Fərdi istilik sistemləri sağlamlığa ziyandır- Həkimdən xəbərdarlıq

Müasir şəhər təsərrüfatında enerji səmərəliliyi və ekoloji təhlükəsizlik əsas prioritetlərdəndir. "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib ki, texniki və normativ tələblərə əməl olunduqda mərkəzləşdirilmiş istilik sistemi ən səmərəli və təhlükəsiz isitmə üsuludur. Yeni qanunvericiliyə görə, artıq yeni binalarda fərdi sistemlər quraşdırılmır və mərhələli şəkildə mərkəzləşdirilmiş sistemlərə keçid təmin olunur.
Fərdi istilik sistemlərinin insan sağlamlığına təsiri barədə Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov deyib ki, payız mövsümünün başlanması ilə həm mərkəzləşdirilmiş, həm də fərdi istilik sistemləri aktivləşir: “Payızda istilik sistemləri həm mərkəzləşdirilmiş qaydada, həm də fərdi şəkildə – yəni kombi və ya sobalar vasitəsilə işə düşür. Lakin fərdi istilik sistemlərinin, xüsusilə də qazla işləyən və “iran sobası” adlandırılan sobaların istifadəsi bir sıra təhlükələr yaradır. Ən ciddi risklərdən biri isə dəm qazı zəhərlənməsidir".
Həkimin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün vətəndaşlar diqqətli olmalıdırlar:
“Dəm qazı ilə zəhərlənmə çox vaxt insanların gecə sobaları və ya kombiləri yanılı vəziyyətdə qoyaraq yatması nəticəsində baş verir. Nəticədə ağır fəsadlar, hətta ölüm hallarına səbəb olur. Payız-qış mövsümündə belə hadisələr təəssüf ki, mütəmadi olaraq baş verir".
Ş.Məmmədov bildirib ki, xüsusilə qoxulu və iyli sobalardan istifadə etmək çox təhlükəlidir və bunlardan uzaq durmaq lazımdır:
“İstilik sistemi olmasa belə, qazı yanılı vəziyyətdə saxlamaq yolverilməzdir. Son illər kombi sistemlərinin geniş yayılması ilə bu cür hallar nisbətən azalsa da, ehtiyatlı olmaq vacibdir. Sağlamlıq və təhlükəsizlik baxımından mərkəzləşdirilmiş istilik sisteminə üstünlük verilməsi daha məqsədəuyğundur".
Mehriban Yariyeva
20:24 18.10.2025
Oxunuş sayı: 1799