Boçorişvili ilə ATƏT-in Baş katibi regional təhlükəsizliyi müzakirə edib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, tərəflər regionda baş verən siyasi prosesləri, təhlükəsizlik məsələlərini, eləcə də bu çərçivədə ATƏT-in rolunu müzakirə ediblər.
Nazir bildirib ki, Gürcüstan təşkilatla mütəmadi dialoq və əməkdaşlığı yüksək qiymətləndirir:
"ATƏT-in Baş katibi ilə mütəmadi olaraq dialoqumuz, görüşlərimiz olur. Gürcüstan ATƏT-in üzvüdür və bu formatda əməkdaşlıq bizim üçün vacibdir".
Boçorişvilinin sözlərinə görə, Gürcüstanın təhlükəsizliyi və sabitliyi ilə bağlı əsas müzakirələr məhz ATƏT platformasında aparılır.
Nazir vurğulayıb ki, Tbilisi ATƏT-in regiondakı dinamik proseslərə verdiyi töhfəni əhəmiyyətli hesab edir:
"Biz işğalla bağlı narahatlığımızı bildiririk. ATƏT Cenevrədəki beynəlxalq danışıqlarda iştirak edir. Görüş zamanı ölkəmizin təhlükəsizliyi və sabitliyi, regionda gedən proseslər və bu proseslərdə ATƏT-in rolu barədə ətraflı müzakirə apardıq".
Görüşdə həmçinin Cənubi Qafqazdakı mövcud vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.(Report)
23:57 03.12.2025
Oxunuş sayı: 1290