Kartof da zəhərli çıxdı: Nə yeyək, su ilə qidalanaq?!
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartofda gövdə nematodu — bitkilərin gövdəsinə daxil olaraq onlara zərər vuran mikroskopik parazit aşkar edilib. Aparılan laboratoriya analizləri nəticəsində partiyada karantin tətbiq olunan bu zərərli orqanizmin mövcudluğu təsdiqlənib.
Məlum olduğu kimi, kartof ən çox istifadə olunan qida məhsuludur. Son zamanlar qida məhsulları barədə artan iddialar fonunda rahatlıqda yediyimiz, demək olar, bir kartof qalmışdı. Belə getsə, o da olmayacaq. Bəs su ilə qidalanaq?!
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, bu məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir: "Ölkədə istehsal edilən, ölkəyə gətirilən və ölkədən çıxarılan bütün qida məhsullarının təhlükəsizliyinə nəzarət AQTA-nın səlahiyyətindədir. Yəni məhsullar sərhəddən keçərkən, sərhəddə yerləşən geniş laboratoriyada yoxlanılır. Belə hallar aşkarlanarsa, həmin məhsullar ölkə sərhədindən buraxılmamalıdır. Məhsul ölkəyə daxil olub və parazit sonradan aşkar edilibsə, bu o deməkdir ki, məhsul lazımi şəkildə yoxlanılmadan buraxılıb. Çünki bu qədər böyük partiyalar qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olmur – onlar dövlətlərarası razılaşmalar əsasında gətirilir.

Bundan əlavə, Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsulları iki ölkə – məsələn, Azərbaycan və Gürcüstanın müvafiq qurumları, o cümlədən kənd təsərrüfatı nazirlikləri arasında mövcud olan razılaşmalar əsasında gətirilir.
Məhsulların tərkibində parazitlərin aşkarlanması qeyri-adi hal deyil; bu, torpaqla bağlı məsələdir. Parazit ölkəyə daxil olubsa, müəyyən şəraitdə burda da yayıla bilər. Buna görə də onun qarşısını almağın yeganə yolu kartofun ölkəyə gətirilərkən ciddi şəkildə yoxlanılmasını təmin etməkdir. Əsas məsələ də məhz budur.”
Fatimə Eynullazadə
23:08 05.11.2025
Oxunuş sayı: 1183