Süni İntellektin hər 50 cavabında yarım litr su itkisi - Dünya ekoloji böhrana gedir
Süni intellekt sistemlərinin sürətlə yayılması yalnız texnologiya inqilabı deyil, həm də böyük ekoloji problemlərə yol açır. Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ChatGPT və ona bənzər böyük dil modelləri hər 20-50 cavab üçün təxminən yarım litr su sərf edir. Dünya üzrə milyonlarla, hətta milyardlarla insan süni intellektdən istifadə etdikcə, bu sərf olunan suyun ümumi miqdarı inanılmaz ölçülərə çatır.
Bu su istehlakının səbəbi isə texnologiyanın iş prinsipindədir. Belə ki, süni intellekt serverləri elektrik enerjisi ilə işləyir və bu proses zamanı böyük istilik yaranır. Serverləri soyutmaq və məlumat mərkəzlərini stabil saxlamaq üçün suya ehtiyac duyulur. Hər bir böyük məlumat mərkəzi, bir şəhərin su istifadəsi qədər su sərf edə bilər.
Məsələn, 2021-ci ildə yalnız ABŞ-dəkı Google məlumat mərkəzlərinin su sərfi təxminən 12,7 milyard litr olub. Bu, 6,9 milyon BMW və ya 5,7 milyon Tesla elektrikli avtomobil istehsalı üçün lazım olan suya bərabərdir. Microsoft, Apple və Amazon kimi texnologiya nəhəngləri də hər il milyardlarla litr su istifadə edirlər.
Tədqiqatçılar bildirirlər ki, dünyada su resursları getdikcə azalır, çünki iqlim dəyişikliyi və qlobal quraqlıq problemləri artmaqdadır. Halbuki süni intellektin yayılması sürətlə davam edir. Bu isə yaxın gələcəkdə ciddi ekoloji böhran riskini gündəmə gətirir.
Beləliklə, texnologiya inqilabı yalnız həyatımızı asanlaşdırmır, həm də böyük resurs israfına və ekoloji təhlükələrə səbəb olur. Su kimi həyati əhəmiyyətli resursun süni intellekt üçün bu qədər sərf olunması, gələcək nəsillər üçün ciddi xəbərdarlıqdır.
Fatimə Məmmədova
09:04 16.01.2026
Oxunuş sayı: 1530