Körpələr arasında ölüm halları niyə artıb?- Həkim açıqladı
Cəlilabadda 6 aylıq körpənin ölümü qeydə alınıb. Son zamanlar artan körpə ölümlərinin nəzərə alsaq, bu körpə ölümü əslində tək bir hadisə kimi yox, son dövrlər uşaqlarla bağlı artan faciələrin fonunda daha ciddi görünür. Valideynin iddiasına görə, uşağa vurulan iynədən sonra vəziyyətin pisləşməsi tibbi müdaxilələrdə diqqətsizlik, dərman reaksiyaları və ya vaxtında aparılmayan diaqnostika məsələlərini yenidən gündəmə gətirir. Amma ümumən uşaq ölümlərinin artması təkcə bir iynə reaksiyası ilə izah olunmamalı və səbəblər tam şəkildə müəyyənləşdirilməlidir.
Mövzu ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:
"Bu situasiyaya birmənalı qiymət vermək çətindir. Çünki standart, hər gün rast gəlinən bir hal deyil. Məsələn, bu, körpənin sadəcə vəfat etməsi məsələsi deyil ki, dərhal yarılıb baxılıbmı kimi sual verilsin. Yaralanma olubmu, baxımsızlıq varmı, ölümün birbaşa səbəbi müəyyən edilibmi — bütün bunlar indi tam məlum deyil. Ümumiyyətlə, istər xəstəxanada, istər evdə, istərsə də küçədə dünyasını dəyişən hər bir şəxs — xəstəliyi əvvəlcədən bilinsə belə, son günlərini yaşasa belə — mütləq təşrih olunmalı və ölümün dəqiq diaqnozu müəyyən edilməlidir. Dünyada məhkəmə-tibbi ekspertiza, patoloji-anatomiya xidməti və buna bağlı strukturlara böyük vəsait ayrılır. Çünki bu çox ciddi və həlledici bir sahədir".

Ekspert, həmçinin qeyd edib ki, biz bəzən bu xidmətə kifayət qədər ciddi yanaşmırıq, amma bütün kriminal hadisələrin, ölüm səbəblərinin, təbii və ya qeyri-təbii faktların müəyyənləşdirilməsi məhz bu sistemin işi sayəsində mümkün olur: "Bizdə də bu xidmət kifayət qədər yaxşı qurulub. Maliyyə imkanları barədə nəsə demək çətindir, amma mütəxəssislər var, strukturlar işləyir. Buna görə hesab edirəm ki, bu cür situasiyalarda necə tələb olunursa, o qaydalara əməl edilməlidir. Həm yanlış anlaşılmaların qarşısını almaq, həm kimisə əsassız ittiham etməmək, həm də məsələnin kriminal, səhlənkarlıq və ya təbii hadisə olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün təşrih mütləq aparılmalıdır. Yalnız bundan sonra deyə bilərik ki, ölüm anafilaktik şokdan baş verib, yanaşı xəstəlikdən qaynaqlanıb, yoxsa başqa bir səbəb var".
Ayhan
14:06 01.12.2025
Oxunuş sayı: 1811