Nikahdan öncə psixoloji və narkoloji yoxlamalar zəruridirmi? - Ekspertlər açıqladı
Azərbaycanda nikahdan öncə sağlamlıq müayinələrinin aparılması qanunvericiliklə məcburidir. Bu müayinələr genetik və yoluxucu xəstəliklərin gizli daşıyıcılarının vaxtında aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır. Cütlüklərin genetik sağlamlıq vəziyyəti barədə məlumatlı olması irsi xəstəlik risklərinin minimuma endirilməsinə imkan yaradır. Sözügedən testlər əsasən irsi və yoluxucu xəstəliklərin, eləcə də qan qrupu uyğunsuzluğunun müəyyən edilməsi məqsədilə həyata keçirilir.
Lakin sual yaranır: ailə qurmaq üçün yalnız tibbi müayinələrlə kifayətlənmək nə dərəcədə doğrudur? Evliliyə hazırlaşan şəxslərin psixoloji və narkoloji durumu nə dərəcədə nəzərə alınmalıdır? Bu sahədə yoxlamaların aparılması zəruridirmi və qanunvericilikdə belə bir mexanizm ümumiyyətlə mümkündürmü?

Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nikahdan öncə tibbi müayinə Ailə Məcəlləsi ilə tənzimlənir:
“Nikah üçün tərəflərin yazılı razılığı və müayinədən keçdiklərini təsdiq edən arayış tələb olunur. Arayış yalnız müayinənin aparıldığını göstərir, nəticələri yox. Qeydiyyat orqanları bu nəticələri tələb edə bilməz, çünki onlar həkim sirri hesab olunur”.
Hüquqşünasın sözlərinə görə, psixoloji və narkoloji arayışların nikah üçün məcburi edilməsi hüquqi baxımdan sadə məsələ deyil:
“Məcburi psixoloji arayış nikah hüququna əlavə baryer yarada və şəxsin sağlamlıq məlumatlarına müdaxilə edə bilər. Ailə Məcəlləsi artıq ciddi filtr rolunu oynayır: ruhi xəstəlik və ya kəmağıllıq səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxslər nikah bağlaya bilməz”.
Ə. Allahverdiyev əlavə edib ki, gələcəkdə bu sahədə dəyişikliklər nəzərdə tutulacaqsa, məcburi arayışlar əvəzinə könüllü psixoloji məsləhət, maarifləndirmə və riskli hallara yönəlik konsultasiyalar daha təhlükəsiz və hüquqi baxımdan əsaslandırılmış mexanizm ola bilər:
“Çünki arayış nikaha maneə yaratdıqda həm hüquqi, həm də məxfilik problemləri meydana çıxır”.

Sosioloq Əhməd Rəhmanov isə sorğumuza cavab olaraq bildirib ki, qanunvericilikdə psixoloji və narkoloji yoxlamaların nəzərdə tutulması müsbət addım ola bilər. Onun fikrincə, xüsusilə psixoloji yoxlamalar vacibdir:
“Bu gün boşanmaların artması onu göstərir ki, ailə quranların çoxu psixoloji baxımdan ailə məsuliyyətini daşımağa hazır deyil. Ailə böyük məsuliyyətdir və həm oğlan, həm də qız buna psixoloji cəhətdən hazır olmalıdır”.
Sosioloq hesab edir ki, psixoloq şəxslə müəyyən müddət ərzində işləməli, onun ailə məsuliyyətini daşımağa hazır olub-olmadığını qiymətləndirməlidir:
“Əgər hazır deyilsə, bu həm özü, həm də cəmiyyət üçün problem yarada bilər”.

Mövzunun psixoloji tərəfinə münasibət bildirən psixoloq Minarə Səbzəliyeva qeyd edib ki, bir çox ölkələrdə nikahdan öncə psixoloji yoxlamalar qanunla tənzimlənməsə də, cütlüklər könüllü şəkildə sosial və psixoloji kurslara qatılır, ailə psixoloqlarına müraciət edirlər.
Onun sözlərinə görə, nikahdan öncə aparılan psixoloji analizlərin əsas məqsədi evliliyə qadağa qoymaq deyil, riskləri və resursları öncədən müəyyənləşdirməkdir:
“Bu cür qiymətləndirmələr impulsivlik, patoloji qısqanclıq, emosional partlayışlar, asılılıq meylləri, zorakı davranış riski, stress və konfliktlə mübarizə bacarıqları kimi ailə həyatı üçün kritik faktorları üzə çıxara bilər”.
Psixoloq qeyd edib ki, bu yoxlamalar cütlüklərə həm özlərini, həm də qarşı tərəfi daha real tanımaq imkanı yaradır:
“Konfliktlərin idarə olunması, empatiya, emosional ifadə, valideynlik modeli, ailədaxili sərhədlər və gözləntilərin əvvəlcədən müzakirəsi üçün bu proses mühüm fürsətdir. Psixoloji çətinliyin olması insanın nə dəyərini, nə də evlənmək hüququnu ləğv etmir. Düzgün aparılan psixoloji qiymətləndirmə zorakılığın qarşısının alınmasına, etimadın möhkəmlənməsinə və sağlam ailə modelinin qurulmasına xidmət edir”.
Nəzrin Abbas
11:00 16.01.2026
Oxunuş sayı: 1654