İraq Hörmüz boğazından neft çıxarmaq üçün tanker axtarır
İraq Hörmüz boğazından neft ixracına nəzarəti gücləndirmək üçün tanker axtarır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə İraqın dövlətə məxsus “Iraqi Oil Tankers Co.” şirkətinə istinadən məlumat yayıb.
Şirkət ən azı bir VLCC sinifli supertanker və bir “Suezmax” tipli tanker icarəyə götürməyi planlaşdırır. Bundan əlavə, şirkət əlavə tankerlərin cəlb edilməsi üçün tenderi yenidən elan etməyə hazırlaşır. Əvvəlki tender uyğun təkliflərin olmaması səbəbindən ləğv edilib.
Bağdad bu addımla təhlükəli bölgəyə tanker göndərməyə yalnız böyük endirimlər müqabilində razı olan alıcılardan asılılığı azaltmağa çalışır.
İcarəyə götürüləcək tankerlərin İraq neftini Hörmüz boğazından çıxarması və daha sonra boğazdan kənarda digər tankerlərə yükləməsi nəzərdə tutulur.
Bununla belə, tanker donanmasının genişləndirilməsi İraq üçün baha başa gəlir. Məlumata görə, İraq şirkətlərinin yaxın vaxtlarda aldığı supertankerlərdən birinin qiyməti təxminən 200 milyon dollar olub.
18:20 06.10.2026
Oxunuş sayı: 48