Şuşadakı “Güllələnmiş heykəllər”: Vandalizmin tarixi və geri dönüş yolu
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərdən 5 il ötür. 44 günlük Vətən müharibəsində qazanılan bu möhtəşəm qələbə ilə Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etmədi, eyni zamanda erməni vandalizminin ən sərt zərbələrinə məruz qalan, “əsirlik”də qalan mədəniyyət mirasını da xilas etdi. Müzəffər Ordumuzun şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində Qarabağın azadlığı ilə yanaşı, xalqımızın milli kimliyini, yaddaşını və tarixi irsini daşıyan mədəniyyət abidələri də yenidən öz sahibinə qovuşdu. Bu Zəfər yalnız hərbi-siyasi deyil, həm də mədəni dirçəlişin başlanğıcı oldu.
Crossmedia.az olaraq biz də “Mədəniyyətimizin zəfəri” rubrikası ilə işğaldan azad edilən ərazilərimizdəki mədəni irs incilərini oxucularımıza təqdim edəcəyik. Rubrikanın növbəti yazısını isə Şuşanın işğal illərinin ağrılı izlərini daşıyan simvollarından biri olan “Güllələnmiş heykəllər”ə həsr edirik.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri zəngin tarixi-mədəni irsi ilə seçilir. Bu irsin mühüm nümunələrindən biri də “Güllələnmiş heykəllər” adı ilə tanınan Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün tunc büstləridir. Sözügedən heykəllər həm Qarabağ münaqişəsi dövründə törədilmiş vandalizmin, həm də Azərbaycanın mədəni irsinin qorunması istiqamətində atılmış addımların simvoluna çevrilib.
1982-ci ildə Azərbaycan SSR rəhbəri Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində görkəmli Azərbaycan mədəniyyət xadimləri - şairə Xurşudbanu Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və xanəndə Bülbülün heykəlləri ucaldılmışdı. Həmin dövrdə bu abidələr Şuşanın mədəni simasının əsas elementlərindən biri idi.
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal zamanı şəhərdə yerləşən tarixi abidələr, muzeylər, məscidlər və digər mədəniyyət nümunələri ciddi şəkildə dağıdıldı və talan edildi. Bu vandalizm aktları heykəllərdən də yan keçmədi. Natəvanın heykəlinin baş barmağı qırılmış, Üzeyir Hacıbəylinin eynəyi sındırılmış, Bülbülün tunc büstünün alnında zədələr yaranmışdı. Heykəllər müxtəlif silah izləri ilə deşilmiş vəziyyətə salınmışdı.
Sonradan ermənilər heykəlləri Şuşadan çıxararaq əvvəlcə Ermənistana, daha sonra Gürcüstana aparmış, onları əridib satmaq niyyətində olmuşdular. Hadisədən xəbər tutan Polad Bülbüloğlu bu barədə Heydər Əliyevə məlumat vermişdi. Görülən tədbirlər nəticəsində 1993-cü ildə Azərbaycan dövlətinin təşəbbüsü ilə heykəllər pulla alınaraq Bakıya gətirildi. Məlumata görə, bu məqsədlə 500 min ABŞ dolları vəsait xərclənmişdi.
1993-cü ildən etibarən “Güllələnmiş heykəllər” Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirildi və 2000-ci ildən muzey kolleksiyasına daxil edildi. Bu müddət ərzində heykəllər həm yerli sakinlərin, həm də xarici turistlərin maraq göstərdiyi eksponatlar sırasında olub. Hər il 18 sentyabr, Milli Musiqi Günü münasibətilə keçirilən tədbirlər zamanı da həmin abidələr ziyarət edilirdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildi. Bununla da Şuşanın 28 illik işğal dövrü başa çatdı.
Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Güllələnmiş heykəllər” yenidən öz tarixi məkanına qaytarıldı. 2021-ci il yanvarın 14-də heykəllər Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərindəki mərkəzi meydana yerləşdirildi. Dövlət başçısı abidələrin üzərindən örtüyü götürərək onların rəsmi açılışını etdi.
Azərbaycan hökuməti heykəlləri bərpa etməyərək, mövcud vəziyyətdə saxlamışdır. Bu qərar Şuşaya gələn ziyarətçilərin və xarici turistlərin Ermənistan tərəfindən törədilmiş vandalizmi açıq şəkildə görmələri məqsədi daşıyır. Hazırda heykəllər üzərindəki güllə izləri həmin dövrün canlı şahidi kimi qorunur.
Bu gün Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəlləri Şuşa şəhərində yerləşərək Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizmin əyani sübutu kimi təqdim olunur və gələcək nəsillər üçün tarixi yaddaş funksiyasını daşıyır.
Ayan Sədi
13:49 29.12.2025
Oxunuş sayı: 2121