İran uçurumun astanasında: Qacarların hakimiyyətə qayıdışı mümkündürmü?
İranda son dövrlər müşahidə olunan siyasi gərginlik fonunda ölkənin gələcək idarəetmə modeli ilə bağlı müxtəlif ssenarilər gündəmə gəlir. Tarixi baxımdan, Qacarlar sülaləsi dövründə İran həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan inkişaf yolunda addımlar atmış, xalqın rifahını qorumağa çalışmışdı. Onlar ərazi bütövlüyünü müdafiə etmiş, daxili qarışıqlıqlar və xarici təzyiqlərlə mübarizə aparmışlar.
1920-ci illərdə isə Rza Pəhləvi hərbi və siyasi səhnəyə çıxaraq Qacarlar sülaləsini devirdi. Buna baxmayaraq, Qacarlar dövrü milli-mədəni irsin, dövlət ənənələrinin və Türk-İran mədəni əlaqələrinin formalaşmasında mühüm rol oynamışdır. Onların idarəçiliyi, xalqa münasibəti və siyasi bacarıqları İran tarixində unikal yer tutur.
Son dövrlərdə isə monarxiya üsul-idarəsinin yenidən bərpası və Pəhləvilər sülaləsinin hakimiyyətə qayıdışı barədə səslənən fikirlər regionda geniş müzakirələrə səbəb olub. Eyni zamanda, ölkədə baş verən etirazlar ciddi insan itkisi ilə müşayiət olunur. Son iki gündı İranda baş verən etirazlar nəticəsində 2.000 nəfər qətlə yetirilib. Qacarlar sülaləsinin İranda yenidən hakimiyyətə gəlməsi barədə mütəxəsislər Crossmedia.az-a açıqlama veriblər.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılovun sözlərinə görə, bu proseslərə o dövrün reallıqları prizmasından baxmaq lazımdır: "Bu gün biz həmin dövrlə indiki zamanı müqayisə edib nəticə çıxarırıq, amma o dövrün siyasi reallıqları tamam fərqli idi. Çünki Babək Mirzənin, yəni Qacar xanədanının hakimiyyətinin 1925-ci ildə sona çatması o deməkdir ki, o dövrdə mövcud siyasi güclərin maraqlarına cavab vermirdi. Qacar xanədanlığı milli-etnik türk kimliyinə mənsub olduğu üçün həmin dövrdə turançılıq ideyaları müəyyən populyarlıq qazanmışdı. Bu da həmin coğrafiyada siyasi prosesləri tənzimləyən güc mərkəzlərində ciddi narahatlıq yaradırdı. Məhz buna görə Rza Şah Pəhləvini hakimiyyətə gətirməklə və Qacarlar sülaləsinin fəaliyyətinə xitam verməklə müəyyən mənada türk birliyinin və turan birliyinin qarşısını almağı hədəfləyirdilər".
M.Cəbrayılov, həmçinin, Rza Şah Pəhləvinin hakimiyyətə gətirilməsi ilə İranla bağlı yeni siyasi format formalaşdırıldığını, daha çox İran üzərində nəzarət mexanizmi qurulduğunu bildirib: "Çünki bu səlahiyyətləri Babək Mirzədən almaq o dövrün geosiyasi reallıqları və beynəlxalq münasibətlər sistemindəki mövcud şərtlər fonunda mümkün deyildi. Həmin dövrdə geosiyasi güc mərkəzlərini formalaşdıran ABŞ, Böyük Britaniya və Avropanın aparıcı siyasi mərkəzləri faktiki olaraq İranda hakimiyyətin farsların əlinə keçməsinə yaşıl işıq yandırmışdılar.Təbii ki, bunun bir çox səbəbi var idi. Milli-etnik səbəblərlə yanaşı, İranda enerji resurslarının mövcudluğunun artıq məlum olması və bu resurslar uğrunda mübarizə kontekstində yeni bir fars xanədanlığına ehtiyac duyulurdu. Elə bir hakimiyyət ki, onu özləri formalaşdırıb nəzarətdə saxlaya bilsinlər. Bu da baş verdi. İran inqilabına qədər Pəhləvilər hakimiyyətinin qalmasına yaşıl işıq yandırdılar. Daha sonra məlum oldu ki, ABŞ ilə Pəhləvilər hakimiyyəti arasında ciddi iqtisadi və siyasi razılaşmalar mövcud idi. Bu razılaşmalar əsasən neft müqabilində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tuturdu. Bu layihələr İran səhralarının yaşıllaşdırılması və digər sahələri əhatə edirdi. Bu gün məsələyə tarixi və siyasi kontekstdən baxdıqda müəyyən mənzərə aydın olur. Lakin bugünkü reallıqlar prizmasından baxanda Rza Şah Pəhləvinin və ümumiyyətlə Pəhləvilərin yenidən İrana qaytarılması Azərbaycan türkləri tərəfindən birmənalı qarşılanmır. Bunun əsas səbəbi tarixi keçmişdir. Pəhləvi hakimiyyəti dövründə azərbaycanlılara qarşı ciddi repressiyalar, assimilyasiya siyasəti və qəddar münasibət mövcud olub".
Mütəxəssisin sözlərinə görə, indiki hakimiyyət də bu baxımdan fərqlənmir: "Bu gün İranda baş verən proseslərə baxdıqda, davranış baxımından Pəhləvilər dövründən ciddi fərq görmürük. Bu onu göstərir ki, mövcud teokratik sistemin alternativi kimi təqdim edilən Pəhləvi hakimiyyəti də monarxiya ənənəsini davam etdirən və azərbaycanlılara qarşı repressiv siyasət yürüdən bir nəslin nümayəndəsidir. Bugünkü reallıqlar kontekstində Pəhləvilər İranda sabitliyi qoruyacaq və birliyi möhkəmləndirəcək bir fiqur deyil.
Azərbaycanlılar üçün əsas ehtiyac Qacarları və ya monarxiyanı geri qaytarmaq deyil. Daha çox müasir düşüncəli, çağdaş dünyanın tələblərini anlayan, regional və qlobal prosesləri düzgün dəyərləndirə bilən liderə ehtiyac var. Düşünürəm ki, belə liderlərin azərbaycanlıların öz içərisindən çıxma ehtimalı kifayət qədər yüksəkdir və bu, mövcud siyasi proseslər fonunda mümkündür.
Faktiki olaraq Azərbaycan türklərinin milli azadlıq hərəkatı çərçivəsində ortaya çıxacaq liderlər bu boşluğu doldura bilər. Yaxın gələcəkdə bu prosesləri izləmək və nəticələrini görmək mümkün olacaq. Tarixə nəzər salsaq, Qacarlar sülaləsinin uzun müddət İranda hakimiyyətdə olması dövründə ölkənin ərazi bütövlüyü, azərbaycanlıların siyasi mövqeyi və sosial rifah səviyyəsi Pəhləvilər dövrü ilə müqayisədə daha əlverişli idi. Bu baxımdan Qacarlar dövrünün İran tarixində xüsusi yeri olduğu da danılmazdır".

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Şölət Zeynalov hazırda İranda çox gərgin bir vəziyyət yarandığını deyib və Pəhləvilər hakimiyyəti barədə fikirlərini bölüşüb: "Bu durum təbii ki, bir-iki gündə meydana gələn hadisə deyil. 1979-cu ildən bəri İrana hakim olan qüvvələr bu gün özlərinin ən kritik nöqtələrinə gəlib çatıblar. Bunun həm daxili, həm xarici, həm də ideoloji səbəbləri var. Lakin əsas məsələ ondan ibarətdir ki, bu gün İranda hakimiyyətin qalması və ya getməsi məsələsi artıq real problem kimi gündəmdədir. Digər tərəfdən isə şahlıq, monarxiya rejiminə qayıdış ideyasını irəli sürən müəyyən qüvvələr mövcuddur. Bu kontekstdə əsasən son şah Məhəmmədin oğlu Rza Pəhləvi ön plana çıxarılır".
Mütəxxəsis, İran müxalifətinin ideoloji parçalanması və rejimdən sonrakı İran modeli ilə bağlı da fikrini bildirib: "Bu gündəmin içərisində Rza Pəhləvi daha aktiv görünür. Çünki İranda baş verən proseslər içərisində digər legitim və simvolik ümumi obraz demək olar ki, yoxdur. İranın parçalanması deyil, vahid İran çərçivəsində demokratik dəyişikliklərə getmək baxımından ölkənin legitim prezidenti Məsud Pezeşkian var. O, xalqa açıqdır, demokratik və sekulyar fikirləri ilə daha aktual görünür. Onun daha çox önə çəkilməsi İranın vahidliyinin qorunması baxımından daha məqbul olardı. Pəhləvini əsasən xarici qüvvələr dəstəkləyirlər. Onu liberal, sekulyar və müasir dünyaya uyğun biri kimi təqdim edirlər. Lakin, hesab edirəm ki, bu qətiyyən belə deyildir. Avropa ölkələrində və ABŞ-də onun şah dövrünü stabillik və dünyəvilik simvolu kimi təqdim olunur".
Ş.Zeynalov bildirib ki, reallıq fərqlidir. Şah dövründə ciddi problemlər yaşanıb, çoxlu sayda insanlar qətlə yetirilib, xüsusilə azərbaycanlılara qarşı bunlar həyata keçirilib: "Bu səbəbdən Rza Pəhləvinin bu gün ümumi simvol kimi qəbul olunması mümkün deyil. İran daxilində Rza Pəhləvini dəstəkləyən qüvvələr çox azdır. Şəhər mühitində müəyyən dəstək olsa da, ümumi kütlə arasında bu dəstək zəifdir. Hətta bəzi hallarda Rza Pəhləvidən daha çox tərəfdarı olduğu görünür. Tarixi kontekstdə baxsaq, Pəhləvilər sülaləsi hakimiyyətə çevriliş yolu ilə gəlib. 1921-ci ildə Rza Pəhləvi hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirib. Bu baxımdan yenidən monarxiyaya qayıdış yanlış olardı.
Əgər İranda hakimiyyət dəyişəcəksə, bu yalnız sekulyar, demokratik və dünyaya açıq bir sistem ola bilər. Rejim artıq legitimliyini itirmək üzrədir. Buna baxmayaraq, ABŞ və bəzi Avropa ölkələri açıq şəkildə olmasa da, Rza Pəhləviyə üstünlük verirlər. Qacarlar sülaləsinin varisi Babək Mirzə tarixi baxımdan daha legitim sayıla bilərdi, lakin bu variantı da real hesab etmirəm. Çünki Babək Mirzə İran cəmiyyətində kifayət qədər tanınmır və özü də aktiv siyasi fəaliyyət göstərmir. Nəticə olaraq demək olar ki, nə Pəhləvilərin monarxiyasının bərpası, nə də digər monarxiya variantları bugünkü İran üçün çıxış yolu deyil. İranın parçalanmaması, etnik və regional qarşıdurmaların dərinləşməməsi üçün ən məqbul yol daxili dialoq və islahatlar ola bilər. Bu baxımdan Məsud Pezeşkianın legitim prezident kimi qalması və sistem daxilində dəyişikliklərin aparılması mümkündür".
Mütəxxəsis, əgər İran parçalanma yoluna girərsə, bu, bölgəni böyük və təhlükəli bir xaosa sürükləyə biləcəyini ehtimal edib: "Yaxın günlərdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini görəcəyik. Amma rejim hər halda xalqla dialoqa açıq olmalıdır. Artıq çoxlu qan tökülüb. Müxtəlif mənbələrə görə ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilir. Qeyd edim ki Pəhləvi sülaləsi hakimiyyətə 1925-ci hərbi çevrilişlə gəlib".
Fatimə Məmmədova
11:05 15.01.2026
Oxunuş sayı: 6000