Payızda virusların yayılması riski artır

Payız və yaz mövsümləri fəsillərin dəyişmə dövrü olduğuna görə xəstəliklərin kəskinləşməsi daha çox müşahidə olunur. Bu aylarda mədə-bağırsaq problemləri, sinir xəstəlikləri, bronxial astma və digər xəstəliklərin aktivləşməsi adi haldır. Bununla yanaşı, məlumdur ki, məhz bu dövrdə virus infeksiyalarının da çeşidi artır. Qrip və influenza ilə yanaşı, adenoviruslar, rinoviruslar, hətta koronavirus da indiyədək davam edir. Bunlar yuxarı tənəffüs yollarında iltihabi prosesi törədir.
Bu sözləri Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla payız mövsümündə virusların yayılma riskindən danışarkən deyib.
Onun sözlərinə görə, insanların geyim seçiminə diqqətsiz yanaşması, havanın dəyişkənliyi və temperaturun enib-qalxması xəstəliklərin yayılmasını daha da sürətləndirir:
“Soyuqlama hallarının artmasının əsas səbəblərindən biri gün ərzində havanın dəyişməsi, gecələr soyuğa məruz qalma və hava axınlarının təsiridir. Belə halda xəstəliklərə yoluxma riski yüksəlir. Xəstələnmiş insan artıq özü yoluxma mənbəyinə çevrilir və kollektiv mühitdə digərlərinə xəstəliyi ötürür”.
Adil Qeybulla qeyd edib ki, xəstə insanlar sağalana qədər ictimai yerlərdə olmamalı, başqaları ilə təmasdan çəkinməli, məcbur qaldıqda isə maskadan istifadə etməlidirlər:
“Çünki ictimai nəqliyyatda, küçədə və mağazada belə şəxslər virus yayırlar. Sağlam insanlar da diqqətli olmalı, xüsusilə qapalı məkanlarda maska taxmaq faydalıdır. İmmuniteti zəif olan şəxslər – yaşlılar, xroniki xəstəlikləri olanlar daha ehtiyatlı davranmalıdırlar”.
Professor bildirib ki, xəstəliklərdən qorunmağın əsas yolu immuniteti güclü saxlamaqdır:
“Payız mövsümündə fiziki aktivliyi artırmaq, vitaminlə zəngin qidalar qəbul etmək, açıq havada daha çox vaxt keçirmək tövsiyə olunur. Bundan başqa, qrip virusuna qarşı vaksinasiya faydalıdır. Uşaqların da peyvəndləri Milli Peyvənd Təqviminə uyğun şəkildə vaxtında edilməlidir. Məsuliyyətli yanaşmaqla payız mövsümündə xəstəliklərdən qorunmaq və riskləri minimuma endirmək mümkündür”.
Nihat Tahirov
15:47 25.09.2025
Oxunuş sayı: 970