GÖRÜNMƏZ DÜŞMƏN: Dəm qazı beyinə sürətlə təsir edir və öldürür
Son illər, xüsusilə də qış aylarında bir çox evdə mətbəxdə, hamamda və istilik sistemlərində qaz cihazlarından istifadə artır. Lakin çox az adam bilir ki, düzgün yanmayan qaz cihazları və qeyri-kafi havalandırma dəm qazı (karbon monoksid) riskini ciddi şəkildə yüksəldir. Bu qaz görünməz və qoxusuz olduğu üçün insan orqanizmi üçün sürətlə təhlükəli hala gələ bilər.
Mütəxəssislər bildirirlər ki, dəm qazı natamam yanma məhsulu olaraq həm insan sağlamlığı, həm də təbiət üçün ciddi zərər daşıyır. Hətta ev şəraitində adi məişət cihazlarında yaranan nasazlıqlar belə sürətli zəhərlənməyə səbəb ola bilər.
Dəm qazı xüsusilə gecə saatlarında təhlükəlidir – insanlar yuxuda olarkən onun təsirini hiss etmir və nəticədə ağır zəhərlənmələr baş verə bilər. Ventilyasiyanın və tüstü bacalarının düzgün işləməməsi, qaz cihazına müdaxilə və ya qeyri-standart quraşdırmalar isə riskləri qat-qat artırır.
Eyni zamanda dəm qazı yalnız insanlar üçün deyil, heyvanlar və bitki örtüyü üçün də təhlükəlidir. O, qan vasitəsilə oksigen daşınmasını əngəlləyir, beyin və ürək fəaliyyətinə mənfi təsir göstərir, bitkilərdə fotosintez prosesini ləngidir və ekosistemdə balansı poza bilər.

Bununla bağlı Crossmedia.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova dəm qazının tez bir zamanda qan vasitəsilə beynə təsir etdiyini bildirib: "Dəm qazı çox ağır bir zəhərlənməlidir və tez bir zamanda qan vasitəsilə beyinə təsir edir. Xəstələrdə yüngül, orta və ağır dərəcədə zəhərlənmə olar. 10-15% yüngül, 30-35%- ə qədər orta, 35-40% ağır, 40%-dən yuxarı isə ölümlə nəticələnə bilər . İlkin dövrlərdə xəstələrdə ürəkbulanma, başgıcəllənmə, başağrıları kimi hallar müşahidə olunur. Xəstə o anda hiss edərsə , özü otaqdan çıxarsa qurtulmuş hesab oluna bilər. Əgər o andaca xəstə çıxmırsa, yaxud çıxa bilmirsə huşunu itirmiş olur və huşsuz vəziyyətdə xəstəni hamam otağında , yaxud başqa bir otaqda tapırlar. Xəstəni bu vəziyyətdə tapan şəxs dərhal qaz haradan sızıbsa onu bağlamalı, pəncərələri açmalıdır və xəstə tez bir zamanda xəstəxanaya çatdırılmalıdır. Ən ağır hallarda süni tənəffüs , süni masaj vermək məsləhət görülür. Qaz olan hər hansı yerdən bu sızma yayıla bilər. İstər iran peçi olsun, istər ceyran peçi, harada qaz varsa, orada texniki şəraitə riayət olunmayıbsa, hamamda pəncərənin açıq olmaması hallarında belə hadisələr baş verir".
Həkimin sözlərinə görə, yaxın zamanlarda zəhərlənən bir ailə 6-7 nəfər xəstəxanaya müraciət edib. Belə ki, onlar "ceyran peçi"nin çıxacağını suyun içərisinə qoymuşdular. Bu səbəbdən ailənin bütün üzvləri zəhərlənmişdi.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə açıqlamasında dəm qazından qorunmaqla bağlı edilməsi vacib olan tədbirləri qeyd edib: "Dəm qazından qorunmaq üçün mütləq qaz cihazlarının təhlükəsizliyi təmin edilməlidir. Yəni, qaz cihazlarına hər hansı bir kənar müdaxilə etmək, qeyri-metal borularla qaz xəttinin çəkilməsinə şərait yaratmaq olmaz. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir və normativ standartlara uyğun olmalıdır. Əgər tüstü bacaları normativ standartlara uyğun deyilsə, dəm qazının yaranmasına səbəb olur".
Ekspertin sözlərinə görə, məişətdə qaz cihazından istifadə olunursa, həmin otaqda mütləq havalandırma və ventilyasiya (nəfəslik) olmalıdır: "Dəm qazı natamam yanma məhsuludur ki, yanma prosesi düzgün getmədikdə yaranır. Bu da o zaman baş verir ki, tüstü bacası işlək vəziyyətdə olmur və qaz cihazına kənar müdaxilələr edilir".

Həmçinin, ekoloq İlqar Xəlilov dəm qazının təbiətə vurduğu zərərlə bağlı fikirlərini bölüşüb: "Dəm qazı ən təhlükəli və səssiz ölümə səbəb olan qazdır. Onun yaranma səbəbləri üzvü yanacağın tam yanmamasıdır. Dəm qazı atmosferdə digər qızlara qarışaraq onların istixana effektini artırır. Müasir dövrdə ən çox CO mənbəyi nəqliyyat vasitələri, sənaye, kənd təsərrüfatı və məişətdə müxtəlif yanacaqdan istifadədir. CO həm insanlara , həm də bitki və heyvanat aləminə mənfi təsir göstərir. Məsələn, insanların qanında oksigen çatışmazlığına səbəb olur. Eyni proses heyvanlar üçün də xarakterikdir. Bitki örtüyündə isə fotosintez prosesinin gedişatını ləngidir. CO yaranmasının qarşısını almaq üçün yanma texnologiyaları təkmilləşdirilməli, alternativ enerji mənbələrindən (günəş, külək, su, geotermal və s.) istifadə edilməlidir".
Ekoloq tövsiyyə edib ki, nəqliyyatda elektrik, hibrid,bioqaz və s. işləyən avtomobillərdən istifadə etmək lazımdır.
Fatimə Məmmədova
11:01 12.01.2026
Oxunuş sayı: 2340