Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan” tamaşası nümayiş olundu
Noyabrın 26-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Tamaşadan əvvəl aktrisanın həyat və sənət yoluna nəzər salınıb.
Tədbirdə Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Amaliya Pənahovanın zəngin yaradıcılıq irsindən, Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə verdiyi böyük töhfələrdən danışıb.
Daha sonra Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov sənətkar haqqında xatirələrini bölüşüblər.
Crossmedia.az xəbər verir ki, təqdimatdan sonra Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti isə Xanım Həsənovadır.
Tamaşada Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Elnar Qarayev (Mamayı), Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), həmçinin bir çox digər teatr aktyorları iştirak ediblər.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı olan şairə Xurşidbanu Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanın həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyinə olan narahatlığı əks olunub. Tamaşaçı Natəvanı müdrik, Vətəninə və xalqına bağlı bir ziyalı, eyni zamanda həssas və zərif qadın, ana kimi tanıyır.
Tamaşada tarixi hadisələrin fonunda xalqın taleyi, azadlığı və birliyi əsas ideya kimi ön plana çıxır. Xalqın taleyi Natəvanı düşündürən ən vacib məsələdir.
Ayan Sədi





21:00 27.11.2025
Oxunuş sayı: 898