Görmədiyimiz təhlükə!: Dəm qazından necə qoruna bilərik?
Azərbaycanda dəm qazı zəhərlənmələri illərdir təkrarlanan, lakin hələ də tam aradan qaldırılmayan ciddi ictimai təhlükə olaraq qalır. Xüsusilə payız və qış aylarında istilik sistemlərinin aktiv istifadəsi ilə bu hallar kəskin şəkildə artır, nəticədə hər il onlarla insan müxtəlif dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edir. Rəsmi statistikalar və həkimlərin müşahidələri göstərir ki, bu hadisələrin əksəriyyəti eyni səbəblər üzərində cəmlənir: köhnəlmiş və nəzarətsiz qaz sobaları, təmizlənməyən bacalar, ventilyasiya sistemlərinin işlək vəziyyətdə olmaması və əhalinin təhlükəsizlik qaydaları barədə kifayət qədər məlumatlı olmaması.
Bununla yanaşı, mütəxəssislər problemin yalnız fərdi məsuliyyətsizliklə izah edilməsinin düzgün olmadığını bildirirlər. Araşdırmalar göstərir ki, bir çox yaşayış massivində qaz təsərrüfatına texniki baxış formal xarakter daşıyır, xüsusilə köhnə binalarda bacaların vəziyyəti faktiki olaraq nəzarətsiz qalır. Bu isə iysiz və rəngsiz olan dəm qazının qapalı məkanlarda sürətlə toplanmasına və insanların vəziyyəti hiss etmədən ağır zəhərlənməsinə gətirib çıxarır. Xırdalan şəhərində üç nəfərin dəm qazından zəhərlənməsi ilə nəticələnən son hadisə də bu sistemli boşluqların real həyatda hansı ağır fəsadlara yol açdığını bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Dəm qazı rəmgsiz, iysiz və dadsızdır. Gözlə görünmür. Ona görə məişətdə qaz cihazı istifadə edilirsə, onun təhlükəsizliyi mütləq təmin olunmalıdır.
Əvvəlcə qeyd etmək lazımdır ki, qaz cihazının quraşdırılması və təmiri yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir.
Qeyri-professionalların, məsələn, tanış və ya qohumların müdaxiləsi təhlükəlidir.
Qaz cihazının yerləşdiyi otaqda mütləq kifayət qədər havalandırma və ventilyasiya olmalıdır. Çünki yanma üçün hava vacibdir. Ventilyasiya işləmirsə, tüstü bacası nasazdırsa və ya standartlara uyğun olmayan cihaz istifadə edilirsə, natamam yanma baş verə bilər və nəticədə dəm qazı əmələ gələ bilər.
Tüstü bacaları normativ standartlara uyğun olmalı və ildə ən azı iki dəfə təmizlənməlidir. Bacanın sorğu qabiliyyəti işlək vəziyyətdə olmalıdır; əks halda təmizləmə və ya təmir işləri vaxtında aparılmalıdır".
Ekspert, həmçinin bu bəladan qorunmaq üçün bir sıra təkliflər irəli sürüb:
"Qaz cihazı olan otaqlarda həm dəm qazı, həm də qaz sızması əleyhinə detektorlar quraşdırılmalıdır. Dəm qazı detektoru əmələ gələn qazı səs siqnalı vasitəsilə xəbər verir, qaz sızması detektoru isə təhlükə zamanı qazın təchizatını dayandırır.
Xüsusilə hamam otaqlarında dəm qazı daha çox yaranır. Ona görə bu otaqlarda qaz cihazının olması təhlükəsizlik baxımından tövsiyə olunmur. Ancaq cihaz quraşdırılıbsa, mütləq nəfəslik, ventilyasiya, havalandırma və işlək tüstü bacası təmin edilməli, dəm qazı detektoru quraşdırılmalıdır. Bu tədbirlər riskləri minimuma endirir və istehlakçını təhlükədən qoruyur".
Elmir Heydərli
13:57 23.12.2025
Oxunuş sayı: 1338