Qazimizin görmə qabiliyyəti bərpa edildi — Rusiyada aparılan müalicə nəticə verdi
1994-cü il təvəllüdlü, İkinci Qarabağ müharibəsi qazisi Əsgərov Vüqar Əli oğlu Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq sağ gözünün görmə qabiliyyətini tamamilə itirmişdi. Sol gözündə də görmə kəskin şəkildə zəiflədiyindən o, uzun müddət həkim nəzarətində olub. Azərbaycanda aparılan müalicələr nəticə vermədiyi üçün qazimiz xaricdə əməliyyat olunmaq üçün kömək istəyib.
Crossmedia.az xəbər verir ki, qazi Vüqar bu məqsədlə Rusiyanın Rostov-Don şəhərindəki “Birlik” Azərbaycanlıları Təşkilatının sədri Ruslan Qəmbərova müraciət edib.
Ruslan Qəmbərov məsələ ilə dərhal məşğul olaraq Ufa şəhərində yerləşən və dünyaca tanınan Muldaşev adına Göz-Cərrahiyyə Klinikası ilə əlaqə yaradıb. Klinikanın rəhbəri, professor Ernst Muldaşev qazinin müayinəsi və müalicəsini öz üzərinə götürüb.
Qazi Vüqar Əsgərov 2025-ci ilin mart ayında və daha sonra 1 noyabr 2025-ci ildə klinikada iki mərhələli əməliyyat keçirib. Həkimlər sağ gözün bərpasının mümkünsüz olduğunu bildirsələr də, sol göz üzərində aparılan əməliyyatlar uğurlu nəticə verib. Professor Muldaşev bildirib ki, qazinin sol gözündə görmə qabiliyyəti təxminən 90 faiz bərpa olunub.
Qazinin Rusiyada müalicəsi və Ufa şəhərində qalması zamanı ona geniş dəstək göstərilib. Xüsusilə Ufa şəhərindən Rəna İbrahimova qazinin yerləşdirilməsi, həkim nəzarəti və gündəlik dəstək prosesini tam şəkildə öz üzərinə götürüb.
Rusiyada yaşayan soydaşlarımız maddi və təşkilati yardım göstəriblər. Aksiyada bir sıra birlik və təşkilatlar fəal iştirak edib:
Rostov-Don Azərbaycanlıları (sədr Ruslan Qəmbərov),
Ufa Qadınlar Birliyi (Rəna İbrahimovanın rəhbərliyi ilə),
Rusiya Azərbaycan Qadınları İctimai Birliyi (sədr Xatirə Qəmbərova),
Moskva Azərbaycan Qadınlar Birliyi (rəhbər Leyla Fərəcova),
Krım Qadınlar Birliyi (rəhbər Qızqayıt Qədirova).
Yaroslavl, Sankt-Peterburq, Kazan, Kemerovo, Krasnoyarsk və digər şəhərlərdən soydaşlar, o cümlədən Moskvadan Zaur Vəliyev və Kislovodsk şəhəri Milli-Mədəni Muxtariyyətinin sədri Asif Musayev də qazimizə yardım ediblər.
Əməliyyatlardan sonra qazimiz 8 Noyabr - Zəfər Günü ərəfəsində Vətənə geri dönüb. Qazimizin görmə qabiliyyətinin bərpası təkcə tibbi uğur deyil, həm də həmrəylik, birlik və insanlıq nümunəsidir. Bu uğurda əməyi keçən hər kəsə dərin təşəkkür düşür.
Türkanə Məşədiyeva
15:20 09.11.2025
Oxunuş sayı: 2105