Ermənistanla sülh sazişinə dair tarix açıqlandı: "Böyük ehtimalla..."
Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinin irəliləməsi ilə bağlı müsbət dinamika müşahidə olunur. Brüsseldə keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamaları göstərir ki, İrəvan sülhün institutlaşdırılması və sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlıdır.
Nazir qeyd edib ki, tərəflər arasında müəyyən fikir ayrılıqları qalsa da, regionda sabitliyin təmin olunması naminə həm siyasi, həm də praktiki addımlar atılır. Qarşılıqlı tranzit məhdudiyyətlərinin aradan qaldırılması, vətəndaş cəmiyyəti nümayəndələrinin səfərləri və sərhəd komissiyalarının fəaliyyəti iki ölkə arasında qurulmuş gərginliksiz mühitin möhkəmlənməsinə xidmət edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, artıq Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq istiqamətində addımlar atılır və böyük ehtimalla sülh müqaviləsi Ermənistanda parlament seçkilər keçirildikdən sonra imzalanacaq: "Yəni, yer məsələsi, tarix məsələsi hazırkı mərhələdə prioritet deyil. Əsas məsələ münasibətlərin normal gedişi, normallaşması və bu istiqamətdə atılan konkret addımlardır. Azərbaycanın prioritetlərinə gəldikdə isə bunu dəfələrlə cənab Prezident açıqlayıb və açıq şəkildə bildirib. Ermənistan Konstitusiyasında bizə və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Yalnız bu iddialara son qoyulduqdan sonra münasibətlərin normallaşmasından və inkişafından danışmaq mümkündür. Eyni zamanda əsas məsələlər sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycana qarşı aparılan düşmənçilik təbliğatına son qoyulması və Ermənistanın sülhə doğru konkret addım atmasıdır. Bu prioritetlər mütləq nəzərə alınmalıdır".
Mehriban Yariyeva
22:56 03.12.2025
Oxunuş sayı: 1369