Meyit donor ürəyinin transplantasiyası Azərbaycan səhiyyəsində yeni mərhələnin başlanğıcıdır- Həkim
Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
Qafqazda ilk dəfə meyit donor ürəyinin transplantasiyası barədə Crossmedia.az-a açıqlama verən həkim Şahvələd Məmmədov bildirib ki, Qafqazda ilk dəfə meyit donordan ürək transplantasiyası əməliyyatının məhz Azərbaycanda həyata keçirilməsi çox sevindirici hadisədir: “Təbii ki, bir həkim kimi bu nailiyyət məni də qürurlandırır. Ölkəmizdə artıq belə yüksək səviyyəli tibbi uğurların əldə olunması Azərbaycan səhiyyəsinin inkişafının göstəricisidir. Xüsusilə də son illərdə ölkəmizdə kardiologiya sahəsinin sürətli inkişafı müşahidə olunur. Yüksək ixtisaslı kardioloqlarımız Türkiyədə uzmanlıq dərəcəsi alıb və ya Avropada rezidentura təhsillərini başa vuraraq Vətənə qayıdıb burada fəaliyyət göstərirlər. Onlar invaziv kardioloq və ya kardiocərrah kimi Azərbaycanda uğurla çalışırlar. Bu, çox sevindirici haldır. Düzdür, bəzi digər sahələrdə xaricə axın müşahidə olunur, lakin kardiologiyanın hazırkı inkişaf səviyyəsi, bir həkim kimi mənim də fikrimcə, olduqca yüksəkdir. Müxtəlif klinikalarda kardioloji spektrdə xəstələrin müayinə və müalicəsi demək olar ki, yüksək səviyyədə təmin olunur”.

Ş.Məmmədov qeyd edib ki, meyit donordan ürək transplantasiyasının həyata keçirilməsi isə Azərbaycan səhiyyəsi üçün yeni bir mərhələnin, yeni bir səhifənin açılışı deməkdir: “Belə mürəkkəb əməliyyatın icrası həm texniki, həm də tibbi baxımdan ciddi hazırlıq tələb edir. Qaraciyər transplantasiyası da daxil olmaqla, ölkəmizdə transplantologiya ilə məşğul olan kifayət qədər peşəkar həkimlər və mütəxəssislər var. Lakin məhz meyit donordan ürək transplantasiyasının ilk dəfə Qafqazda Azərbaycanda baş tutması xüsusi əhəmiyyət daşıyır. Ehtimal olunur ki, bu uğurun davamı kimi əlavə texniki vasitələr və müasir avadanlıqlar dövlət tərəfindən təmin ediləcək. Gələcəkdə isə transplantologiya üzrə ixtisaslaşmış ayrıca bir klinikanın və ya xəstəxananın yaradılması planlaşdırıla bilər. Bu, çox müsbət addım olardı. Üstəlik, yalnız ürək deyil, ümumiyyətlə, bütün orqan transplantasiyası istiqamətində geniş miqyaslı bir tibb mərkəzinin açılması da gözlənilir".
Türkanə Məşədiyeva
13:41 03.11.2025
Oxunuş sayı: 1809