STAR neft emalı zavodu dizel yanacağı istehsalını artırıb

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “STAR” neft emalı zavodu 2025-ci ilin iyul ayında 556 181 ton dizel yanacağı istehsal edib ki, bu 2024-cü ilin iyul ayındakı 376 332 tonla müqayisədə 47,8 faiz çoxdur.
Crossmedia.az bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin məlumatlarına istinadən xəbər verir.
2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edib ki, bu 2024-cü ildəki göstərici (686 462 ton) ilə müqayisədə 39,3 faiz çoxdur.
İstehsal həcminə, həmçinin 165 654 ton aviasiya yanacağı, 26 617 ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 ton neft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neft məhsulları daxildir.
2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunur.
2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı, nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim” neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam şəkildə təmin edir.
17:20 06.10.2025
Oxunuş sayı: 1124