“Şəhərsalma və Memarlıq İli”ndə əsas hədəflər: Qarabağın yenidən qurulması və Bakının inkişafı
Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin ilk mühüm mərhələsini, Konstitusiyanın qəbulunun 30 illiyini və dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünü əhatə etməklə milli yaddaşın möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu qərar hüquqi dövlət prinsiplərinə sadiqliyin və milli suverenliyin qorunmasının dövlət siyasətində prioritet təşkil etdiyini bir daha nümayiş etdirdi. Bu məntiqi və ideoloji ardıcıllığın davamı kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsimizə verdiyi yüksək qiymətdir.
Crossmedia.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova deyib.
Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli”ndə qarşıda mühüm məqsədlər durur. İlk növbədə, şəhərlərin baş planlarının yenilənməsi, şəhərsalma norma və qaydalarının müasir tələblərə uyğunlaşdırılması, şəhərsalmada memarlıq irsinin qorunması, tarixi binaların inventarlaşdırılması və bərpası, qoruq ərazilərinin genişləndirilməsi və mühafizəsi mexanizmlərinin təkmilləşdirilməsi, müasir şəhər mühiti və infrastrukturunun qurulması, mədəniyyət və istirahət parklarının, meydanların, piyada zonalarının genişləndirilməsi və digər layihələrin icrası ön planda olacaq.
“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri ekoloji cəhətdən təmiz, “yaşıl texnologiyalar”a əsaslanır. Hazırda 30 ilə yaxın bir müddətdə işğal altında qalmış və yerlə-yeksan edilmiş şəhər və qəsəbələrimiz milli memarlıq üslubunda yenidən qurulur. “Şəhərsalma və Memarlıq İli”ndə həmin proses sürətlə davam edəcək.
Son illər ölkəmiz artıq yeni şəhərsalma və memarlıq mərkəzinə çevrilib. Bakıda həyata keçirilən milli memarlıq üslubunda inşa olunmuş binalar, yaşayış kompleksləri, ekoloji təmiz nəhəng şəhərsalma layihələri göz oxşayır. Sevindirici haldır ki, Bakı dünyanın ən təhlükəsiz, ekoloji təmiz turizm şəhərinə çevrilib. Azərbaycan dövləti şəhərsalmaya xüsusi diqqət ayırır. Belə ki, Bakı şəhərində gözoxşayan mədəniyyət və istirahət parkları salınır, nəqliyyat sistemi insanyönümlü olaraq yenidən qurulur. Paytaxtda 400-ə yaxın park yaradılıb və ya yenidən təmir edilib. Bu istiqamətdə həyata keçirilən siyasətin ana fəlsəfəsi dayanıqlı şəhər infrastrukturunun qurulması, sakinlər və turistlər üçün yüksək şəraitin yaradılmasıdır”,- deyə o əlavə edib.
“Dendrologiya Bağı” olaraq dövlət başçısının çağırışlarına və elan olunan ilin ruhuna uyğun fəaliyyətimizi quraraq işlərimizi sürətləndirmişik. Dendrologiya Bağının qorunması, bağ ərazisindəki bitki növlərinin, yaşıllıq sahələrinin genişləndirilməsi, zənginləşdirilməsi, onlara qulluq edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin mühafizəsinin təşkili, eyni zamanda, bitkilərin xəstəlik və zərərvericilərinə qarşı yüksək səmərəliliyə söykənən inteqrir mübarizə tədbirlərinin hazırlanmasını həyata keçiririk. Ölkə rəhbərliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, yaşıl şəhər, ekoloji təmiz ətraf mühit və dayanıqlı şəhər inkişaf strategiyasına Bakı şəhərinin Xəzər rayonunda, bütövlükdə Abşeron yarımadasında dəstək vermək əsas məqsədlərimizdəndir. “Şəhərsalma və Memarlıq İli”ndə qarşıda duran məqsədlərə əməl etmək hər bir vətəndaşın, alimin, məmurun, vətəndaş cəmiyyəti fəalının ümdə vəzifəsi olmalıdır”, - deyə S.Bağırova qeyd edib. (Azərtac)
09:37 16.01.2026
Oxunuş sayı: 1778