Hər kəsi qorxuya salan dabaq xəstəliyi mifdir?: "İnsanları bu məsələ ilə qorxutmaq..."
Azərbaycanın kənd təsərrüfatı təkcə torpaqla, ətlə, süd ilə deyil — həm də canlı həyatın dövranı ilə nəfəs alır. Amma bəzən bu dövranı pozan, təsərrüfatların ahəngini sarsıdan görünməz bir təhlükə ortaya çıxır — dabaq xəstəliyi. Bu virus elə sürətlə yayılır ki, bircə yoluxmuş heyvan bütöv bir təsərrüfatı bürüyə bilir. Mütəxəssislərin sözlərinə görə, dabaq təkcə heyvan sağlamlığını deyil, həm də ət bazarındakı qiymətlərin sabitliyini təhdid edir. Yəni bir tərəfdən virusun qarşısı dezinfeksiya və vaksinasiya ilə alınırsa, digər tərəfdən onun iqtisadi “dalğaları” bazarda süni qiymət artımlarına səbəb olur.
Mövzu ilə bağlı İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü Tural Həsənov Crossmedia.az-a açıqlama verib:
"Dabaq virusdur — necə ki, insanlarda qrip sürətlə yayılır, dabaq da eyni şəkildə heyvanlar arasında yayılma xüsusiyyətinə malikdir. Məsələn, bəzən bir təsərrüfata yeni bir heyvan gətirilir və həmin heyvanın daşıdığı virus qısa müddətdə minlərlə heyvana keçə bilir. Xəstəlik həm birbaşa təmas, həm də hava yolu ilə yayılır. Bunun qarşısını almağın yeganə yolu vaxtında aparılan dezinfeksiya və vaksinasiyadır. Əgər bu tədbirlər vaxtında görülərsə, heyvanlar dabaq xəstəliyinə yoluxmurlar. 1990-cı, 2000-ci illərdə və hazırda dabaq xəstəliyinin insana keçməsi halları qeydə alınmayıb. Lakin 1950-ci illərdə belə bir halın müşahidə olunduğunu eşitmişəm. Qeyd edim ki, burada söhbət diri heyvandan keçirilmədən gedir, ət məhsullarından yox. İndi insanları bu məsələ ilə qorxutmaq nə qədər düzgündür, bilmirəm".
Ekspert qeyd edib ki, yerli ətin qiymətinin qalxması isə əsasən kənd təsərrüfatında baş verən iqtisadi amillərlə bağlıdır: "Kəndçilər arpa, yem kimi məhsulları əvvəllər 40 qəpiyə alırdılarsa, indi bu qiymət 70–80 qəpiyə qalxıb. Otun qiymətinin artması da öz növbəsində ət məhsullarının bahalaşmasına təsir edir. Ümumiyyətlə, Azərbaycan ət tələbatının təxminən 70 faizini xaricdən idxal edir, yerdə qalan 30 faiz isə yerli istehsal hesabına qarşılanır. Bu zaman xarici bazarlarda, xüsusilə Ukraynada müharibə səbəbindən ət idxalında çətinlik yarananda, daxili bazarda yerli ətə tələbat artır və nəticədə qiymətlərdə süni artım müşahidə olunur. Əsas səbəb isə yenə də yemin qiymətinin bahalaşmasıdır. Dabaqla bunun əlaqəsi necədir? Məsələn, bir kəndçinin heyvanını satışa çıxarması üçün baytar həkimin rəyi tələb olunur. Tutaq ki, 20 kəndçinin heyvanlarından 15-də dabaq xəstəliyi aşkarlanıb, 5-də isə yox. Təbii ki, sağlam heyvanı olan kəndçilərin məhsuluna tələbat artır və onlar qiyməti qaldıra bilirlər. Yəni, dabaq xəstəliyi də dolayısı ilə bazarda ətin qiymətinə təsir göstərir. Amma ümumilikdə bu artımlar real iqtisadi göstəricilərlə deyil, daha çox süni qiymət manipulyasiyaları ilə bağlıdır".
Ayhan
20:06 12.11.2025
Oxunuş sayı: 1266