Avropadakı azərbaycanlılar Brüsseldə mini-futbol turnirində bir araya gəlib
Belçika Krallığının paytaxtı Brüsseldə 28 May - Müstəqillik gününə həsr olunan 3-cü “Suqovuşan Avropa mini-futbol turniri” keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi, Belçikada fəaliyyət göstərən MADANI platformasının təşkilatçılığı ilə baş tutub.
Turnirə 10-dan çox ölkədən 24 komanda qatılıb. İsveç və Estoniyadan gələn Azərbaycan icmasının komandaları da daxil olmaqla, Avropanın müxtəlif ölkələrindən iştirakçılar turnirin artan beynəlxalq nüfuzunu və sərhədlərdən kənarda insanları birləşdirmək gücünü nümayiş etdirib.
Rəsmi açılış mərasimində tanınmış belçikalı futbol hakimi Frank De Blekerenin iştirakı böyük maraqla qarşılanıb.
MADANI platformasının təsisçisi Emin Əliyev çıxışında turnirin artıq üçüncü dəfə təşkilinin qürurverici olduğunu, müxtəlif ölkələrdən çoxsaylı insanları bir araya gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, ildən-ilə daha da genişlənən turnir insanlar arasında körpülər qurur, yeni əlaqələr yaradır və dostluğu möhkəmləndirir.
Gün ərzində komandalar həm meydanda, həm də meydandan kənarda yüksək idman etikası, komanda ruhu və qarşılıqlı hörmət nümayiş etdiriblər. Turnir təkcə rəqabət deyil, həm də müxtəlif ölkə və mədəniyyətlərdən olan insanlar arasında ünsiyyətin qurulması, əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün yaxşı bir imkan yaradıb.
“Çempionlar Liqası” formatında keçirilən 3-cü “Suqovuşan Avropa mini-futbol turniri”nin qalibi Belçikadakı Azərbaycan icmasını təmsil edən “Qırğı Belçika FK” komandası olub. Komanda final görüşündə Tallinin “Qarabağ” futbol klubuna qalib gələrək çempion adını qazanıb. Bürünc medalı isə Almaniyanın Essen bölgəsində fəaliyyət göstərən Azərbaycan icmasını təmsil edən “Aze NRW” komandası əldə edib.
Yarışın formatına uyğun olaraq ilk səkkizliyə düşməyən komandalar mübarizəni simvolik “Avropa Liqası” çərçivəsində davam etdiriblər. Bu kateqoriyada qalib adını təşkilatçı komanda - “MADANI Heroes” qazanıb. Komanda finalda Belçikadakı Azərbaycan icmasını təmsil edən “Fireland AZ” komandasını məğlub edərək “Avropa Liqası”nın qalibi olub.
16:34 12.06.2026
Oxunuş sayı: 49