Bu avtomobillər yanır: Maşın alarkən diqqətli olmaq lazımdır
Son zamanlar avtomobillərin həm hərəkət zamanı, həm də dayanacaqda qəfil alışaraq yanması halları artmaqdadır. Yol kənarında tüstülənən və qısa müddətdə alova bürünən nəqliyyat vasitələri təkcə sürücülər üçün deyil, ətrafdakı digər avtomobillər və piyadalar üçün də ciddi təhlükə yaradır. Bu cür hadisələr insanların gündəlik həyatında çətinliklərə səbəb olur, nəqliyyatın hərəkətini məhdudlaşdırır və böyük maddi zərərlə nəticələnir.
Belə ki, avtomobil yanğınlarının artmasında bir neçə amil xüsusi rol oynayır. Texniki nasazlıqlar, xüsusilə elektrik sistemində baş verən qısaqapanmalar, yanacaq və yağ sızmaları, qaz avadanlıqlarının düzgün quraşdırılmaması, eləcə də akkumulyatorla bağlı problemlər bu halların əsas səbəbləri sırasında göstərilir. Bəzi avtomobillərdə həddindən artıq qızma nəticəsində mühərrik hissəsində temperaturun normadan artıq yüksəlməsi də yanğın riskini artırır. Digər tərəfdən, sürücülərin avtomobillərə vaxtında texniki baxış keçirməməsi, nasazlıqlara laqeyd yanaşması və təhlükəsizlik qaydalarına əməl etməməsi vəziyyəti daha da ağırlaşdırır. Buna əlavə olaraq, bəzi servis mərkəzlərində aparılan keyfiyyətsiz təmir işləri, ucuz və standartlara cavab verməyən ehtiyat hissələrinin istifadəsi avtomobil təhlükəsizliyinə ciddi zərbə vurur. Nəticədə, hər an baş verə biləcək bu cür yanğın hadisələri avtomobil sahiblərini daha diqqətli olmağa və təhlükəsizlik məsələlərinə ciddi yanaşmağa vadar edir.
Bu barədə Crossmedia.az-a danışan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, avtomobil üzrə ekspert Orxan Sabiroğlu təəssüflə bildirib ki, bu tip halların sayı durmadan artır: "Tez-tez avtomobillərin qismən və ya bütünlüklə yanması xəbərlərini görürük. Bu hadisələri yalnız bir səbəbə bağlamaq doğru olmaz. Bir neçə amil var ki, bu xoşagəlməz halları yarada bilər. Ən başlıca səbəb isə avtomobillərə sonradan qeyri-peşəkar şəkildə quraşdırılmış hər hansı əlavə vasitələrdir. Bununla yanaşı, avtomobilin texniki vəziyyətindəki nasazlıqlar da burda əsas səbəblərdəndir. Hansı ki, yanacaq və yağ sızması olan avtomobillərdə də bu problemlər baş verir".

Ekspertin sözlərinə görə, bu halların qarşısını almaq üçün sürücülər avtomobillərinə kənar vasitələr quraşdırmamalıdır: "Bu xoşagəlməz hallar baş verməsin deyə yaxşı olar ki, sürücülər avtomobillərə hər hansı kənar vasitələri quraşdırmasınlar və ya istehsalçı tələblərinə əməl edilərək bu işlər görülməlidir. Eyni zamanda texniki nasazlıqlar da vaxtında aradan qaldırılmalıdır. Bu məsələ ilə bağlı bir nüansı da qeyd etmək istəyirəm, təəssüflər olsun ki, hər hansı avtomobil yanma xəbərində məqsədyönlü şəkildə Çin istehsalı avtomobillər hədəf göstərilir, lakin başqa avtomobil olur hadisədə. Bunu doğru hesab etmirəm".
Fatimə Məmmədova
16:25 24.01.2026
Oxunuş sayı: 690