Oftalmoloq: Hər dəfə kompüterin siçanına toxunanda gözümüzü qırpmalıyıq ki...- Müsahibə
Son zamanlar insanlar arasında göz xəstəlikləri geniş yayılıb. Bu, həm böyüklər, həmdə gənclərdə müşahidə olunur. Hətta uşaqlarda da. Demək olar, hər üç adamdan biri ya eynək taxır, ya linza istifadə edir. Göz xəstəliklərinin artmasının şüa ilə əlaqəli olduğunu desələr də, yeganə səbəb bu deyil. Başqa faktorlar, o cümlədən irsi amilllər və qidalanma da göz xəstəliklərinə şərait yarada bilər.
İkinci bir tərəfdən, son zamanlar göz əməliyyatları da çox aktuallaşıb. Bəzi insanlar bunun asan olduğunu desələr də, bəziləri sonradan şikayət edirlər.
Məsələnin aktuallığını nəzərə alaraq “Doktor danışır” rubrikası çərçivəsində bu dəfə həkim- oftalmoloq Vüsalə Əsədova ilə həmsöhbət olduq:
- Göz sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?
- Ən çox rast gəldiyimiz göz xəstəliyi kataraktadır. Əhali arasında buna “mirvari suyu” xəstəliyi də deyilir. Həmçinin şəkərli diabet də görmə qabiliyyətini zəiflədə bilir.
- Görmə qabiliyyətini qorumaq üçün nələri tövsiyə edirsiniz?
- Uşaqlar telefon və tabletlərden mümkün olduqca az istifadə etməlidirlər. Bu uşaqlarda görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Telefon və tablet əvəzinə kompüterdən istifadə etmək tövsiyə olunur. Çünki kompüter ekranı böyükdür və daha uzaq məsafədən istifadə edilir.
- Sizcə, son vaxtlar göz xəstəliklərinin artmasının əsas səbəbləri nələrdir?
- Telefon və tablet istifadəsinin, şəkərli diabet xəstəliyinin artması göz xəstəliklərinin artmasına səbəb olur.
- Müxtəlif göz xəstəliklərinin müalicəsində hansı yeni texnologiyalardan istifadə olunur?
- Ən çox olunan əməliyyat kataraktadır. Katarakta əməliyyatında göz içinə linza yerleşdirilir. Hər il yeni dizayn və funksiyada linzalar istehsal olunur. Ən çox olunan prosedurlardan biri bəzi xəstəliklərdə göz içinə iynə vurmaqdır. Hər il daha effekli olan, daha geniş təsir gücünə malik yeni iynələr istehsal olunur.
- Bəs gözlərin sağlamlığını qorumaq üçün gündəlik həyatımıza hansı dəyişiklikləri daxil etməliyik?
- Məsələn, günəş eynəklərindən istifadə etmək gözü günəşin ultrabənövşəyi şüalarından qoruyur.
- Eynəklər və kontakt linzalar arasında seçim edərkən nələri nəzərə almaq lazımdır?
- Əgər eynək kompleksi yoxdursa, həyat tərzi eynək istifadəsinə uyğundursa eynək istifadəsi məsləhətdir. Eynəkdən qurtulma əməliyyatına ( Red: Excimer laser) gözü uyğun olmayan, əməliyyat olmaq və eynək taxmaq istəməyən, tozlu iş şəraitində işləməyən, idmanla məşğul olduğu zaman eynək taxa bilməyən uşaqlar kontakt linza istifadə edə bilər.
- Gözlərimizi kompüter və digər ekranlardan necə qorumaq olar?
- Kompüterdən gözü qorumaq üçün ekran qoruyucu olmalıdır. Cihaz yuxarıda deyil, göz məsafəsində olmalıdır ki, gözdə quruluq yaranmasın. Həmçinin hər dəfə kompüterin siçanına toxunanda gözümüzü qırpmalıyıq ki, uzun müddət qırpılmama nəticəsində gözdə quruluq yaranmasın.
- Göz sağlamlığı ilə bağlı əməliyyatlar nə qədər təhlükəli hesab olunur?
- Göz əməliyyatları adətən az vaxt alır. Amma hər əməliyyatın çox az da olsa riski var. Xəstələr bu riskləri nəzərə alaraq, qəbul edərək əməliyyat olunurlar.
Kənan Novruzov
20:24 06.11.2025
Oxunuş sayı: 2686