Quş qripi yenidən gündəmdə- Həyəcan təbili çalınır
Son illər dünyada və regionda zoonoz mənşəli xəstəliklərin yayılma riski artdıqca, epizootoloji nəzarət tədbirlərinin əhəmiyyəti daha da ön plana çıxır. Bu kontekstdə, respublika ərazisində 2026-cı ilin 12–16 yanvar tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqin keçirilməsi həm heyvan sağlamlığının qorunması, həm də əhalinin qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir. Xüsusilə quş mənşəli qida məhsullarının istehlakı zamanı virusun insana keçmə ehtimalı və bu risklərin qarşısının alınması yolları cəmiyyət üçün aktual müzakirə mövzusuna çevrilir. Məhz bu səbəbdən quş qripinin qida zəncirində yaratdığı potensial təhlükələrə və qoruyucu tədbirlərə diqqət yetirilməsi vacibdir.
Quş qripi təhlükəsi və virusun gələcəkdə yayılma ehtimalı barədə Crossmedia.az-a danışan qida eksperti Fərid Səfərov deyib ki, quş qripi - avian influenza- əsasən quşlar arasında yayılan virusdur və düzgün qida təhlükəsizliyi qaydalarına əməl edildikdə qida məhsulları vasitəsilə insana keçmə riski çox aşağıdır: "Virus yüksək temperaturda məhv olur, buna görə də yaxşı bişirilmiş quş əti və tam bişmiş yumurta təhlükəsiz sayılır. İnsana yoluxma riski əsasən bu hallarda arta bilər: Xəstə və ya şübhəli quşlarla birbaşa təmas zamanı, çiy quş əti və ya çiy yumurta ilə gigiyena qaydalarına əməl etmədən işlədikdə, baytarlıq nəzarətindən keçməyən məhsullar istifadə edildikdə".
Ekspert qorunmaq üçün diqqət edilməli əsas məqamları qeyd edib: "Quş əti və yumurtanı yalnız rəsmi satış məntəqələrindən almaq, quş ətini tam bişirmək, yəni ət içəridə çəhrayı qalmamalı, şirəsi şəffaf olmalıdır yumurtanı yaxşı bişmiş formada istifadə etmək, çiy yumurtadan hazırlanmış qidalardan uzaq durmaq lazımdır. Bundan əlavə çiy ətlə təmasdan sonra əlləri, bıçaq və kəsmə taxtalarını yaxşı yumaq, çiy və bişmiş qidaların bir-biri ilə təmas etməsinə yol verməmək. Aparılan monitorinqlər məhz risklərin vaxtında aşkar edilməsi və qida təhlükəsizliyinin qorunması üçün vacibdir. İstehlakçılar sadə gigiyena və düzgün bişirmə qaydalarına əməl etdikdə quş qripinin qida yolu ilə ötürülməsi praktik olaraq qarşısı alınan bir riskdir".
Ayhan
15:19 30.12.2025
Oxunuş sayı: 1766