, biz cinayət məsuliyyəti baxımından fahişəliklə məşğul olmağı cəza təhdidi altında qadağan etməliyik. Çünki burada insan alveri üçün potensial qurbanlar da yetişir. İnsan alveri transmilli, mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən biridir. Burada insanın həyatı bazara qoyulur, insan əşya kimi alınıb-satılır, azadlığı bloklanır, danışan alətə çevrilir. Karl Marxın ifadəsi yerinə düşür: qul danışan alətdir. İnsan alverinin qurbanları da belə cinayətlərin qurbanına çevrilir, kölə halında alınıb-satılır və istismar olunur".
Sədrin sözlərinə görə, biz gələcəkdə təhlükəsiz, sabit bir cəmiyyətin davamlı olmasını istəyiriksə, milli-mənəvi dəyərlərimizi qorumalıyıq:
"Artıq iki gündür mətbuatda belə hallara dəhliz açılıb. Düşünürəm ki, həm ali təhsil ocaqlarında, həm də orta məktəblərdə bu dəyərlərə daha çox üstünlük verməliyik. Hər şey aşağıdan başlayır. Bəzən görürsünüz ki, orta məktəblərdə qız-oğlan dərsdən yayınır, aşağıda bir-birinə qısılıb söhbət edirlər. Nə qız, nə oğlan məktəbə gedir, qoşulub kənara gedirlər. Belə hallar da var. Ona görə də məktəblərdə direktor müavinləri, sinif rəhbərləri və pedaqoji kollektiv bu sahədə çox ciddi iş aparmalıdır. Vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri də bu sahədə geniş iş görməlidirlər.
Maarifləndirmənin rolu sosial mexanizmlərin işə düşməsində səmərə verə bilər. Təcrübəli insanlar geniş auditoriyada mühazirələr oxuyaraq bunun həm faydalı, həm də zərərli tərəflərini gənclərə çatdırmalıdırlar ki, belə hallar olmasın".
Fatimə Məmmədova
16:51 28.01.2026
Oxunuş sayı: 480