Britaniyadan İsrailə təhdid: Qəzza ilə bağlı tədbir görüləcək
Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İsrail hökumətinin Qəzza və İordan çayının qərb sahilindəki siyasətinin iki dövlətli həll perspektivini təhdid etdiyini bildirib və Britaniyanın mövqeyini sərtləşdirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Miliband Əmək Partiyasının illik konfransında çıxışı zamanı Qəzza və İordan çayının qərb sahilində baş verənləri tənqid edib. O, İsrail hökumətinin addımlarının fələstinlilərin yaşadığı ərazilərdəki vəziyyəti daha da ağırlaşdırdığını bildirib.
Nazir Britaniyanın qanunsuz hesab etdiyi yaşayış məntəqələrindən malların idxalını qadağan edəcəyini deyib. Həmçinin bu yaşayış məntəqələrinin genişləndirilməsinə maliyyə, tikinti, xidmət və daşınmaz əmlak sahələrində dəstək verən şirkət və şəxslərə qarşı tədbirlər görüləcəyini açıqlayıb.
Miliband Britaniya hökumətinin İsrail xalqı ilə deyil, İsrail hökumətinin siyasəti ilə fikir ayrılığı olduğunu vurğulayıb.
O, həmçinin Fələstin dövlətinin yaradılmasını və İsrail ilə yanaşı mövcud olmasını nəzərdə tutan iki dövlətli həllə təhlükə yaradan addımlara qarşı çıxacaqlarını bildirib.
Böyük Britaniya daha əvvəl də İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə qarşı yeni məhdudiyyətlər açıqlayıb. Hökumət işğal olunmuş Fələstin ərazilərindəki İsrail işğalını qanunsuz hesab etdiyini bildirib.
15:10 28.09.2026
Oxunuş sayı: 49