Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü benzinin ucuzlaşmasına səbəb olacaq
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan yeni neft məhsulları partiyasının daxil olması fonunda ölkədə benzin və dizel qiymətlərinin aşağı düşəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Nazir bildirib ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl (1 000 tonu Qazaxıstandan, 5 580 tonu Rusiyadan), həmçinin 1 210 ton Azərbaycan benzini çatdırılıb. Onun sözlərinə görə, 2026-cı il yanvarın 8-nə olan məlumata əsasən, Azərbaycan ərazisi ilə 8 485 ton Rusiya taxılı Ermənistana daxil olub, 4 103 ton taxıl yoldadır. Eyni zamanda, 7 600 ton Azərbaycan neft məhsulu daşınır ki, bunun 6 100 tonu benzin, 1 500 tonu isə dizel yanacağıdır.
Papoyan qeyd edib ki, bu tədarüklər nəticəsində benzin və dizel yanacağının qiymətinin əvvəlki ayla müqayisədə litri təxminən 80 dram ucuzlaşacağı gözlənilir. Nazir əlavə edib ki, bazardakı bu inkişaf digər neft məhsulları satan şirkətləri də qiymətləri endirməyə təşviq edir.
Səriyyə Tağıyeva
12:06 09.01.2026
Oxunuş sayı: 1663