ABŞ üçün yol açıqdır və o, istənilən ssenarini reallaşdıra bilər- Ekspert
ABŞ-nin Venesuela ilə bağlı siyasi və təhlükəsizlik strategiyaları regionda baş verə biləcək potensial dəyişikliklər fonunda xüsusi aktuallıq qazanır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) son açıqlamasına görə, Venesuela Prezidenti Nikolas Maduronun mümkün istefası halında ABŞ artıq fövqəladə hallar üçün hazır planlara malikdir. Eyni zamanda, Vaşinqton Qərbi yarımkürədə narkotik kartellərinə qarşı genişmiqyaslı əməliyyatlarını davam etdirərək onlara ciddi zərbələr endirib. Bu tədbirlər ABŞ-nin regionda sabitliyi qorumağa, eləcə də qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizəni gücləndirməyə yönəlmiş siyasətinin vacib tərkib hissəsi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Venesuela ətrafında baş verən proseslər beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur:

“Əlbəttə ki, bu, heç bir norma və prinsipə sığmayan bir hərəkətdir. Venesuela müstəqil dövlətdir. Onların prezidenti kiminsə xoşuna gələ və ya gəlməyə bilər, amma bu, hakimiyyətin zorla dəyişdirilməsi üçün əsas sayıla bilməz. Beynəlxalq hüquq normalarında, BMT Nizamnaməsində belə bir maddə yoxdur".
İ.Vəlizadənin sözlərinə görə, bu cür müdaxilələr bir çox fundamental prinsiplərin pozulması deməkdir:
“Belə addımlar dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə hörmət və ərazi bütövlüyünün təmin edilməsi kimi əsas prinsiplərlə ziddiyyət təşkil edir. Xarici müdaxilə həm də sərhədlərin toxunulmazlığı prinsipinin pozulması anlamına gəlir. Yəni burada beynəlxalq hüququn bir neçə vacib bəndinin eyni anda pozulmasından bəhs etmək mümkündür".
Politoloq hesab edir ki, mövcud qlobal güc balansı bu cür halların qarşısını almağa imkan vermir:
“Son illərin təcrübəsi göstərir ki, "güclü haqlıdır" adlı yazılmamış prinsip hələ də beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Belə şəraitdə böyük dövlətlər öz məqsədlərinə müxtəlif yollarla, o cümlədən zor tətbiq etməklə nail olmağa çalışırlar. Təəssüf ki, ABŞ-nin qarşısını real mənada ala biləcək güc yoxdur. Vaşinqton bu ssenarini həyata keçirmək istəsə, bunu edəcək".
Müsahibimiz əlavə edib ki, ABŞ-nin müttəfiqlərinin səssiz mövqeyi də vəziyyəti daha da gərginləşdirir:
“Başqa hallarda dövlətlərin daxili işlərinə qarışmamağı tələb edən həmin ölkələrin indi susması göstərir ki, ABŞ üçün yol açıqdır və o, istənilən ssenarini reallaşdıra bilər".
Mehriban Yariyeva
22:52 03.12.2025
Oxunuş sayı: 1302