Vəfat edən şəxsin ailəsinə birdəfəlik müavinəti ödənməlidir?- Vətəndaşlar narazılıq edir
Azərbaycanda insanlar dünyasını dəyişəndə ailələr mənəvi gərginliklə yanaşı, həm də maddi çətinliklərlə üzləşir. Qəfil itki ilə barışmaq çətin bir sınaqdır, üstəlik, dəfn xərclərinin ödənməsi kimi maddi məsələlər də ailələri əlavə gərginliyə məruz qoyur. Bəzi ailələr dəfn xərclərini qarşılamaq üçün ciddi çətinlik çəkir, bəzi hallarda isə dövlət tərəfindən nəzərdə tutulmuş dəfn müavinətlərinin kimlərə və hansı hallarda ödənildiyi barədə suallar ortaya çıxır.
Bu suallar yalnız maddi problemlərlə bağlı deyil, eyni zamanda ədalət və vətəndaş hüquqları ilə də bağlıdır. İnsanlar haqlı olaraq soruşur: “Nəyə görə illərlə işləyən, ömrünün bir hissəsini əmək haqqı və sığorta ödənişlərinə sərf edən şəxslərin ailələrinə vəfatından sonra dəstək verilməməlidir?” Belə məsələlər ölkə daxilində kifayət qədər mövcuddur və ictimai müzakirələrə səbəb olur.
Bu barədə Crossmedia.az-a danışan hüquqşünas Ramil Süleymanov “dəfn üçün müavinət”in hansı hallarda verildiyi barədə məlumat verib: “Əgər şəxs pensiya yaşına çatmayıbsa və vəfatından öncə işləyirdisə, onun ailəsinə 600 manat məbləğində birdəfəlik müavinət ödənilir. Şəxs əmək pensiyaçısı idisə, onun pensiya məbləğinin 3 misli həddində birdəfəlik müavinət ödənilir. Qanunvericilikdə yalnız “sığorta olunan” anlayışı nəzərdə tutulur, yəni şəxs əmək fəaliyyəti ilə məşğul idisə, aktiv əmək müqaviləsi mövcud idisə, yaxud fərdi sahibkar olaraq Sosial Müdafiə Fonduna sığorta pulunu ödəyirdisə, bu şəxslərin ailəsinə ödəniş olunur. Əgər işləmirdisə və heç bir fərdi sahibkarlıq subyekti deyildisə, ailəsinə heç bir dəfn müavinəti ödənilmir”.

Hüquqşünas hesab edir ki, bu qanun yanlışdır: “Ola bilər ki, şəxs illərlə işləyib, amma vəfat etdiyi vaxt fəaliyyət göstərməyib. O zaman alternativ sual ortaya çıxır: bu pul ödənilmirsə, ömrünün müəyyən bir qismini işləyən şəxsin pensiya kapitalına toplanmış məbləğ bəs hara gedir? Hesab edirəm ki, dövlətin istənilən halda vəfat edən şəxsin ailəsinə birdəfəlik müavinəti ödəməsi daha məqsədəuyğundur. Vətəndaşlar haqlı olaraq narazılıq bildirirlər ki, "nəyə görə dövlət vəfat edən şəxsə dəfn üçün müavinət ayırmır?" Bu kifayət qədər əsaslı narazılıqdır”
Fatimə Məmmədova
10:00 21.01.2026
Oxunuş sayı: 1793