Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər
Türkiyə atəşkəs əldə olunduqdan sonra Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat üçün yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, Ankara Rusiya–Ukrayna müharibəsində dayanıqlı atəşkəsin təmin olunmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazırdır.
Bildirilib ki, Türkiyə hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində Ukraynaya göndərilməsi üçün ilk növbədə atəşkəsə nail olunmalı, bundan sonra isə missiyanın formalaşdırılması, vəzifələrin dəqiq bölgüsü və hər bir ölkənin töhfəsinin müəyyənləşdirilməsi zəruridir.
Nazirlik həmçinin vurğulayıb ki, Türkiyə mümkün atəşkəsdən sonra Qara dənizdə təhlükəsizlik və sabitliyin, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi planlaşdırmaya rəhbərlik edir.
Qeyd edək ki, Türkiyə regionda balansın qorunması baxımından mühüm əhəmiyyət daşıyan Montrö Konvensiyasını indiyədək diqqətlə, məsuliyyətlə, qərəzsiz və prinsipial şəkildə tətbiq edib və bundan sonra da tətbiq etməyə davam edəcək.
Fatimə Məmmədova
16:47 08.01.2026
Oxunuş sayı: 2219