Türkiyə Cənubi Qafqazda proseslərin inkişafına necə töhfə verə biləcək? - Deputat detalları açıqladı
Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşə dair "X"də etdiyi paylaşımında bildirib.
Onun sözlərinə görə, Prezident Kompleksində baş tutan görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri müzakirə edilib:
"Biz regionda davamlı sülhə nail olmaq üçün bütün lazımi addımların atılmasının vacibliyini bir daha bəyan etdik. Eyni zamanda regional və qlobal məsələləri də müzakirə etdik. Biz Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnun olduğumuzu bildirdik".
Məlum olduğu kimi, Türkiyə Azərbaycan- Ermənistan münasibtlərinin normallaşmasında prosesində fəal rol oynayır. Ankara Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Elə bununla bağlıdır ki, Türkiyənin həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərində əsas mövzu regionda sabitliyin təmin olunmasıdır.
Milli Məclisin deputatı Naqif Həmzəyev rəsmi Ankaranın proseslərdəki rolu barədə Crossmedia.az-a danışıb:
- Azərbaycan–Ermənistan normallaşma prosesində Türkiyənin rolu nə qədər önəmlidir?
- Heç şübhəsiz ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra əlində böyük hərbi və siyasi üstünlüyə baxmayaraq sülh yolunu seçdi. Bu, cənab Prezident İlham Əliyevin humanist və uzaqgörən yanaşmasının bariz nümunəsi idi. Çünki əldə olunan tarixi Zəfəri uzunmüddətli və dayanıqlı sülhə çevirmək böyük bacarıq və siyasi iradə tələb edirdi. Azərbaycan bu çətin yolu seçdi və onu uğurla reallaşdırdı.Artıq müharibədən 5 il ötür. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Bu müddət ərzində Ermənistan dəfələrlə təxribatlara əl atsa da, sülh prosesi dayanmadı. Xüsusilə Vaşinqton razılaşmalarından sonra tərəflərin sülhə daha da yaxınlaşdığı görünür və bu proses böyük dövlətlər tərəfindən dəstəklənir. Paralel şəkildə Türkiyə–Ermənistan münasibətlərində də müəyyən irəliləyiş müşahidə olunur. Türkiyə 44 günlük müharibə başlayandan bu günə qədər siyasi və mənəvi baxımdan Azərbaycanı heç vaxt tək qoymayıb. Şuşa Bəyannaməsindən sonra iki ölkə münasibətlərində tamamilə yeni bir mərhələ açıldı. Bu gün Ermənistan sərhədlərin qısa müddətdə açılmasını tələb etsə də, Türkiyənin mövqeyi aydındır: bu proses Azərbaycanla tam koordinasiyalı şəkildə aparılmalıdır. Azərbaycan–Ermənistan arasında sülh sazişi imzalanacağı halda sərhədlərin açılması reallaşa bilər. Türkiyənin ən çox dəstəklədiyi layihələrdən biri Zəngəzur dəhlizidir. Qars–Naxçıvan dəmir yolu xəttinin tikintisi sürətlə davam edir. Azərbaycanda da Zəngəzur dəhlizi üzrə bütün tikinti və yenidənqurma işlərinin gələn ilin ikinci yarısına qədər tamamlanacağı gözlənilir.
Göründüyü kimi, Azərbaycan və Türkiyə Ermənistanla normallaşma mərhələsində qətiyyətli addımlar atır. Bununla belə, xarici qüvvələr regionda baş verən bu müsbət proseslərin qarşısını almağa çalışırlar. Əvvəlki dövrlərdən fərqli olaraq bunu açıq şəkildə deyil, daha çox gizli formada edirlər. Lakin inam var ki, Azərbaycan, Türkiyə və Ermənistanın real addımları nəticəsində sülh əldə olunacaq. Azərbaycanın isə sülh üçün əsas şərtləri dəyişməzdir: Ermənistan öz konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Azərbaycan bu prosesi dözümlə müşahidə edir və inamla bildirir ki, sülh məhz Azərbaycanın istədiyi şəkildə reallaşacaq.
- Gələcəkdə Türkiyə bu prosesə nə kimi töhfə verə bilər?
- Türkiyənin verə biləcəyi ən böyük töhfə artıq öz mövqeyini qəti şəkildə ortaya qoymasıdır. Bütün dünya yaxşı bilir ki, Azərbaycan və Türkiyə arasında misli görünməmiş qardaşlıq və dostluq münasibətləri var. Hər iki ölkə bütün çətin məqamlarda bir-birinin yanında olub və bu münasibətləri pozmaq istəyən qüvvələr hələ də mövcuddur. Lakin bu gün münasibətlər elə yüksək səviyyədədir ki, heç bir kənar qüvvə Azərbaycan–Türkiyə əməkdaşlığına zərər yetirə bilməz. Xüsusilə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq və etimad bütün dövlət strukturlarına və xalqların münasibətlərinə sirayət edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bu əməkdaşlıq ən yüksək səviyyədə davam edir. Türkiyənin göstərdiyi səbirli və düşündürülmüş mövqe, prosesləri Ermənistanın təxribatlarına uymaq əvəzinə Azərbaycanla koordinasiyalı şəkildə aparması sülh prosesinə ciddi töhfə verir. Türkiyə həm bölgədə, həm də qlobal miqyasda böyük gücə çevrilib. Artıq Rusiya, ABŞ və Avropa İttifaqı belə Türkiyənin geosiyasi gücünü qəbul edir. Sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılması və digər kommunikasiya xətlərinin istifadəyə verilməsi məhz Azərbaycan və Türkiyənin birgə addımları ilə mümkün olacaq. Türkiyənin bu günədək Azərbaycanın yanında dayanması və atılan addımlara uyğun davranması yüksək qiymətləndirilir.
- Hazırkı geosiyasi vəziyyətdə Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşması regionda hansı dəyişikliklər yarada bilər?
- Ermənistan tarixin müəyyən dövrlərində böyük güclərin dəstəyi ilə regionda yaradılmış bir layihədir. Bu artıq keçmişdir və tarixdir. Bu gün biz nəyin bahasına olursa-olsun qonşularımızla normal yaşamağı öyrənməliyik. Təəssüf ki, xarici dövlətlərin təsiri nəticəsində Azərbaycan və Ermənistan arasında 100 ildən çoxdur ki, davam edən gərginliklər yaşanıb. Lakin bütün hallarda Azərbaycan sülhün tərəfdarı olub. Tariximiz göstərir ki, bizə qarşı soyqırımlar, qırğınlar və fəlakətlər törədilsə də, Azərbaycan heç vaxt sülh ideyasından imtina etməyib. Tarixi unutmamaq şərtilə, münasibətlərin normallaşmasını dəstəkləyirik. Münaqişə nəticəsində həm Azərbaycan, həm də Ermənistan tərəfdə ən azı 2–3 nəsil uşaqlığını və gəncliyini itirdi. Müharibələrin heç bir xalqa fayda vermədiyi aydındır — yalnız böyük güclər bundan qazanc əldə edir. Buna görə də regionda sülhün bərqərar olması vacibdir. Sülh əldə olunduğu halda region ölkələrinin iqtisadi inkişafı sürətlənəcək. Büdcə vəsaitlərinin böyük hissəsini hərbi xərclərə deyil, sosial rifaha yönəltmək mümkün olacaq. Eyni zamanda Zəngəzur dəhlizi kimi regional layihələr reallaşacaq ki, bu da bütün region ölkələrinə müsbət təsir edəcək.
- Ermənistanda yaxın zamanda baş verəcək parlament seçkilərindən gözləntiləriniz nələrdir?
- Ermənistanı çox çətin seçki prosesi gözləyir. Baş nazir Nikol Paşinyan təbii olaraq seçkilərdə qalib gəlmək istəyir, lakin ona qarşı ciddi qüvvələr də mövcuddur. Paşinyan fərqli sosial-iqtisadi layihələrlə seçicilərin rəğbətini qazanmağa çalışır. Dövlət büdcəsinin ailə büdcəsi kimi idarə edilməsi yanaşması, gələn il büdcə gəlirlərinin 9 faiz artacağı barədə açıqlama və 2026-cı ildən universal tibbi sığortanın tətbiq ediləcəyi ilə bağlı vədlər buna nümunədir. Bununla belə, Paşinyanın reytinqi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Hətta onun komandasının daxilində belə müxalif qüvvələrə meyl edən şəxslər var. Buna baxmayaraq, ehtimal edilir ki, Paşinyan çətin də olsa, növbəti seçkilərdə qalib gələ bilər. Çünki Ermənistan daxilində tamamilə yeni, aqressiv qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesini uzada və regionu yenidən gərginliyə sürükləyə bilər. Azərbaycan isə vaxt itkisi üçün imkan olmadığını düşünür və sülhü dəstəkləyən qüvvələrin hakimiyyətdə qalmasını arzulayır.
Fatimə Hacıəliyeva
17:03 28.11.2025
Oxunuş sayı: 1374