Azərbaycanda heyvanlar arasında dabağın təhlükəli növünün yayıldığı üzə çıxıb

Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında geniş yayılmış dabaq xəstəliyinin növü məlum olub. Bu barədə Crossmedia.az-a heyvanları dabağa yoluxmuş vətəndaşlar yerli baytarlara istinadla məlumat veriblər.
Onların sözlərinə görə, heyvanlarda dabaq xədəstəliyinin ən təhlükəli olan SAT-2 növü aşkarlanıb. Baytar həkimlər bu xəstəliyə ölkəmizdə heç vaxt rast gəlinmədiyini deyiblər.
Bu vaxtadək aparılmış peyvəndləmənin effekt verməməsinin isə bu işin düzgün istiqamətdə həyata keçirilməməsi ilə bağlı olduğu bildirilib. Məlumata görə, heyvanlar arasında dabağa qarşı peyvəndləmə bu xəstəliyin sadə növünə qarşı həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları da bu virusu aşkarlaya bilməyib. Yalnız xəstəlik geniş yayıldıqdan sonra ciddi nəzarət altında aparılan analizlər zamanı heyvanların dabağın SAT-2 növünə yoluxduğu məlum olub.
Dabağın bu növünün çox təhlükəli olduğu və heyvanlara ciddi zərər verməklə tələf olmasına səbəb olduğu bildirilir.
Həmçinin qeyd edilir ki, hazırda ölkəmizdə SAT-2-yə qarşı dərman preparatları yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.
Qeyd edək ki, dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.
17:03 21.10.2025
Oxunuş sayı: 1267