Uşaqlar niyə kəkələyir? - Səbəb bu imiş
Uşağın nitq inkişafı, sadəcə söz öyrənməsi deyil, onun dünyayla əlaqə qurma yollarından biridir. Müasir valideyn həyatının sürətli ritmi, texnologiyanın artan rolu və ailədaxili stress uşaqlarda nitq ləngiməsinin daha çox rastlanmasına səbəb olur. Nitq yalnız bioloji proses deyil, həm də emosional və sosial mühitdən təsirlənən bir bacarıqdır; uşağın ailəsi və ətraf mühitlə qurduğu ünsiyyət onun danışma qabiliyyətinin əsas təməlini qoyur. Bu baxımdan, nitq ləngiməsi və kəkələmə kimi problemlər erkən mərhələdə diqqət tələb edən zəncirvari vəziyyətlər kimi qiymətləndirilir. Mütəxəssislər mövzu ilə ətrafında Crossmedia.az-a açıqlama veriblər.
Loqoped Nərmin Vəliqızının sözlərinə görə, statistikaya əsasən , 10 uşaqdan 6-sında nitq ləngiməsi var:
"Uşaq bir yaşına çatır və bu yaşa çatan uşağın lüğət ehtiyatında 10 söz olmalıdır. Əgər bir yaşına çatır və heç bir söz deyə bilmirsə , yaş artdıqca uşaqda heç bir söz ehtiyatı artmırsa, artıq bu həyəcan təbilidir ki, uşaqda nitq ləngiməsi yarana bilər. Bu vəziyyətin bir neçə yaranma səbəbləri vardır. Çox zaman valideynlər deyirlər ki, uşaq yemək yemir və yesin deyə telefonu ona verirəm, vaxtım olmadığına görə, telefonu verirəm başını qatsın, öz işimi görüm".

Loqoped, nitq ləngiməsində ən çox təsir edən amillərdən birinin texnologiya olduğunu bildirib:
"Digər səbəb isə əmzikdən istifadə etməsidir. Artıq 1 yaşına çatdıqda biz əmziyi uşağa unutdurmalıyıq.
Əsas səbəblərdən biri də valideynin uşağa qarşı diqqətinin az olmasıdır. Valideyn uşaqla ünsiyyətə girmir, dioloq qurmur. Bundan əlavə, Ailədaxilində münaqişə, valideynlərim bir-birinə münasibəti nitq ləngiməsinə təsir edə bilər. Valideyn hamiləlik dövrünü yaxşı keçirmirsə, travma olursa bu nitq ləngiməsinə gətirib çıxara bilər".
Loqoped, həmçinin, kəkələmə probleminin nədən yarandığını qeyd edib:
"Bəzən ailədən, ətrafdan, dostlardan aldığı travmalar, həddindən artıq həyəcan nəticəsində uşaqda kəkələmə yarana bilər . Kəkələ bəzən nitq ləngiməsinin davamından yarana bilər . Məsələn, uşaq disleksiya problemlidir. Məktəbə gedərkən anlayır ki, artıq normal sözlər deyə bilmir, düzgün yazıb, tələffüz edə bilmir. Ətrafım ona münasibətindən bunu anlayır, həyəcanlanır və kəkələməyə başlayır. Nitq ləngiməsi zəncirvari bir problemdir. Belə olan uşağın üzərinə tez düşülməlidir ki, o problemə gətirib çıxarmasın. Kəkələmə ən ağır nitq qüsurudur. Biz onu aradan qaldırsaq da, nə isə baş verən halda anidən geri qayida bilər".
Nitq ləngiməsi ilə kəkələmə arasında zəncirvari bir bağ var. Normal danışan uşaq belə, böyük travma keçirərsə, beyin zədələnərsə kəkələmə yarana bilər. Kəkələmə problemi uşağın cəmiyyətdə özüne müdafiə etməsinə, təhsilinə, özünü ifadə etməsinə təsir göstərir . Bəzi uşaqlar var ki, onlara kəkələmə psixoloji təsir göstərmir. Lakin belə hallar az olur. Erkən müdafiə problemi erkən aradan qaldırır".
Həmçinin, Ailə və uşaq psixoloqu Aysu Həsənli son illər uşaqlarda nitq ləngiməsinin artmasının, təkcə tibbi deyil, eyni zamanda ciddi psixoloji səbəblərlə bağlı olduğunu vurğulayıb:
"Nitq uşağın sadəcə söz deməsi deyil, onun dünyayla əlaqə qurma formasıdır. Uşaq danışmağı ehtiyacını bildirmək, emosiyasını paylaşmaq və qarşı tərəflə bağ yaratmaq üçün öyrənir. Əgər bu bağ zəifdirsə və ya uşaq özünü emosional baxımdan təhlükəsiz hiss etmirsə, nitqin inkişafı da ləngiyə bilər.Psixoloji baxımdan ən çox rast gəlinən səbəblərdən biri valideyn–uşaq arasındakı ünsiyyətin keyfiyyətidir. Burada məsələ valideynin uşağın yanında olub-olmaması deyil, onunla nə qədər diqqətli və qarşılıqlı ünsiyyət qurmasıdır. Uşaqla danışmaq, onu dinləmək, cavab gözləmək nitqin inkişafı üçün əsas stimuldur. Bir çox hallarda valideyn uşağın nə demək istədiyini öncədən anlayıb onun yerinə danışır və bu zaman uşaq danışmağa ehtiyac duymur.Digər mühüm faktor ekran istifadəsidir. Telefon, planşet və televiziya uşağı sakitləşdirə bilər, amma nitqi inkişaf etdirmir. Çünki nitq üçün qarşılıqlı reaksiya, mimika, səs tonu və emosional əlaqə lazımdır. Ekran qarşısında uşaq passiv qalır, dinləyir, amma ünsiyyətə daxil olmur. Bu da nitqin gecikməsinə səbəb ola bilir.Ailədaxili gərginlik, stresli mühit də nitq ləngiməsində rol oynayır. Daim səs-küy, mübahisə və ya emosional soyuqluq olan evdə uşaq özünü ifadə etməyə deyil, mühitə uyğunlaşmağa fokuslanır. Nitq isə daha çox təhlükəsiz və sakit mühitdə inkişaf edir".

Psixoloq, diqqətə çatdırıb ki, bəzi uşaqlarda utancaqlıq və səhv demək qorxusu müşahidə olunur. Belə ki, tez-tez düzəldilən və ya tənqid olunan uşaqlar danışmaqdan çəkinə bilirlər:
"Sosial mühitin məhdudluğu da önəmlidir. Digər uşaqlarla az təmasda olan, kollektiv oyunlara qatılmayan uşaqlarda nitqin inkişafı daha yavaş gedir. Çünki uşaq dili ən çox başqa uşaqlarla ünsiyyətdə aktiv şəkildə istifadə etməyi öyrənir.Burada vacib bir məqamı vurğulamaq istəyirəm ki, nitq ləngiməsi hər zaman intellektual gerilik demək deyil. Bir çox uşaq zehni baxımdan normal, hətta yaşına görə çox inkişaf etmiş ola bilər, sadəcə psixoloji və mühit amilləri nitqin inkişaf tempini yavaşladır.nitq təkcə loqopedlə həll olunan məsələ deyil. Emosional əlaqə, oyun, valideynin uşağa ayırdığı keyfiyyətli vaxt bu prosesdə çox böyük rol oynayır. Bəzən valideynin uşağa verdiyi on dəqiqəlik tam diqqətli ünsiyyət, aylarla gözlənilən irəliləyişdən daha təsirli ola bilir".
Fatimə Məmmədova
09:50 16.01.2026
Oxunuş sayı: 1489