Magistr oxumaq bizə lazımdırmı?
Ötən gün Dövlət İmtahan Mərkəzi magistratura qəbul imtahanları üçün qeydiyyatı açıq elan etdi. Bu elan cəmiyyətimizdə hər il minlərlə insan üçün yeni bir “şans” kimi təqdim olunur. Amma çox az adam bu mərhələdə özünə bu sualı verir: Mən magistr oxumalıyammı? Mən bu imtahana niyə girirəm? Mən hara gedirəm?
Əslində bir balaca düşünsək problemin imtahanda deyil, imtahana yüklədiyimiz fövqəladə mənada olduğunu aydın şəkildə görə bilərik.
Ölkəmizdə magistratura (həmçinin bakalavr) uzun illərdir ki, yalnız təhsil pilləsi rolundan çıxıb psixoloji sığınacaq rolunu oynayır. İş tapa bilməyənlər üçün vaxt udmaq, qərarsız qalanlar üçün məsuliyyəti təxirə salmaq, evləndirilmək istəməyənlər üçün imkan tapmaq, cəmiyyətin gözündə “hələ yoldayam” demək və qeyd etmədiyimiz bir çox məsələlərin ən rahat üsulu kimi görünür. Təəssüf ki, magistr oxuyanların çox az hissəsi həqiqətən də magistr oxumaq istəyənlərdir. Cəmiyyət olaraq təəssüf ki, bizim bu tendensiyanı sağlam istiqamətə yönəltmək cəhdlərimiz ya yoxdur, ya da yoxdur deyəcək qədər təsirsizdir.
Rəsmi dövlət orqanlarının statistik məlumatlarına baxan zaman magistr təhsilinin əmək bazarımızda ciddi dəyişiklik yaratmadığını görürük. Statistikanı kənara qoyub öz ətrafımıza baxsaq belə magistr təhsili alıb, karyerasında fərq yaradan çox az adam görə bilərik. Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyinin açıq hesabatlarında açıq şəkildə görünür ki:
• Əmək bazarında praktiki bacarıqlar, çevik kompetensiyalar və uyğunlaşma qabiliyyəti diplomdan daha sürətli dəyər qazanır
• Eyni ixtisas üzrə hər il yüzlərlə məzun hazırlanır, amma real tələbat məhduddur.
25 yaşdan sonra insan artıq başa düşür ki, problem biliyin azlığında deyil. Problem istiqamətin olmamasındadır. Ümumiləşdirməli olsaq:
Bizdə magistr oxumaq çox vaxt məqsəd yox, status hesab edilir.
Nümunə olaraq deməli olsaq, hüquqşünas olmaq valideynləri sakitləşdirir, mühəndislik “təhlükəsiz gələcək” illüziyası yaradır, magistr dərəcəsi isə cəmiyyətə mesaj verir: “Mən qonşudan geri qalmadım.”
Statistika göstərir ki, 30 yaşdan sonra karyera dəyişmək istəyənlərin əhəmiyyətli hissəsi bunu yanlış təhsil seçimi ilə əlaqələndirir. Yəni problem gecikmir — daha erkən başlayır.
Biz uğuru əsasən səhv yerdə axtarırıq.
Magistrə qəbul olmusansa – alqışlar
Diplom almısansa – təbriklər
Amma 5 il sonra özünü sevmədiyin işdə tapmısansa – susub qismət deyirik, bizi alqışa tutan ətrafımız bir anda yox olur. Başa düşmürük ki, bu, dəhşətli kollektiv bir illüziyadır.
Daha sərt olan reallıq bizə deyir ki, özünü tanımadan ixtisas seçənlərin əksəriyyəti motivasiya itkisinə, peşə yanğısına (burnout), daimi olaraq narazılıq düşüncəsinə və ən nəhayət mən daha artığını edə bilərdim peşmanlığına gətirib çıxarır.
Bu mərhələdə problem artıq təhsil yox, həyat keyfiyyəti probleminə çevrilir.
Müasir karyera yanaşmaları açıq şəkildə göstərir ki, özünüdərk üzərində qurulan seçimlər gələcəyimiz üçün daha dayanıqlı karyera yaradır, daha yüksək peşə məmnuniyyəti formalaşdırır və daha az peşə dəyişikliyi ilə nəticələnir.
Yəni məsələ oxumaqda deyil.
Məsələ hansı ixtisası, nə üçün və kim olaraq oxumaqdadır.
Mən bu yazıda “magistr oxumayın” demirəm!
Mən deyirəm ki, əvvəl özünü tanı, nə istədiyini bil, sonra qərar ver!
Çünki məqsədsiz verilən təhsil qərarı gec-tez bizi eyni nöqtəyə gətirir:
• Diplom var, amma istiqamət yoxdur
• Təcrübə var, amma məmnuniyyət yoxdur
• Uğur var kimi görünür, amma daxildə boşluq qalır
Bəlkə də bu gün özümüzə verməli olduğumuz ən vacib sual budur:
Biz kim olmaq istəyirik, yoxsa kim olmağımız gözlənilir?
Cavab tapılmadıqca, magistratura sadəcə növbəti dayanacaq olacaq.
Tapıldıqda isə — təhsil həqiqi mənada dəyərə çevriləcək.

İlkin Şərifov
Karyera məsləhətçisi
10:43 16.01.2026
Oxunuş sayı: 1768