Sosial media uşaqlar üçün risk deyil, düzgün istifadə alətidir – Psixoloq

Müasir dövrdə uşaqlar və yeniyetmələr arasında ən çox müzakirə edilən mövzulardan biri də sosial medianın təsiridir. Valideynlərin əksəriyyəti övladlarının internetdə çox vaxt keçirməsindən narahat olur, bəziləri isə bunu sadəcə “asılılıq” və ya “tənbəllik” kimi qiymətləndirir.
Uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova Crossmedia.az-a açıqlamasında sosial medianın uşaqlara təsirləri barədə danışaraq, valideynlərin buraxdığı əsas səhvlərə diqqət çəkib:
“Valideynlər çox zaman övladının sosial mediada uzun müddət qalmasını dərhal mənfi nəticə kimi qəbul edirlər. Amma burada əsas məsələ müddət deyil, məzmundur. Əgər uşaq faydalı kontent izləyir, öyrənməyə yönəlirsə, bu, onun yaradıcılıq və ünsiyyət bacarıqlarını da inkişaf etdirə bilər. Problem isə yalnız məzmunsuz, nəzarətsiz və məqsədsiz istifadədə yaranır”.
Psixoloq bildirib ki, sosial media istifadəsi uşaqlarda bəzi risklər də yaradır: diqqətin tez yayınması, real ünsiyyətdən uzaqlaşma, özünü başqa uşaqlarla müqayisə etmə, bəyənilmə ehtiyacı və özünəinamın zəifləməsi. Onun sözlərinə görə, uşaqlar bu təzyiqi idarə edə bilməyəndə özlərini dəyərsiz hiss edə bilirlər.
“Əgər valideyn uşağın sosial mediada aktivliyini yalnız ‘tənbəllik’ və ya ‘zərərli vərdiş’ kimi görürsə, bu, uşağın özünü dəyərləndirməsinə zərər vurur. Halbuki düzgün yanaşma ilə sosial media həm öyrədici, həm də motivasiyaedici vasitəyə çevrilə bilər. Sadəcə uşaqla birlikdə sərhədlər müəyyən edilməli, ekran vaxtı balanslı şəkildə tənzimlənməlidir”.
Aysu Həsənova əlavə edib ki, uşaqları daim məhdudlaşdırmaq əks effekt yarada bilər:
“Uşaqlar öz maraqlarını ifadə edə biləcəkləri azad məkan axtarırlar. Əgər valideyn daim qadağa qoyarsa, uşaq gizli istifadə yolları tapır və daha çox asılılıq yarana bilir. Ən doğru yanaşma – birlikdə qayda yaratmaq və uşağın da fikirlərini nəzərə almaqdır”.
Psixoloqa görə, sosial media uşaqlar üçün təkcə risk mənbəyi deyil, həm də potensial fürsətdir:
“Doğru istiqamətləndirmə ilə uşaqlar həm öz bacarıqlarını nümayiş etdirə, həm də yeni biliklər qazana bilirlər. Onlara lazım olan tək şey – düzgün məzmun seçimi və ailə dəstəyidir”.
18:15 04.10.2025
Oxunuş sayı: 2644