Qida zəhərlənmələrinin əsas səbəbləri nələrdir? -Açıqlandı
Azərbaycanda qida təhlükəsizliyi sahəsində aparılan monitorinqlər və statistik təhlillər göstərir ki, əhalinin sağlamlığı üçün risk yaradan əsas amillərdən biri qida zəhərlənmələri ilə bağlıdır. Bu istiqamətdə aparılan araşdırmalar xüsusilə məişət şəraitində hazırlanan qidaların təhlükəsizlik qaydalarına əməl olunmadan istifadəsinin ciddi fəsadlara yol açdığını ortaya qoyur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sədri Əli Nəbiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. O bildirib ki, ötən il ölkə üzrə 51 qida zəhərlənməsi faktı qeydə alınıb və bu halların əksəriyyəti məişət zəminində baş verib.

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Musayibov qida zəhərlənmələri barədə Crossmedia.az-a danışıb: "Öncə qeyd etmək istərdim ki, təkcə konservləşdirilmiş məhsullara deyil, ümumiyyətlə, istənilən ərzaq məhsulunu dükanlardan və ya digər mənbələrdən alarkən ilk növbədə son istifadə tarixinə diqqət yetirilməlidir. Bəzən məhsullar texniki baxımdan xarab ola bilər və ya qablaşdırmada qüsur yarana bilər. Bu hallarda həmin məhsulu almaq məsləhət görülmür. Qida zəhərlənmələri əsasən məhsulların saxlanma şəraiti ilə əlaqədardır. Bu baxımdan, ev şəraitində hazırlanmış turşulardan istifadə etmək tövsiyə edilmir. Çünki orada bakteriyalar tamamilə məhv olmaya bilər. Əksinə, zavod şəraitində istehsal olunmuş turşular və digər konservləşdirilmiş məhsullar üstünlük təşkil etməlidir. Belə məhsullar yüksək təzyiq və temperatur altında konservləşdirildiyi üçün bakteriyalar tamamilə məhv olur və bu, qida təhlükəsizliyi baxımından çox vacibdir. Ümumiyyətlə, qida məhsullarının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirmək tövsiyə olunur. Əgər qida zəhərlənməsi baş verərsə və halsızlıq, ürəkbulanma, təzyiqin düşməsi kimi hallar müşahidə olunarsa, təxirəsalınmaz şəkildə təcili tibbi yardım çağırmaq vacibdir. Bu, xəstələrin həyatını qorumaq şansını artırır. Ev şəraitində hər hansı müalicə üsuluna əl atmaq məsləhət görülmür".
Elmir Heydərli
13:15 27.01.2026
Oxunuş sayı: 638