Diasporda hər addım millətimizin xeyrinədir - MÜSAHİBƏ
Diaspora fəaliyyəti, bir xalqın mədəniyyətini, dilini və milli dəyərlərini xaricdə təmsil etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsi, milli kimliyimizi qorumaq və Azərbaycanı tanıtmaq istiqamətində həyata keçirilən təşəbbüslər həm ölkəmizin beynəlxalq imicini gücləndirir, həm də gənc nəsillərin milli dəyərlərə bağlılığını artırır. Diaspor fəaliyyətləri yalnız rəsmi dəstəklə deyil, həm də şəxsi səylərlə, əzmkarlıqla və davamlı çalışmaqla uğur qazanır.
Bu baxımdan, Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər Diasporu” rubrikamız çərçivəsində növbəti müsahibəmizi oxucularımıza təqdim edirik.
Bu dəfəki müsahibimiz Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayevdir. Kəmaləddin Ağayev Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəridir və soydaşlarımızın birliyini möhkəmləndirmək, milli dəyərlərimizi tanıtmaq istiqamətində davamlı və ictimai əhəmiyyətli işlər görür. O, yalnız yerli azərbaycanlıları bir araya gətirməklə kifayətlənmir, həm də Ukrayna cəmiyyətində Azərbaycan mədəniyyətinin tanıdılmasına töhfə verir. Belə ki, 2025-ci ildə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Krivoy Roqda keçirilən konsert proqramında Ağayev çıxış edərək milli musiqimizin əhəmiyyətini vurğulayıb. Ağayevin fəaliyyəti həm Ukrayna azərbaycanlılarının mədəni həyatını zənginləşdirir, həm də Azərbaycanın mədəni irsini yerli ictimaiyyətə tanıtmaq üçün mühüm platformalar yaradır.
-Ukraynaya köçdükdən sonra diaspor fəaliyyətinə qoşulmaq qərarı necə yarandı? Sizi bu istiqamətə gətirən əsas motiv nə idi?
-Ukraynada köçkünlük dövründən sonra Zaporoje şəhərinə gəldim və orada vəziyyətlə yaxından maraqlandım. Açığı, həmin müddətdə hər hansı fəal diaspora fəaliyyəti ilə rastlaşmadım. Zaporojedə təxminən bir il yaşadım. Daha sonra müəyyən səhvlərdən dərs çıxararaq Krivoy Roq şəhərinə köçdüm. Marağımdan özüm diaspora mərkəzinə getdim. Ora getməyimin konkret səbəbini dəqiq ifadə etmək çətindir. Yəqin ki, bu, adi bir vətənpərvər insanın daxilindən gələn ehtiyac idi - düşündüm ki, insan sonra yox, elə vaxtında getməlidir. Nəticədə diaspora mərkəzində üç il ərzində fəal şəkildə fəaliyyət göstərdim.
-2016-cı ildə Krivoy Roq Azərbaycan diasporasının yaradılması zamanı hansı çətinliklərlə üzləşdiniz?
-Onlarla birgə fəaliyyət göstərdiyim üç il ərzində müşahidə etdiyim nöqsanlara dəfələrlə diqqət çəksəm də, buna lazımi və adekvat reaksiya verilmədi. Yeni ideyalar irəli sürüldükdə isə onlar həddindən artıq şişirdilir, mənim təklif etdiyim məsələlərin mümkün olmadığı iddia edilir və nəticədə mövqeyimlə razılaşılmırdı. Bu səbəbdən dostlarımla birlikdə 2016-cı ildə yeni bir diaspora təşkilatı yaratmaq qərarına gəldik. Həmin ilin dekabr ayında Krivoy Roq Azərbaycan Diasporasını təsis etdik. İnşallah, bu il fəaliyyətimizin 10 illiyini qeyd edəcəyik. Bu 10 il ərzində həyata keçirdiyimiz fəaliyyətlərlə tanış olmaq üçün rəsmi Facebook səhifəmizə müraciət etmək mümkündür. Əsas məqsədimiz isə Azərbaycan xalqını layiqincə təmsil etməkdir.
-Diasporun ilk illərində əsas prioritetləriniz nələr idi?
-Biz ilkin olaraq qarşımıza bir məqsəd qoymuşduq: xalqımızı layiqincə təmsil etmək. Bütün fəaliyyətimizin əsasında da məhz bu dayanırdı. İlk günlərdən etibarən bazar günü məktəbi açdıq və ilk dəfə olaraq Xocalı faciəsi, eləcə də 20 Yanvar faciəsi ilə bağlı məlumatları küçələrdə insanlara çatdırmağa çalışdıq. Həmin dövrdə imkanlarımız kifayət qədər məhdud idi. Broşürlər hazırlayır, qısa videoroliklər çəkərək bu vasitələrlə insanlara müraciət edirdik. Mövcud imkanlar çərçivəsində məqsədlərimizə çatmağa çalışırdıq. Eyni zamanda Novruz bayramını, Müstəqillik Gününü və digər milli bayramlarımızı da qeyd edirdik. Burada əsas məqsədimiz Azərbaycan xalqının mentalitetini, dəyərlərini və mədəniyyətini yerli xalqa tanıtmaq idi. Bəziləri düşünür ki, artıq internet var və hər şey əlçatandır. Mən isə hesab edirəm ki, bu, kifayət deyil. Bizim borcumuz mətbəximizi, mədəniyyətimizi və digər sahələrdəki zənginliyimizi yaşadığımız şəhərdəki insanlara, xüsusilə də gənclərə birbaşa çatdırmaqdır. Əsas prioritetlərimiz də məhz bundan ibarət olub.
-Fəaliyyətiniz zamanı Ukrayna cəmiyyəti sizə necə dəstək göstərdi?
-Fəaliyyətimiz müddətində Ukrayna cəmiyyətinin bizə münasibəti müsbət olub, həm ictimaiyyət, həm də yerli qurumlar tərəfindən dəstək görmüşük. Açıq şəkildə demək istəyirəm ki, fəaliyyətimizi yaxından izləyən Ukrayna cəmiyyəti, eləcə də şəhər meriyasının əməkdaşları gördüyümüz işləri tanıdıqdan sonra bizə daha çox dəstək göstərməyə başladılar. Əvvəlki illərdə bizi kifayət qədər tanımırdılar. Bunun da səbəbi şəhərdə bir neçə diaspora təşkilatının mövcud olması idi. Təəssüf ki, onların bir qismi real fəaliyyət göstərməsə də, müxtəlif tədbirlərə və rəsmi görüşlərə dəvət olunurdular. Lakin bizim konkret və davamlı fəaliyyətimizi gördükdən sonra münasibət dəyişdi və dəstək artdı. Hesab edirəm ki, bu gün həm ictimaiyyət, həm də dövlət qurumlarının nümayəndələri bizi yaxşı tanıyır və fəaliyyətimizi dəstəkləyirlər.
-Azərbaycan dili, mədəniyyəti və milli kimliyimizin qorunması istiqamətində hansı layihələri həyata keçirmisiniz?
-Biz ilk günlərdən, yəni 2016-cı ildən etibarən çalışdıq ki, kiçik də olsa, Bazar günü məktəbi yaradaq və buna nail olduq. Hətta pandemiya dövründə belə fəaliyyətimiz olduqca uğurlu şəkildə davam edirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, yerli televiziya kanalları Bazar günü məktəbimizi çəkərək efirdə nümayiş etdirmişdilər. Bu, şəhər üçün maraqlı bir təcrübə idi. Çünki şəhərimizdə yəhudi icmasından sonra fəaliyyət göstərən azsaylı milli məktəblərdən biri məhz bizim məktəb idi və imkanlarımız məhdud olsa da, çox aktiv şəkildə fəaliyyət göstərirdik. Hətta 2015–2016-cı illərdən etibarən fəaliyyətimiz televiziya vasitəsilə işıqlandırılıb. Bu gün isə vəziyyət fərqlidir. Müharibə şəraitinə baxmayaraq, məktəbimizin yerləşdiyi əraziyə yaxın vaxtlarda raket düşsə də, məktəbimizə heç bir zərər dəyməyib. Məktəbimiz ofis daxilində yerləşir. Sadəcə olaraq, təhlükəsizlik baxımından valideynləri və uşaqları riskə atmaq istəmirik. Bu səbəbdən son bir neçə aydır ki, Bazar günü məktəbinin fəaliyyətini müvəqqəti olaraq dayandırmışıq. Buna baxmayaraq, məktəbimizin real nəticələri var. Şagirdlərimiz Azərbaycanda keçirilən şəhər və festival tədbirlərində iştirak edib, mükafatlar və yerlər qazanıblar. Hesab edirəm ki, dilimizin, mədəniyyətimizin və milli kimliyimizin qorunması istiqamətində bundan sonra da görəcəyimiz çox iş var. Onu da qeyd etmək istəyirəm ki, biz şəhərin mədəniyyət mərkəzləri ilə fəal əməkdaşlıq edirik. Xüsusilə 10 nömrəli musiqi məktəbi ilə rəsmi memorandum imzalamışıq və birgə fəaliyyət göstəririk. Həmin məktəbdə rəsm sinifləri fəaliyyət göstərir. Azərbaycan–Ukrayna dostluğunu, Qarabağ mövzusunu və digər istiqamətləri əks etdirən rəsmlər birgə hazırlanaraq ictimaiyyətə təqdim olunub. Bu fəaliyyətlərimiz gələcəkdə də davam edəcək. Hazırda həmin məktəblə birgə layihələrimiz var. İnşallah, Avropadan kiçik də olsa qrant əldə edə bilsək, daha genişmiqyaslı işlər görməyi planlaşdırırıq. Bundan əlavə, digər mədəniyyət mərkəzləri ilə də əməkdaşlığımız davam edir. Bizim təşəbbüsümüz nəticəsində şəhərdə 2024 və 2025-ci illərdə Azərbaycan Milli Musiqi Günləri keçirilib. Üzeyir Hacıbəylinin “Qarabağ şikəstəsi” və digər əsərləri şəhərin mədəniyyət mərkəzlərində səsləndirilib. Bu ifalar sonradan digər şəhər musiqi məktəbləri tərəfindən də repertuara daxil edilib. Həmçinin şəhərdə keçirilən yaz festivalında musiqi məktəblərindən biri birinci yerə layiq görülüb və bu uğurda bizim də töhfəmiz olub. Belə fəaliyyətlərimiz var və ümid edirəm ki, gələcəkdə də bu işlər davam edəcək.
-Sizin üçün “diaspor fəaliyyəti” anlayışı nə deməkdir: vəzifə, missiya, yoxsa vicdan borcu?
-Mən hesab edirəm ki, bu missiyadır. Çünki biz azərbaycanlıyıq, bəlli bir yaşımız var. Bizim dövrümüz müəyyən vaxtdan sonra bitəcək. Mən hesab edirəm ki, hər bir azərbaycanlı ölkəsini layiqincə təmsil etməlidir. Diaspor sahəsi elə bir sahədir ki, bu missiyanı öz üzərimizə götürmüşüksə, onu imkanlarımız daxilində deyil, mümkün olan ən yüksək səviyyədə həyata keçirməliyik. Bu, sadəcə fəaliyyət deyil, məsuliyyətdir. Bizim bunun üçün həm perspektivimiz, həm də potensialımız var. Təəssüf ki, bəzən bu yolda maneələr yaradan qüvvələr də olur, prosesə qoşulmayan, kənarda qalan insanlar da tapılır. Bu da işimizi çətinləşdirir. Amma mən inanıram ki, bütün bunlara baxmayaraq, gələcəkdə daha geniş, daha sistemli və daha təsirli fəaliyyət göstərəcəyik.
-Azərbaycan dövlətinin diaspora dəstəyini necə qiymətləndirisiz?
-Azərbaycan dövlətinin diasporaya göstərdiyi dəstək, sözün həqiqi mənasında, böyük bir nemətdir. Xaricdə fəaliyyət göstərən çoxsaylı diaspora qeyri-hökumət təşkilatları var və onların mövcudluğu zəruridir. Bununla yanaşı, təəssüf ki, bəzən sırf şəxsi maraqlar naminə diaspora təşkilatları yaradan insanlar da olur ki, bu da reallıqdır. Düşünürəm ki, dövlətimiz bu cür halları görür və həqiqətən işləyən, real fəaliyyət göstərən insanlara lazımi dəstəyi göstərir. Biz də bunu öz fəaliyyətimizdə hiss etmişik. Son illər ərzində dövlətimizin dəstəyini açıq şəkildə görürük. Diaspora qurumları fəaliyyətimizi paylaşır, rəsmi səhifələrdə işlərimizə yer verilir. 2025-ci ildə isə fəaliyyətimizə görə bizə kiçik də olsa maliyyə dəstəyi göstərildi. Hesab edirəm ki, yaxın illərdə həm dövlətimizin dəstəyi, həm də bizim ardıcıl və səmərəli fəaliyyətimiz daha böyük nəticələr verəcək. Bu baxımdan dövlət dəstəyi bizim üçün son dərəcə vacibdir. Açıq desəm, bu dəstəyin daha da genişlənməsini istərdik.
-Qarşıdakı illər üçün Krivoy Roq Azərbaycan diasporasının əsas hədəfləri nələrdir?
-Gələcək illər üçün əsas arzum odur ki, müharibə bitsin və şəhərimizdə sülh bərqərar olsun. Şəxsi arzum isə odur ki, şəhərimizdə Azərbaycan mədəniyyət evi yaradılsın. Həmin mərkəzdə bazar günü məktəbinin fəaliyyətini bərpa edib daha da genişləndirə bilək. Artıq qeyd etdiyim kimi, müxtəlif mədəniyyət mərkəzlərində klassik musiqimiz, milli rəqslərimiz təmsil olunur və biz bir çox mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edirik. Hətta bəzi mərkəzlərdə ukraynalı uşaqlar Azərbaycan rəqslərini ifa edirlər. Mən istəyirəm ki, bu proses daha geniş miqyas alsın. Əgər öz mədəniyyət mərkəzimiz olarsa, bu, bizə daha böyük imkanlar açar və fəaliyyətimizi daha sistemli şəkildə davam etdirməyə şərait yaradar. İnşallah, gələcəkdə bu hədəflərə çatacağıq.




09:22 07.01.2026
Oxunuş sayı: 2188