Dönər: Sürətli, dadlı, ziyanlı... - Mütəxəssislər danışdı
Qida təhlükəsizliyi sahəsində aparılan yoxlamalar ictimai narahatlıq doğuran ciddi faktları üzə çıxarır. Xüsusilə əhalinin gündəlik və kütləvi şəkildə istifadə etdiyi yolüstü qida məkanlarında vəziyyət düşündürücüdür. Aparılan monitorinqlərin nəticələri göstərir ki, bu sahədə texniki və sanitar normaların pozulması hələ də geniş yayılıb. Keçən il aparılan yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkarlanıb. Nəzərə alsaq ki, bir çox insan gün ərzində dönər yeyir, və bu təhlükə ilə üz-üzə qalır. Bəs insanlar dönər yeyərkən nələrə diqqət edilməlidir?
Dönərlər kimi "fast food"ların sağlamlığa mümkün təsiri barədə Crossmedia.az-a danışan tibb üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla deyib ki, hər bir qida məhsulunun hazırlanması üçün müəyyən texniki şərtlər mövcuddur: "Bu texniki tələblər pozulduqda son məhsulda ciddi problemlər yarana bilər. Belə hallarda qida məhsullarında kanserogen maddələr formalaşa, yaxud toksik və zəhərli komponentlər meydana çıxa bilər. Emal prosesindən əvvəl isə xammalın — yəni qida maddəsinin ilkin keyfiyyət göstəricilərinin xüsusi əhəmiyyəti var. Dönərlərlə bağlı aparılan tədqiqatlar zamanı aydın olub ki, bəzi hallarda keyfiyyətsiz, Azərbaycan reallığında qəbul edilməyən müxtəlif heyvanların ətlərindən istifadə edilib. Bundan əlavə, xarab olmuş, yenidən emal edilən, gecədən qalan ətlərdən istifadə halları da aşkar edilib. Ətin daim birbaşa od üzərində yanması, üzərinə yanmış və axmış yağların tökülməsi kimi üsullar da müşahidə olunub. Guya dadı artırmaq məqsədi daşıyan bu cür yanaşmalar əslində ciddi kanserogen risklər yaradır. Bütün bu hallar texniki şərtlərin kobud şəkildə pozulması deməkdir. Əslində, dönər hazırlayan müəssisələr məhsulun hazırlanma qaydaları ilə bağlı əsasnamə və ya təlimatlarını Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidirlər. Həmin standartlar təsdiqləndikdən sonra müəssisələr onlardan kənara çıxa bilməzlər. Bu qaydalara əməl olunmaması isə toksiki və kanserogen maddələrin yaranması riskini artırır".
Ekspert əlavə edib ki, məsələ də məhz bundan ibarətdir: "Ona görə də texniki şərtləri pozan, öz təlimatlarına əməl etməyən və qida təhlükəsizliyi normalarını gözləməyən dönərxanalarla bağlı ciddi tədbirlər görülməlidir. Nəzərə almaq lazımdır ki, xüsusilə gənclər və işə tələsən insanlar bu cür yolüstü qidalardan tez-tez istifadə edirlər. Dönər də fast-food tipli qida hesab olunur və bu növ qidaların hazırlanmasına maksimum diqqət yetirilməlidir. Onsuz da dünyada "fast-food" məhsulları ilə bağlı ciddi problemlər və xəbərdarlıqlar mövcuddur. Hələlik bu çağırışlar tam nəticə verməsə də, qida təhlükəsizliyi baxımından daha diqqətli və məsuliyyətli yanaşma zəruridir".

Qida təhlükəsizliyi ekpserti Fərid Səfərovun sözlərinə görə isə dönər yemək istəyən insanlar bir neçə əsas nüansa diqqət etməlidir ki, həm zövqlü, həm də təhlükəsiz qidalanmış olsunlar: "Əvvəlcə müəssisənin təmizliyi və gigiyena səviyyəsinə baxmaq vacibdir. İşləyənlərin əl təmizliyi, yemək hazırlayan və kəsən personalın əlcək və başlıq istifadəsi, mətbəx və satış sahəsinin ümumi təmizliyi çox önəmlidir. İkincisi, ət məhsulunun keyfiyyətinə diqqət yetirmək lazımdır. Dönər üçün istifadə olunan ətin mənşəyi, saxlanma temperaturu və dondurulub-çözdürülmə şəraiti sağlamlıq üçün kritikdir. Ət qoxusuz, təzə və rəngi normal olmalıdır; tündləşmiş, yapışqan və ya pis qoxulu ət təhlükəlidir. Üçüncüsü, dönərin bişirilmə səviyyəsi də önəmlidir. Dönər içi tam bişmiş, xarici tərəfi xırtıldayan olmalıdır, əgər ət içi çiy və ya yarı çiy qalırsa bu bakterial infeksiyalara səbəb ola bilər. Dördüncü nüans tərəvəz və salatların təzəliyi və yuyulmasıdır. Çiy tərəvəzlərdə bakteriya və pestisid qalığı ola bilər, buna görə onları yaxşı yuyulmuş, təmiz və soyuducuda saxlanmış formada seçmək lazımdır".
Ekspert son olaraq bildirib ki, nəhayət, müəssisənin ümumi etibarlılığına diqqət etmək lazımdır, məşhur, çox baxılan və rəyləri müsbət olan yerlərdə yemək daha etibarlı hesab olunur: "Həmçinin, paketlənmiş soslar, xardal və mayonez kimi əlavələr çox müddət açıq saxlanmamalıdır. Qısaca desək, təmizlik, ətin keyfiyyəti və düzgün bişməsi, tərəvəzlərin təzəliyi və müəssisənin etibarlılığı dönər yeməyin təhlükəsizliyini təmin edən əsas nüanslardır. Sürətli həyat tərzi, qida zövqü və ya seçimi bu qidaları yeməyi tələb etsə də, vərdişlər formalaşmış olsa da, məsləhət görürəm ki, dönər və bu kimi fast food qidalardan uzaq durasınız və ya çox az qəbul edəsiniz!".
Ayhan
12:13 27.01.2026
Oxunuş sayı: 446