Hindistanda Siqh icmasının tarixi faciələri: Zorakılıq və azlıqların hüquqları
Siqhlər əsasında tarixi fon
Siqhlər Hindistanda dini və etnik azlıq kimi tarixi boyunca müxtəlif zorakılıq, ayrı-seçkilik və diskriminasiyaya məruz qalmışlar. Onların yaşadığı faciələr həm Britaniya koloniya dövründə, həm də müstəqil Hindistan dövründə özünü göstərmişdir. 1947-ci ildə Hindistan və Pakistan müstəqillik qazandıqda, Pəncab bölgəsi siyasi və etnik zəmində bölündü. Bu bölgü zamanı hər iki tərəfdə minlərlə insan öldü, milyonlarla nəfər öz evlərini tərk etməyə məcbur oldu və Siqhlər bu faciənin mərkəzində qaldı. Nəticədə çoxsaylı ailələr tarixi torpaqlarından ayrı düşdü və böyük miqrasiyaya məruz qaldı. Bu proses yalnız coğrafi dəyişikliklərlə məhdudlaşmadı; həm də icmanın etnik və dini kimliyinə ciddi təsir göstərdi, psixoloji izlər buraxdı və kollektiv travmanı formalaşdırdı.
1980-ci illərdə Sant Jarnail Singh Bhindranvale radikal Siqh hərəkatının lideri oldu. Bhindranvale Siqh icmasının hüquqlarının qorunması, dini sərhədlərin müdafiəsi və siyasi tələblərinin mərkəzi hökumət tərəfindən tanınması uğrunda mübarizə aparırdı. Bu hərəkatın böyüməsi Hindistan hökumətini narahat etdi və nəticədə 1984-cü ilin iyun ayında “Operation Blue Star” adlı hərbi əməliyyat həyata keçirildi. Ordunun müdaxiləsi əsasən Siqh icmasının müqəddəs mərkəzi sayılan Golden Temple kompleksinə yönəldi. Bu müdaxilə zamanı Bhindranvale və tərəfdarları öldürüldü, məbəddəki müqəddəs kitablar və kitabxanalar dağıdıldı. Hadisə Siqh icmasında həm dini, həm də sosial baxımdan dərin travma yaratdı və icmanın mərkəzində qalıcı yaralar açdı.
1984-cü ilin oktyabr qətlləri və zorakılıq
31 oktyabr 1984-cü ildə Baş nazir İndira Qandi iki Siqh bədən qoruyucusu tərəfindən öldürüldü. Bu sui-qəsd, “Operation Blue Star” əməliyyatına cavab olaraq törədilmiş zorakılıq dalğasının başlanğıcı oldu. Dehlidə baş verən hadisələr əvvəlcə spontan etirazlar kimi görünmüş olsa da, araşdırmalar göstərir ki, 1 noyabrdan etibarən zorakılıq sistemli və təşkilatlanmış xarakter aldı. Bu hadisələr xalqın spontan qəzəbi deyil, Konqress Partiyasına bağlı siyasətçilər, yerli polis strukturları və silahlı dəstələr tərəfindən planlaşdırılmış əməliyyat idi. Hücumçulara pul, spirtli içki, silahlar və kerosin paylanmış, Siqh ailələrinin ünvanları və ərzaq siyahıları əvvəlcədən hazırlanmışdı. İnsanlar yük maşınları, avtobuslar və polis nəqliyyatı ilə Siqh əhalisinin sıx yaşadığı ərazilərə daşınırdı. Bu sistemli planlama zorakılığın təsadüfi olmadığını və dövlət dəstəyinin əhəmiyyətini göstərirdi.
Zorakılığın əsas hədəfi və təsirləri
Zorakılığın əsas hədəfi Siqh kişilər idi. Onlar evlərindən çıxarılır, döyülür, təkərlə yandırılaraq öldürülürdü. Qadınlar və uşaqlar əsasən sağ saxlanılsa da, çox sayda qadın zorlanmış, ailələr parçalanmışdı. Siqh məbədləri dağıdılmış, müqəddəs kitablar təhqir edilmişdi. Ən ağır qırğınlar Dehlinin kasıb yaşayış massivlərində – Trilokpuri, Kalyanpur və Mangalpuri ərazilərində qeydə alındı. Orta və varlı məhəllələrdə isə əsasən talan və əmlakın yandırılması baş verdi. Nəticədə 50 mindən çox Siqh Dehlini tərk etməyə məcbur oldu və geniş miqyaslı miqrasiya yeni sosial və iqtisadi böhran yaratdı.
Polis və dövlətin rolu
Hadisələr zamanı polisin rolu ciddi şəkildə tənqid edildi. Polis çox hallarda müdaxilə etməmiş, bəzən isə hücumçularla birgə hərəkət etmişdi. Siqh icmasının özünü müdafiə etmək cəhdləri polis tərəfindən əngəllənmiş, şikayətlər qəbul edilməmiş və ya qəsdən qeyri-dəqiq sənədləşdirilmişdi. Bu, sonradan istintaq və məhkəmə proseslərinin effektiv aparılmasını mümkünsüz etdi. Hadisələrdən sonra bir neçə araşdırma komissiyası yaradıldı, lakin əsas təşkilatçılar uzun illər cəzasız qaldı. Rəsmi istintaqlar çox vaxt zorakılığı “spontan iğtişaşlar” kimi təqdim etmişdir. 2005-ci ildə Baş nazir Manmohan Singh baş verənləri “milli utanc” adlandıraraq Siqh icmasından üzr istədi, lakin bu üzr siyasi məsuliyyətin etirafı kimi qiymətləndirilmədi. Ədalətin bərpa olunmaması Siqh icmasında dərin inamsızlıq və yadlaşma yaratdı.
Hüquqi status və sosial çətinliklər
Hindistan Konstitusiyası Siqh icmasını Hinduizmin bir qolu kimi təsnif edir ki, bu da icmanın etnik və dini kimliyinin tam tanınmamasına və hüquqi çətinliklərin yaranmasına səbəb olur. Bu hüquqi status bəzən Siqh fərdlərinin və icmanın ayrı-seçkiliyə, diskriminasiyaya və sosial təzyiqlərə məruz qalması ilə bağlı ictimai narahatlıqlarını artırır. 2015-ci ildə Pəncab ştatında müqəddəs kitabların təhqir edilməsi etirazlara səbəb oldu. Bu zaman iki nəfər öldü və polis zorakılığına qarşı etirazlar genişləndi. Bu hadisələr göstərir ki, Siqh icmasının hüquq və təhlükəsizlik məsələləri hələ də aktualdır.
Buna baxmayaraq, pozitiv nümunələr də mövcuddur. 2019-cu ildə Hindistan və Pakistan arasında razılıq əsasında Kartarpur Korpusu açıldı və minlərlə Siqh zəvvar vizasız müqəddəs yerlərini ziyarət edə bildi. Bu, Hindistan və Pakistan arasında dialoq, əməkdaşlıq və dini azlıqlara hörmət nümunəsi hesab olunur.
Beynəlxalq hüquq və insan haqları
Minority Rights Group International (MRG) kimi beynəlxalq təşkilatlar isə dünyadakı dini və etnik azlıqların hüquqlarını müdafiə edir. Onlar zorakılığı və diskriminasiyanı sənədləşdirir, məlumatlarını araşdırma, təhlil və hüquqi işlər üçün təqdim edir. MRG mənbələri Siqh icmasının tarixi, hüquqi statusu və insan hüquqları çərçivəsində araşdırma aparmaq üçün etibarlı və geniş məlumat bazası yaradır.
1984-cü il hadisələrinin hüquqi və tarixi qiymətləndirilməsi
1984-cü il hadisələrinin “iğtişaş” adlandırılması araşdırmaçılar və insan haqları təşkilatları tərəfindən yanlış hesab olunur. Hadisələrin əvvəlcədən planlaşdırılması, yalnız bir dini icmanın hədəf alınması və dövlət strukturlarının passivliyi bu zorakılığı pogrom kimi xarakterizə etməyə əsas verir. Bu günə qədər Siqh icması üçün 1984-cü il yalnız tarixi hadisə deyil, eyni zamanda ədalətsizlik, travma və cəzasızlığın simvolu olaraq qalır.
Beynəlxalq dərslər
Bütün bunlar göstərir ki, Hindistanda Siqh icmasının təcrübəsi yalnız dini və etnik azlıqlar üçün deyil, həm də hüquq, ədalət və dövlətin vətəndaşlarla münasibəti kontekstində uzunmüddətli dərslər verir. Bu hadisələrdən çıxarılan nəticələr beynəlxalq hüquq, insan hüquqları və dövlət siyasətində azlıqların qorunması sahəsində mühüm nümunədir.
Fatimə Məmmədova
10:30 17.01.2026
Oxunuş sayı: 1323