Onkoloji xəstələrə şad xəbər: Artıq bu da mümkün olacaq
Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Xüsusilə onkoloji xəstəliklərin artması və müalicənin uzunmüddətli, yüksək maliyyə tələb etməsi mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Hazırda onkoloji yardım yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində göstərilir ki, bu da həm dövlət büdcəsinə ciddi yük yaradır, həm də vətəndaşların seçim imkanlarını məhdudlaşdırır. Bu baxımdan qanunvericiliyə təklif olunan dəyişikliklər onkoloji yardımın lisenziyaya malik özəl tibb müəssisələrində də həyata keçirilməsinə şərait yaradaraq pasiyentlərin hüquqlarının genişləndirilməsinə, tibbi xidmətin keyfiyyətinin artırılmasına və səhiyyə sistemində alternativ imkanların formalaşmasına xidmət edir.

Bu barədə tibb üzrə fəlsəfə doktoru, həkim- onkoloq Fərid Museyibov Crossmedia.az-a danışıb: "Ümumiyyətlə, ABŞ və Avropada, həmçinin digər ölkələrdə — istər qonşu Türkiyədə, istərsə də bizə qonşu olan başqa ölkələrdə — onkoloji xəstələr həm dövlət xəstəxanalarında, həm də özəl xəstəxanalarda müayinə olunur, müalicə alırlar. Müalicədən sonra isə bizim pasiyentlər kimyəvi dərman müalicəsi, şüa müalicəsi və s. ilə müalicələrini davam etdirirlər. Təbii ki, əhalinin sayı artdıqca onkoloji xəstəliklər də günbəgün artır və insanların sayı çoxaldığına görə dövlət xəstəxanaları bu yükü götürməkdə bir qədər çətinlik çəkir. Xəstələrimizə nə qədər erkən diaqnoz qoyulsa və onlar nə qədər erkən müalicə olunsa, bir o qədər tez sağalarlar. Ona görə də bu addımı mən çox yüksək qiymətləndirirəm. Bizim bir sıra özəl klinikalarımız var ki, yüksək tibbi təchizatla təmin olunmuş, yüksək səviyyəli həkim mütəxəssislərlə çalışırlar. Buna görə də bu addımı yüksək qiymətləndirirəm. Bu qanun bizim ölkəmizdə də qəbul olunsa, pasiyentlərimiz üçün çox xeyirli olar. Vaxtında dəqiq diaqnozlar qoyular, vaxtında müalicələr aparılar".
Mehriban Yariyeva
15:02 26.01.2026
Oxunuş sayı: 640