Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat olub
Noyabrın 24-də Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin anadan olmasının 60 illiyi ilə əlaqədar nəşr olunan “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimatı keçirilib.
Bu barədə Crossmedia.az-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək “Qala Adam”ın orijinal, fərqli və nostalji hisslərlə dolu bir kitab olduğunu söyləyib. 1992-ci ildə “525-ci qəzet”i yaradan Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirən professor K.Tahirov, bu qəzetin hazırda da Azərbaycan mətbuatında, eyni zamanda Azərbaycan mədəniyyətində önəmli yer tutduğunu vurğulayıb. O, Rəşad Məcidi bir jurnalist, ictimai xadim və eyni zamanda xeyirxah və xalqına bağlı bir şəxsiyyət kimi yüksək qiymətləndirib.
Daha sonra “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam mətnləri ilə tədbir iştirakçılarına təqdim edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara çıxış edərək tədbirin keçirilməsinə və elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxanaya təşəkkürlərini bildirib. Rəşad Məcidin çox pozitiv, etibarlı və anlayışlı həmkar olduğunu qeyd edən natiq, əlavə edib ki, o, həm də çox istedadlı şair və publisistdir. Onun publisistik yazıları Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının davamı kimi xarakterizə oluna bilər. Xalq yazıçısı Anar, Rəşad Məcidə yeni yaradıcılıq uğurları arzulayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan müstəqillik dövrünün publisistidir və janrların bütün növlərində professional şairdir. Onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin iş fəaliyyətini yüksək qiymətləndirib və onun mədəni fəaliyyətə nə qədər dəyər qatdığını qeyd edib.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib ki, Rəşad Məcid daim irəli gedən, yenilikci və istedadlı şairdir. Onun baş redaktor olduğu “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunulan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır.
Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas vurğulayıb ki, “Qala Adam” kitabı çoxşaxəli və tam ətraflı şəkildə yazılsa da, Rəşad Məcidin fəaliyyəti burada yazılanlardan daha artıqdır. R.Məcidin Vətən, yurd və millət sevgisi hər kəsə məlumdur.
Tədbirdə akademik Nizami Cəfərov, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Əli Əmirli, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər iştirakçılar Rəşad Məcidin yaradıcılığından söz açaraq, onun fəaliyyətini yüksək qiymətləndirib və ona uğurlar arzulayıblar.
Sonda Rəşad Məcid bütün qonaqlara, iştirakçılara, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.






21:16 24.11.2025
Oxunuş sayı: 1332