Beynəlxalq investisiya forumundan Azərbaycan üçün gözləntilər
İnvestisiya iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvələrindən biridir. Nəzəri olaraq, investisiya dedikdə gəlir və ya iqtisadi səmərə əldə etmək məqsədilə maliyyə vəsaitlərinin, kapitalın, texnologiyanın və digər resursların istehsala, xidmətə, infrastruktura, innovasiyalara və s. yönəldilməsi başa düşülür. Müşahidələr göstərir ki, investisiyaların həcmi və istiqaməti ölkənin iqtisadi artım tempinə, istehsal potensialına və rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Xüsusilə, investisiyalar yeni müəssisələrin yaradılmasına, mövcud istehsal güclərinin genişlən-dirilməsinə, yeni texnika və texnologiyaların sürətli tətbiqinə təkan verir. Başqa sözlə desək, investisiyanın artması istehsal gücünün genişlənməsinə, bu da, öz növbəsində, məhsul və xidmətlərin artmasına gətirib çıxarır ki, nəticədə iqtisadi artım təmin edilmiş olur.
Bu mənada, 25–26 sentyabr 2026-cı ildə Bakı şəhərində keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xüsusi əhəmiyyət kəsb edir. Forumda sələndirilən fikirlərdən, aparılan müzakirələrdən də aydın oldu ki, ölkəmiz bir çox investorlar üçün cəlbedicidir. Azərbaycan üçün gözləntiləri həm forumda müzakirə olunan istiqamətlər, həm də imzalanmış sənədlər əsasında qiymətləndirmək mümkündür.
Məlum olduğu kimi, müasir qloballaşma dövründə milli iqtisadiyyatın dinamik tərəqqisinin zəruri şərtlərindən biri də qlobal məkana sürətli və səmərəli şəkildə inteqrasiya etməkdir. Başqa sözlə desək, xarici investisiyaların artırılması və real layihələrə çevrilməsi müasir qlobal çağırışların prioritetlərindən biridir. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə 23 sənəd imzalanıb ki, onların da ümumi dəyəri 10.8 milyard ABŞ dolları təşkil edir. Təbii ki, bu razılaşmaların yalnız niyyət sənədləri olaraq qalmaması, konkret investisiya layihələrinə, istehsal güclərinə və yeni iş yerlərinə çevrilməsi ölkəmiz üçün uzunmüddətli davamlı inkişafı təmin edəcəkdir.
Şübhəsiz ki, cəlb edilən investisiyalar dövlətimizin əsas iqtisadi prioritetlərindən olan qeyri-neft sektorunun inkişafına, bu sahəyə investisiyaların genişləndirilməsinə də imkan verəcəkdir. Bu mənada, forumun mühüm gözləntilərindən biri də Azərbaycan iqtisadiyyatında investisiyaların neft-qaz sektorundan kənarda şaxələndirilməsidir. İmzalanmış sənədlərdə sənaye, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsal iqtisadiyyat, maliyyə, tikinti və digər sahələr əhatə olunub ki, bu da qeyri-neft sektorunun inkişafı haqqında qeyd edilənləri bir daha təsdiq edir. Eyni zamanda, sadalanan sahələr iqtisadiyyatın daha çox əlavə dəyər yaradan vacib istiqamətləri olduğundan investisiyaların özünü doğrultma zamanının da cəlbedici olacağına əminlkik yaradır.
Xüsusilə, son illər nəqliyyat-tranzit qovşağının mühüm istiqamətinə çevrilmiş Orta dəhlizlə bağlı gözləntilər daha çox diqqəti cəlb edir. Azərbaycanın Orta Dəhlizdə investisiya və logistika mərkəzinə çevrilməsinə yönəlik müzakirələr də bunu sübut edir. Forumda Orta Dəhliz, nəqliyyat infrastrukturu və regional bağlantıların əsas müzakirə istiqamətlərindən biri olması, bu sahənin yalnız ölkəmizdə deyil, bütün dünyada prioritet olduğunu, nəqliyyat-kommunikasiya bağlantılarının inkişaf etdirilməsinin əsas qlobal çağırışlardan olduğunu ifadə edir. Gözlənti ondan ibarətdir ki, investisiyalar yalnız dəmir yolu və avtomobil yollarına deyil, həm də logistika mərkəzlərinə, limanlara, rəqəmsal gömrük sistemlərinə, anbarlara və multimodal daşımalarına yönələcəkdir. Beləliklə də, Azərbaycan tranzit ölkədən regional logistika və istehsal qovşağına doğru irəliləməklə yanaşı, həm də beynəlxalq nəqliyyat dəhlizlərini bir dəyər zəncirinə çevirmək imkanı genişlənəcəkdir.
Forumda müzakirələrin bir istiqamətini də yaşıl enerji və enerji keçidinin sürətləndirilməsi təşkil edib. Bərpa olunan enerji, elektrik ötürmə infrastrukturu və yaşıl texnologiyalar forumun əsas istiqamətlərindən olub. Bu sahəyə yeni xarici investisiyaların cəlb edilməsi enerji istehsalının diversifikasiyasına və Azərbaycanın regional enerji bağlantılarında rolunun genişlənməsinə xidmət edəcəkdir. Bütün bunlar həm də, Avropanın enerji təminatı və təhlükəsizliyində ölkəmizin rolunu daha da gücləndirəcək, Azərbaycanı dünyaya həm də alternativ enerji mənbəyi kimi tanıtmağa təkan verəcəkdir.
Forumda səslənən fikirlərdən də aydın olduğu kimi, müzakirələrin aktual istiqamətlərindən biri də süni intellekt və rəqəmsal iqtisadiyyata yeni investisiyaların cəlb edilməsi ilə bağlı olub.Onu da qeyd edək ki, AIIF 2026-da süni intellekt və rəqəmsal transformasiyanın ayrıca müzakirə olunması bu sahəyə qlobal marağın və ehtiyacın ifadəsi kimi qəbul edilə bilər. Əslində, süni intellekt və rəqəmsallaşma cəmiyyət və sənaye həyatının qaçılmaz reallığına çevrilib. Burada gözlənti yalnız texnologiyaların ölkəyə gətirilməsi deyil, həm də AI, data infrastrukturu, rəqəmsal logistika, fintech və yüksək texnologiyalı istehsal sahələrində yeni bizneslərin formalaşmasıdır. Hansı ki. bütün bunlar da texnologiya və bilik transferinin güclənməsinə, qabaqcıl təcrübənin çevik öyrənilməsi və tətbiqinə imkan yaradacaqdır. Bu baxımdan da, xarici investisiyanın Azərbaycan üçün əsas üstünlüklərindən biri də maliyyə vəsaitlərindən başqa əlavə texnologiya, idarəetmə təcrübəsi və yeni peşə bacarıqlarının ölkəyə gətirilməsidir. Böyük beynəlxalq şirkətlərin iştirakı yerli təchizatçıların və podratçıların beynəlxalq standartlara daha tez uyğunlaşmasını sürətləndirə bilər ki, bu da xarici bazarlara çıxış, ixracın şaxələndirilməsinə öz töhfəsini verə bilər.
Nəzərə alsaq ki, yuxarıda qeyd edilənlər yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin yaradılması ilə müşayiət olunacaqdır, onda investisiyaların daha genişmiqyaslı multiplikativ təsirə malik olduğu aydınlaşar. Forumda da səsləndirildiyi kmi, investisiyaların gələcəkdə sənaye parkları, kənd təsərrüfatı, turizm, logistika, azad iqtisadi zonalar və s. istiqamətlərə yönəldilməsi, vəsaitlərin Bakıdan kənara çılxacağına və beləliklə də regional inkişafa da mühüm töhfə verə biləcəyini göstərir.
Beləliklə, yekun olaraq, AIIF 2026-nın Azərbaycan üçün əsas məsələsi investisiya vədlərinin real iqtisadi nəticələrə çevrilməsiə, Forumda elan edilən 10.8 milyard dollarlıq layihə portfelinin reallaşması, uzunmüddətli və şaxələndirilmiş dinamik tərəqqi vəd edir. Xüsusilə, Orta Dəhliz, rəqəmsal logistika, yaşıl enerji və süni intellekt istiqamətlərinin bir-biri ilə yaxından əlaqələndirilməsi Azərbaycanın investisiya strategiyasında yeni imkanlar yaradır. Sonda onu da qeyd edək ki, investisiyalar iqtisadi tərəqqinin yalnız maliyyə mənbəyi deyil, həm də istehsal, texnologiya, infrastruktur, məşğulluq, ixrac və insan kapitalının inkişafını təmin edən kompleks amildir. Azərbaycan baxımından investisiyaların səmərəliliyinin artırılması üçün kapitalın qeyri-neft sektoruna, yüksək texnologiyalara, nəqliyyat-logistikaya, yaşıl enerjiyə, rəqəmsal iqtisadiyyata və insan kapitalına istiqamətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sonda vurğulamaq lazımdır ki, investisiyaların düzgün bölüşdürülməsi vəsaitlərin cəlb edilməsi qədər mühüm əhəmiyyət kəsb edir. Yəni vacib məqamlardan biri də, investisiyaları əlavə iqtisadi dəyər yaradan sahələrə, məhsuldarlığın, məşğulluğun və ixracın artımına, uzunmüddətli dinamik inkişafa yönəltməkdir.
17:05 28.09.2026
Oxunuş sayı: 367