İstehlakçılara çağırış: Əti yaxşı bişirin, kəbab və ya qızartma…

Son zamanlar heyvanlar arasında xəstəliklərin artması həm fermerləri, həm də ekoloqları narahat edən əsas məsələlərdən birinə çevrilib. Bu vəziyyətin yaranmasında iqlim dəyişiklikləri, qida keyfiyyətinin pisləşməsi, gigiyena qaydalarına əməl olunmaması və baytarlıq nəzarətinin zəifləməsi kimi amillər mühüm rol oynayır. Xəstəliklərin çoxu sürətlə yayılaraq təkcə heyvanların sağlamlığını deyil, həm də insanların təhlükəsizliyini təhdid edir. Bəzi infeksiyalar insanlara keçə bildiyindən ciddi epidemiyalara yol aça bilər. Məhz buna görə də heyvan sağlamlığının qorunması həm kənd təsərrüfatı, həm də ictimai sağlamlıq üçün prioritet məsələlərdən biridir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, dabaq xəstəliyi Azərbaycanda həmişə mövcud olub: “Sovet dövründə xəstəliyin olduğu zonalarda karantin tətbiq olunurdu, o zonadan gələn avtomobillərin təkərləri yuyulurdu. İnsanlar atla və ya piyada həmin zonaya keçərsə, ayaqlarının yuyulmasına nəzarət edilirdi. Hətta bu işə ordu da cəlb olunurdu ki, zonanın genişlənməsinin qarşısı alınsın. Bugün isə ölkənin hər yerində bu xəstəlik son aylarda baş alıb gedir. Biləsuvardan zəng etdilər, fərdi təsərrüfatlarda vəziyyət gərgindir. Dabaq xəstəliyinin əlamətləri heyvanın iştahsız olması, su içməməsi, ağzından su axması və halsızlaşmasıdır, nəticədə heyvan ölür. Kəndlilər isə heyvanlarda azacıq əlamət görsələr dərhal onu kəsir və satışa çıxarırlar. Bu, çox təhlükəlidir".
E.Hüseynov əlavə edib ki, dabaq xəstəliyinə tutulmuş heyvanın əti boş olur və üzərində su damlaları olur: “Bu dövrdə istehlakçılar ət alarkən və süd istifadə edərkən xüsusi diqqətli olmalıdır. Əti yaxşı bişirin, kəbab və ya qızartma kimi yeməyin, çünki içərisinə temperatur tam keçmir və xəstəlik insana keçə bilər".
E.Hüseynov həmçinin ictimai rəydən danışaraq bildirib ki, ölkəyə gətirilən vaksinlərin keyfiyyətsiz olması xəstəliyin geniş yayılmasının səbəbi kimi göstərilir: “Düzdür, bunu dövlət orqanları etiraf etmir, amma ictimai rəy belədir. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə cavab verməli, xəstəliyin yayılmasının səbəbini açıqlamalıdır".
Eyyub Hüseynovun tövsiyələri arasında ət istehlakını azaltmaq, təsadüfi yerlərdən ət almamaq, xəstəliyə tutulmuş heyvanların dövlət nəzarətində saxlanılması və fərdi təsərrüfatlarda kompensasiya verilməsi yer alır.
O, hesab edir ki, ölkənin hər yerində xəstəliyin sürətlə yayılması ciddi monitorinqlər aparılmasını tələb edir.
Mehriban Yariyeva
22:58 21.10.2025
Oxunuş sayı: 1320