Dövlət proqramının əhəmiyyəti
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin yenilənməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirə bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin yanaşmasında infrastruktur sadəcə texniki məsələ deyil, milli təhlükəsizliyin, sosial rifahın və davamlı inkişafın əsas dayaqlarından biridir. Dövlət başçısının çıxışı konkret bir proqramın təqdimatından daha geniş məna daşıyaraq, son iyirmi ilin inkişaf strategiyasının ümumiləşdirilmiş siyasi yekunu və eyni zamanda qarşıdakı onillik üçün müəyyən edilmiş strateji istiqamət kimi səsləndi.
Cənab Prezident çıxışının əvvəlində xüsusi vurğuladı ki, son 20 il ərzində icra olunan regional inkişaf proqramları ölkənin əsas infrastruktur problemlərini köklü şəkildə aradan qaldırıb. Elektrik enerjisi, qaz təchizatı, yol infrastrukturu və su təminatı sahələri vahid sistem kimi qurulub və bir-birini tamamlayır. Bu yanaşma təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin idarəçilik modelində ayrı-ayrı layihələrdən daha çox, uzunmüddətli və inteqrasiya olunmuş sistemlərin yaradılması əsas yer tutur. Enerji sahəsində idxalçı ölkədən ixracatçıya çevrilmiş Azərbaycanın təcrübəsi də bu baxışın uğurlu nəticəsidir. Bir zamanlar elektrik və qaz çatışmazlığı yaşayan ölkənin bu gün 10 min meqavata yaxın generasiya gücünə malik olması və enerji ixrac etməsi strateji planlaşdırmanın zamanla milli gücə çevrildiyini göstərir. Dövlət başçısı bu nümunəni təqdim etməklə su sektorunda da oxşar transformasiyanın mümkün və vacib olduğunu diqqətə çatdırır.
Cənab Prezident İlham Əliyevin çıxışında su məsələsi yalnız sosial rahatlıq müstəvisində deyil, həm də geosiyasi və təhlükəsizlik kontekstində təqdim olunur. Xüsusilə qeyd edilir ki, Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi uzun illər işğal altında olmuş ərazilərdə formalaşmışdı və bu, ölkə üçün ekoloji risklə yanaşı, siyasi asılılıq da yaradırdı. “Sərsəng” və “Suqovuşan” su anbarları ilə bağlı səsləndirilən fikirlər Ermənistanın illər boyu həyata keçirdiyi su terrorunun açıq etirafı kimi dəyərləndirilir. Bu mövzunun yenidən gündəmə gətirilməsi beynəlxalq ictimaiyyətə mesaj olmaqla yanaşı, azad edilmiş ərazilərdə görülən işlərin əhəmiyyətini də ön plana çıxarır. Bu gün həmin anbarların bərpası təkcə texniki uğur deyil, həm də Azərbaycanın suverenliyinin real təzahürüdür.
Dövlət başçısının çıxışında mühüm məqamlardan biri də iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyinə verilən önəmdir. Prezident açıq şəkildə bildirir ki, əgər son 20 il ərzində vaxtında su anbarları, kanallar və təmizləyici qurğular tikilməsəydi, bu gün Azərbaycan ciddi su böhranı ilə üzləşə bilərdi. Bu yanaşma Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsas prinsipini əks etdirir: problemləri yarandıqdan sonra deyil, əvvəlcədən qabaqlamaq. Yeni Dövlət Proqramı da məhz bu məntiq üzərində qurulub. Əhali artımı, sənayeləşmə və kənd təsərrüfatının genişlənməsi nəzərə alınaraq gələcək su tələbatı indidən hesablanır və planlaşdırılır.
Cənab Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su problemlərinin uzun illər ciddi məsələ olaraq qaldığını açıq şəkildə etiraf edir. Bu səmimiyyət və reallıqla üzləşmə dövlət başçısının siyasi üslubunun mühüm cəhətidir. Görülən işlər inkar edilmir, lakin yetərli hesab olunmur. Məhz buna görə 2035-ci ilə qədər nəzərdə tutulan genişmiqyaslı Dövlət Proqramı qəbul edilir. Proqramın əsas məqsədləri konkret rəqəmlərlə ifadə olunur: fasiləsiz içməli su təminatının səviyyəsi 70 faizdən 95 faizə çatdırılacaq, kanalizasiya xidmətləri 50 faizdən 95 faizə yüksəldiləcək, su itkiləri 40–45 faizdən kəskin şəkildə azaldılacaq, təxminən 30 yeni su anbarı inşa ediləcək, yüzlərlə kilometr magistral və paylayıcı şəbəkə qurulacaq. Bu hədəflər göstərir ki, proqram lokal tədbirlərlə məhdudlaşmır, şəhər mühitinin və həyat keyfiyyətinin köklü şəkildə dəyişdirilməsini hədəfləyir.
Leysan yağışları zamanı Bakının iflic vəziyyətinə düşməsi problemi də Prezident tərəfindən açıq şəkildə dilə gətirilir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, dövlət başçısı problemi nə dramatikləşdirir, nə də zəif cəhətləri gizlədir. 30 əsas küçədə yeni yağış kollektorlarının qurulması, dənizə axıdılan suların tam təmizlənməsi, Hövsan təmizləyici qurğusunun yenilənməsi ekoloji təhlükəsizliklə şəhər rahatlığının uzlaşdırılmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də su sektorunda rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun tikintisidir. Xəzər dənizinin su potensialından istifadə etməklə Abşeron yarımadasının su təhlükəsizliyinin artırılması ideyası Azərbaycanın texnoloji imkanlarını və gələcəyə yönəlmiş baxışını nümayiş etdirir. Layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi isə Azərbaycanın etibarlı tərəfdaş və maliyyə baxımından güclü dövlət olduğunu bir daha təsdiqləyir.
Dövlət başçısı proqramın icrasında nəzarət mexanizmlərinə xüsusi əhəmiyyət verir. Hökumət strukturları, Prezident Administrasiyası və ictimai nəzarətin paralel fəaliyyəti tələbi bu proqramın sadəcə icra sənədi deyil, geniş ictimai məsuliyyət daşıyan strateji sənəd olduğunu göstərir. Mətbuatın rolunun vurğulanması isə şəffaflıq və hesabatlılıq prinsiplərinin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Yanvarın 12-də keçirilmiş müşavirə bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyev su məsələsinə sırf texniki problem kimi deyil, milli təhlükəsizlik, sosial rifah və dövlətin uzunmüddətli dayanıqlığı prizmasından yanaşır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasında həyat keyfiyyətini əsaslı şəkildə dəyişməklə yanaşı, Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm sütunlarından birinə çevriləcək. Bu çıxış həm görülən işlərin geniş hesabatı, həm qarşıdakı hədəflərin dəqiq yol xəritəsi, həm də məsuliyyətli və uzaqgörən dövlət idarəçiliyinin siyasi manifesti kimi dəyərləndirilir.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü
11:27 16.01.2026
Oxunuş sayı: 1152